Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:47

Əlil olan fəhləyə sahib çıxan yoxdu


illüstrasiya
illüstrasiya

►“İşə düzələndə sevindim. 11 il işsiz qalmaq sizə elə-belə görünməsin...

Düşündüm ki, alacağım cüzi məvacib heç olmasa, siqaretimə, azuqəmə çatacaq. İş təklifini eşidən kimi razılaşmışdım. Çünki ehtiyacım var idi. Mənimçün göydəndüşmə olmuşdu. 1 il işlədim, xəsarət alıb 1-ci qrup əlilə çevrildim. Məni ayda 200 manata işlədən şirkət heç dərmanpulumu da ödəmədi”.

3 il əvvəl tikinti sahəsində dam örtüyü düzəldərkən hündürlükdən yıxıldığını deyən Məmmədrəhim Hüseynov ağır kəllə-beyin zədəsi ilə ömürlük şikəst qalıb. İddia edir ki, fəhləlik etdiyi müddətdə işi quru tərifə layiq qiymətləndirilsə də, yıxılıb əlil olandan sonra şirkət ona sahib çıxmaq istəməyib. İndiyə qədər şirkətin ona göstərdiyi yardım iki dəfə dərman alıb evinə yollamaqdan ibarət olub:

“Şirkət məndən üz çevirdi”

““Elit” tikinti şirkətində işləyirdim. 3 il əvvəl işdə xəsarət aldım. Şüvəlanda bir villanın dam örtüyünü təmir edəndə yıxıldım. O yıxılmaqla da həyat kitabım bağlandı. Həmin vaxta qədər işimi tərifləyən şirkət məndən üz çevirdi. Nə qapımı döydülər, nə də yardım etdilər”.

Buna da bax: Thomas de Waal: "Kiçik miqyaslı müharibənin bir addımındayıq"

Deyir, başına bu hadisə gələndən sonra ailəsi də onu tərk edib. Həyat yoldaşı 1 ildir başqasıyla ailə qurub. O isə yataqdan tərpənə bilmir. Qulluq edəni də yoxdur. Qonşuların yadına düşəndə qapısından keçib ona elə yataqdaca sudan, çörəkdən verib gedirlər:

“Eşitmə qabiliyyətim itir, getdikcə gözlərim də tutulur. Vaxtlı-vaxtında müalicə ala bilmirəm deyə, ölümün yaxınlaşdığını anbaan hiss edirəm”.

Şirkətdən “Qaynar xətt”ə bildiriblər ki, onların Məmmədrəhim Hüseynov adlı şəxslə işçi müqavilələləri olmayıb. Ümumiyyətlə, belə bir şəxsi tanımırlar və şirkətin iş apardığı ərazilərdə də görməyiblər.

Məhkəmə perspektivinə ümid azdır

Hüquqşünas Fuad Hüseynov deyir, işçi müqaviləsi olmadığı halda şirkətdən belə bir cavabın verilməsi gözlənilən idi:

“Bu adam məsələni məhkəmə müstəvisində həll edə bilərdi. Ancaq buna görə gərək şirkətlə onun arasında müqavilə olmalıydı. Hazırkı durumda isə məhkəmə perspektivinə az ümid var. Mövcud situasiyada hər şey şirkət rəhbərliyinin vicdanına bağlıdır. Əgər əmək müqaviləsi yoxdursa, o həmin tikintidə işlədiyini sübut edə bilməyəcək. Bunun üçün çox tutarlı sübutlar lazımdır. Məmmədrəhim Hüseynov kimi müqaviləsiz, sənədsiz işləyib sonradan şirkətdən narazı qalıb məhkəməyə üz tutanlar həmişə uduzublar".

Hüquqşünas deyir, Məmmədrəhim Hüseynov üçün məhkəmə bir halda yaşıl işıq yandıra bilər ki, o, şirkətdə işlədiyini sübut edə biləcək hansısa videoyazı, fotolar təqdim edə bilsin. Yaxud da bu işdə ona keçmiş fəhlə yoldaşları kömək edə bilərlər. Məhkəməyə gəlib onun həqiqətən də şirkətdə fəhləlik etdiyini təsdiqləməklə…

XS
SM
MD
LG