Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:53

Fransa müdafiə naziri Ermənistana silah satışından danışıb


Fransanın silahlı qüvvələr naziri Sebastyen Lekornyu
Fransanın silahlı qüvvələr naziri Sebastyen Lekornyu

Fransa Ermənistana müstəsna olaraq müdafiə silahları satacaq.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Fransanın silahlı qüvvələr naziri Sebastyen Lekornyu bugünlərdə Senat komitəsində 2024-cü ilin büdcəsi müzakirə olunarkən deyib:

"Dövlət başçısı (Emmanuel Makron-red) dəqiq ifadə edib ki, bizim gündəliyimizdə müdafiə silahlarının satılması var. Çünki bizim Yerevanla müzakirələrimiz məhz bu barədə olub”.

Nazir senatorlara deyib ki, o bu məsələnin detallarını Ermənistanın müdafiə naziri Suren Papikyanla müzakirə edəcək.

Bununla belə nazir söhbətin konkret olaraq hansı silahlardan getdiyini açıqlamayıb.

Azatutyun yazır ki, rəsmi Paris bu məsələni bu həftə Yerevanla müzakirə etməlidir.

Fransanın Ermənistanda “daimi müdafiə missiyası” var

Lekornyu bildirib ki, Ermənistana “ölkə insanlarının həyatını və ərazisinin təhlükəsizliyini müdafiə edəcək silahlar” veriləcək.

Nazir bunu da qeyd edib ki, Ermənistanda artıq Fransanın daimi müdafiə missiyası var.

Lekornyunun sözlərinə görə missiyaya hərbi attaşe, təcrübəli polkovnik başçılıq edir.

Oktyabrın 3-də Fransanın xarici işlər naziri Katrin Kolonna Yerevanda keçirdiyi mətbuat konfransında demişdi ki, Fransa Ermənistanla ona hərbi texnikanın verilməsi məsələsini müzakirə etməyə hazırdır.

Kolonna da bildirmişdi ki, detalları açıqlaya bilmir, amma bir sıra məsələlər artıq Paris və Yerevan arasında razılaşdırılıb.

Bakının mövqeyi

Rəsmi Bakı Parisi dəfələrlə Azərbaycan-Ermənistan qarşıdurmasında qərəzli mövqe tutmaqda ittiham edib.

Bu ayın əvvəllərində Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın Radiofrance radiosuna müsahibəsində Fransanın Ermənistana silah satmaq niyyətləri ilə bağlı suala cavab verərkən demişdi:

“Hazırda Fransaya bir vasitəçi kimi etibar faktiki olaraq yoxdur. Bu qərar isə bizi çox təhlükəli situasiya qarşısında qoya bilər. Biz bunu Fransanın Ermənistanı ölkəmizə yenidən hücum üçün silaha sarılmağa təhrik etməsi kimi yoza bilərik”.

Elmar Məmmədyarov: 'Azərbaycan və Ermənistan birbaşa danışıq aparmalıdır'
Gözlə

No media source currently available

0:00 0:25:15 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə (Şuşa şəhəri daxil) nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Qarabağda qalan əraziyə (Xankəndi daxil) separatçı qurum nəzarət edib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG