Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:37

AzadlıqRadiosunun jurnalistindən Hikmət Hacıyevə açıq məktub


Fərid Mehralızadə
Fərid Mehralızadə

AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə bir sıra iqtisadi cinayətlərdə ittiham olunsa da, həbsini peşəkar fəaliyyəti ilə əlaqələndirir. F.Mehralızadə prezidentin köməkçisi Hikmət Hacıyevin bugünlərdə özü və oxşar ittihamlarla həbsdə olan digər jurnalistlərlə bağlı dediklərinə cavab verir:

"Azərbaycan Respublikası prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə AzadlıqRadiosunun Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalisti, iqtisadçı Fərid Mehralızadə tərəfindən açıq məktub:

Cənab Hikmət Hacıyev, Sizin Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı zamanı media nümayəndələrinə verdiyiniz açıqlamanı böyük təəssüf və təəccüb hissi ilə oxudum. Media nümayəndəsinin mənim də adımı çəkərək ünvanladığı suala (Sual jurnalistlər, o cümlədən AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin qanunsuz həbsi ilə bağlı idi – red.) cavabınızda qeyd etdiniz ki, "Burada qeyd olunan şəxslərin jurnalist olması ilə əlaqədar olaraq hər hansı təqib halları baş verməmişdir. Onların qeyri-jurnalist fəaliyyəti ilə əlaqədar prosesdən söhbət gedir", "Sizin dediyiniz şəxslərlə əlaqədar mən konkret rəqəmləri də deyə bilərəm. Burada böyük məbləğdə qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir".

Təqsirsizlik prezumpsiyasının pozulması

Nəzərinizə çatdırmaq istəyirəm ki, məhkəmə istintaqı nəinki bitmədən, heç başlamadan ictimaiyyət qarşısında mənim cinayət törətdiyimə işarə edən "qanunsuz maliyyə dövriyyəsi", "maliyyə fırıldaqçılığında iştirak" kimi ifadələr təqsirsizlik prezumpsiyasının kobud şəkildə pozulmasıdır. Belə tələsik açıqlamanın və media nümayəndəsinə qarşı aqressiv reaksiyanın diplomatik karyeraya sahib dövlət rəsmisi tərəfindən edilməsi xüsusilə heyrət və məyusluq doğurur. Hesab edirəm ki, sizin bu açıqlamanızı Azərbaycanda siyasi motivli həbslərin olması və məhkəmə hakimiyyətinin müstəqil olmaması ilə bağlı fikirlərin təsdiqi kimi qiymətləndirmək olar. Öz həbsimi siyasi motivli və qanunsuz hesab etməklə bağlı iddianı əsaslandırmaq üçün saxlanılmağım və həbsimlə bağlı Sizə qısa məlumat vermək istəyirəm.

Mən 30 may 2024-cü il tarixində saxlanılmışam. Həmin gün saat 08:30 radələrində küçədə gedərkən 10 nəfərdən artıq qara maskalı və idmançı görkəmli şəxs mənə hücum etdi. Bəli, təəssüf ki, bunu saxlanma yox, məhz hücum və adam oğurluğu adlandırmaq olar. Həmin şəxslər mənim heç bir müqavimət göstərmədiyim halda, mənə zor tətbiq edərək başıma qara torba keçirərək və əlimi qandallayaraq avtomobilə əyləşdirdilər. Elə avtomobilin içindəcə mənə fiziki güc tətbiq edərək telefonumun şifrəsini tələb etdilər. Daha sonra həmin şəxslər məni naməlum ünvana apararaq orada da heç bir səbəb göstərmədən həm fiziki, həm psixoloji zorakılıq törətdilər və yalnız bundan sonra onlar məni Bakı şəhər Baş Polis İdarəsinə təhvil verdilər. Saxlanılma anımdan dindirilmənin başladığı anadək iki saat ərzində mən başına torba keçirilmiş və əlləri çox sıx şəkildə qandallanmış halda saxlanılmışam.

""Abzas Media" ilə heç epizodik əməkdaşlığım olmayıb"

Həbsxanada saxlanıldığım altı ay ərzində davam edən ibtidai istintaq nəticəsində ittiham tərəfi mənim hansısa mütəşəkkil cinayətkar dəstənin tərkibində "qaçaqmalçılıq" törətməyimlə bağlı heç bir sübut göstərə bilmədi və göstərməsi mümkün də deyil. Ancaq qəribədir ki, ortada sübut olmadan ibtidai istintaq orqanı yekun ittihamlarda bu qənaətə gəlib ki, mən "Abzas Media"nın iqtisadi və sosial məsələlər üzrə məsul şəxsi olmuşam və "Abzas Media"nın ofisində fəaliyyət göstərmişəm.

Dediklərimdən əsla belə anlaşılmasın ki, mən "Abzas Media"nın hansısa cinayətlər törətdiyini, ancaq mənim bu cinayətlərdə iştirak etmədiyimi bildirirəm. Mən hesab edirəm ki, "Abzas Media"ya qarşı açılan cinayət işinin də əsas səbəbi bu media qurumunun müstəqil və araşdırmaçı jurnalistika fəaliyyəti ilə bağlıdır və "Abzas Media"nın ərsəyə gətirdiyi araşdırmalar Azərbaycan jurnalistikasının ən peşəkar nümunələri arasındadır. Ancaq məsələ ondan ibarətdir ki, mənim "Abzas Media" ilə nəinki daimi, heç epizodik əməkdaşlığım olmayıb. Belə bir əməkdaşlığın və bunu təsdiq edən hər hansı bir sübutun olmamasına baxmayaraq, mənə hansısa xəyali mütəşəkkil dəstə tərkibində qaçaqmalçılıq törətməyimlə bağlı cinayət işinin açılması onu göstərir ki, bu cinayət işi mənim Azərbaycan iqtisadiyyatı ilə bağlı səsləndirdiyim tənqidi fikirlərlə bağlıdır və siyasi motivlidir. Bu baxımdan, ictimaiyyət qarşısında bəyan edirəm ki, mənə qarşı qaldırılan cinayət işi əsassız və qanunsuzdur.

Onu da diqqətinizə çatdırım ki, mənə qarşı fiziki zorakılıq törədən şəxslər "sənin dilin çox uzanıb", "biz sənə həyatı başa salacağıq" tipli sözlər deyirdilər. Əgər mənim həbsim, doğrudan da, hansısa maliyyə maxinasiyalarında iştirakımla bağlıdırsa, o zaman mənim "dilimin uzanması"nın, yəni, səsləndirdiyim və yazdığım fikirlərin bura nə aidiyyəti var? Həbsimlə mənə nə başa salınmağa çalışılır?

"Azərbaycanda müstəqil fikirli adamlar da var"

Cənab Hacıyev, artıq uzun müddətdir ki, dayanıqlı inkişaf sadəcə iqtisadi göstəricilərdən asılı deyil. Müasir dünyada qanunun aliliyi, məhkəmə-hüquq sisteminin müstəqilliyi, mətbuat azadlığı, vətəndaş cəmiyyətinin və siyasi təşkilatların iştirakçılığının təmin edilməsi vacib inkişaf indikatorları hesab olunur. Təəssüflər olsun ki, bugünün Azərbaycanında həmin sadə anlayışlar həm müzakirə, həm də mübarizə predmetinə çevrilib. Hökumətin nəzarətində olan media orqanları bizə "antimilli qüvvələr", "düşmən dəyirmanına su tökənlər" kimi absurd və gülməli yarlıqlar yapışdırsa da, mən Azərbaycanı çox sevirəm və hesab edirəm ki, Azərbaycan xalqı daha ədalətli və rifah dolu cəmiyyətdə yaşamağa layiqdir. 21-ci əsrdə hələ də insanların öz ictimai mövqelərinə görə məhrumiyyətlərlə üzləşməsi ölkə olaraq bizə başucalığı gətirmir. Azərbaycan hökuməti nəhayət anlamalıdır ki, ölkənin ictimai mühiti sadəcə sizin də çalışdığınız dövlət qurumu tərəfindən hazırlanan tezislər əsasında fəaliyyət göstərən media, vətəndaş cəmiyyəti və siyasi təşkilatlardan ibarət deyil. Azərbaycanda müstəqil fikirli adamlar da var. Hökumət bu təsisatların effektiv işləməsi üçün qanunvericiliyi və praktiki yanaşmalarını dəyişməlidir. Amma biz bu dəyişiklik əvəzinə Sizin yuxarıda qeyd etdiyim açıqlamanız timsalında öz tənqidçilərinizi marginallaşdırmağa, onları hədəf halına gətirməyə və cəmiyyətimizi qütbləşdirməyə yönəlik addımlara şahid oluruq. Anlamaq lazımdır ki, ölkədəki hansısa narazılıqların həllinə bu problemləri dilə gətirən şəxsləri susduraraq nail olmaq olmaz. Əksinə, bu problemlər daha uca səslə dilə gətirilməlidir və hökumət də bu müzakirələrin iştirakçısı olmalıdır.

İctimai mövqeyindən və ya hər hansı mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdir. Sizin məhkəmə istintaqı başlamadan siyasi məhbusları cinayət törətməkdə günahlandırmağınız siyasi diskriminasiya olmaqla bərabər, həm də tez-tez istinad etdiyiniz dövlətçilik prinsipləri ilə də ziddiyyət təşkil edir.

Hesab edirəm ki, demokratiya və insan haqları ilə bağlı yuxarıda vurğuladığım problemlərin həlli hazırkı mürəkkəb qlobal şərtlər altında hər zamankından daha vacibdir.

Sonda bir daha ictimaiyyət qarşısında mənim cinayət törətməyimlə bağlı açıqlamanıza görə Sizə dərin təəssüfümü bildirir və Sizi gələcəkdə daha məsuliyyətli açıqlamalar verməyə çağırıram".

Xatırlatma

AzadlıqRadiosunun prezidenti Stiven Kapus da F.Mehralızadəni azadlığa buraxmağa çağırıb. "Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq. Onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq", –S.Kapus jurnalistin həbsinin beş ayı tamam olanda – oktyabrın 30-da bildirib.

Son bir ildə Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

XS
SM
MD
LG