Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:01

Ekspertlər: FED-in qərarı manata təsir etməyəcək


Qubad İbadoğlu
Qubad İbadoğlu

«ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) gözlənilən faiz qərarı manata təsir etməyəcək».

İqtisadçı Qubad İbadoğlu FED-in bu gün, dekabrın 13-də elan etməsi gözlənilən faiz qərarını şərh edərkən belə deyib.

İqtisadçı hesab edir ki, FED-in Direktorlar Şurasının sədri Canet Yellen saat 23:30-da uçot dərəcəsinin 1/4 faiz artırıldığını açıqlaya bilər. Onun fikrincə, hazırda investorları maraqlandıran əsas məsələlərdən biri FED-in və digər mərkəzi bankların ABŞ vergi sistemində mümkün dəyişikliklərə reaksiyasıdır:

«Bir qrup respublikaçı 7 şkalalı fərdi gəlir vergisinin 3 şkalaya endirilməsi və onun sonuncu şkalasının 39.6 faizdən 37 faizədək aşağı salınması üzrə islahatlar planını dəstəkləyir. Bununla yanaşı, həmin plana görə, şirkətlər üçün korporativ vergi dərəcəsi 35-dən 21 faizə qədər endiriləcək. Hesablamalara görə, bu dəyişiklik büdcəyə əlavə 100 milyard dollar qazandıracaq».

İqtisadçı əlavə edir ki, Asiya maliyyə və valyuta bazarları artıq FED-in gözlənilən bəyanatına reaksiya verməyə başlayıb. ABŞ dolları yapon iyenasına nisbətdə dəyər qazansa da, Avstraliya dolları ilə müqayisədə ucuzlaşıb.

«Bu qərarın Azərbaycan manatının məzənnəsinə mümkün təsirləri daha çox dolayı və psixoloji kontekstdə müzakirə oluna bilər. Dünya bazarında neftin qiymətinin cüzi bahalaşmasının son səbəbi isə Britaniyanın 40-cı kəmərinin təmirə bağlanması ilə əlaqədardır», - Q.İbadoğlu bildirib.

Natiq Cəfərli
Natiq Cəfərli

«Manata, hələ ki, ciddi təhlükə yoxdur»

Başqa bir iqtisadçı Natiq Cəfərli də hesab edir ki, FED-in uçot dərəcəsini artırması heç kimdə şübhə doğurmur.

«İndi əsas məsələ 2018-ci il üçün Yol Xəritəsinin açıqlanmasıdır. Ola bilər ki, FED gələn il üç deyil, dörd faiz artımı olacağını elan etsin - bu zaman dollar indeksinin daha sürətlə bahalaşmasını görə bilərik», - deyən N.Cəfərli hesab edir ki, qərarın Azərbaycana birbaşa təsiri yoxdur:

«Çünki ölkədə iqtisadi institutlar yoxdur, qərarlar günlük verilir, iqtisadiyyat əmrlə idarə olunur. Amma istər-istəməz dünyada gedən proseslər mütləq ölkəmizə də təsir edir-edəcək. Məsələn, dekabr ayı Mərkəzi Bankın ən çox dollar satacağı aylardan biri olacaq».

İqtisadçı vurğulayıb ki, manata, hələ ki, ciddi təhlükə yoxdur.

«Çünki neftin qiymətləri yüksəkdir. Amma FED-in qərarları, qonşu ölkələrdə baş verən yüngül devalvasiyalar mütləq gec-tez manata da təsir göstərəcək. Manatın məzənnəsi tam inzibati yolla tənzimlənir, ona görə hər şey hökumətin qərarlarından və neft qiymətlərindən asılı olacaq», - N.Cəfərli əlavə edib.

FED bu il iyulun 26-da maliyyə bazarında mövcud durumu nəzərə alaraq, uçot dərəcəsini dəyişməmişdi. Qurum sonunсu uçot dəyişikliyini iyunun 14-də etmişdi. O vaxt FED uçot dərəcəsini 0.75-1 faizdən 1-1.25 faizə qaldırmışdı.

XS
SM
MD
LG