Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

Fazil Mustafa məhkəməyə gətirilmədiyindən vəkillər hakimlər heyətinin dəyişdirilməsini istəyirlər


Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

Milli Məclisin üzvü Fazil Mustafaya sui-qəsdlə bağlı yarım ilə yaxın sürən məhkəmə araşdırmaları sona çatmaqdadır. Artıq dindirmələr bitib, məhkəmənin gedişində cinayət işindəki sənədlərin tədqiqi gedir.

Ötən dövrdə müttəhimlərlə, onların müdafiəçiləri F.Mustafanın məhkəməyə gətirilməsi üçün dəfələrlə vəsatət qaldırıb, onun sualları cavablamasını istəsələr də, hakimlər deputatın məcburi gətirilməsi haqda vəsatətləri təmin etməyib. Bu səbəbdən, mayın 31-də vəkillər deputata qarşı sui-qəsd işinə baxan hakimlərə yazılı etirazlarını veriblər.

F.Mustafaya qarşı sui-qəsddə ittiham olunan 5 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu işin məhkəmə araşdırması hakim Elnur Nuriyevin sədrliyi ilə, Kamran MuxtarovAzər Tağıyevdən ibarət tərkibə həvalə edilib.

“Zərərçəkmişin məhkəmədə iştirakı, özü könüllü gəlmədiyindən, onun məcburi gətirilməsi barədə qərarın çıxarılmasından ötrü dəfələrlə vəsatətlər qaldırmışıq. Hamısını da rədd eləmisiniz. Məhkəmə istintaqı yekunlaşır, amma zərərçəkmiş gəlməyib. Müdafiə tərəfinin vəsatətlərinə göstərdiyi münasibət məhkəmənin qərəzli olduğunu ortaya qoydu”, - F.Mustafaya atəş açmaqda ittiham olunan Səbuhi Şirinovun vəkili Elçin Sadıqovun sözləridir.

Digər vəkillər də eyni mövqedən çıxış ediblər. Onların fikrincə, zərərçəkmiş deputatı məhkəməyə gətirməməklə hakimlər öncədən hansı mövqedə olduqlarını göstərdilər. Bu səbəbdən, işin alınıb, başqa hakimlər heyətinə verilməsini istəyirlər.

Təqsirləndirilən şəxslər də vəkillərin etirazını müdafiə ediblər:

“Zərərçəkmiş məhkəməyə gəlməlidir, ya yox? Gəlməlidirsə, niyə gəlmir? Siz onu niyə gətirmirsiniz?”

Etiraz məhkəmə tərkibində olan hakimlərin hamısına verildiyindən, bu məsələyə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov özü baxıb, qərar verməlidir. Bu qərarsa iyunun 7-nə təyin edilmiş növbəti məhkəmə iclasında açıqlanacaq.

Xatırlatma

Fazil Mustafa ötən il martın 28-də, axşam saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində, yaşadığı evin qarşısında gülləyə tutulub. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Bu hadisəyə görə 5 nəfər - Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov, Emin Əliyarov və Rəşad Əhmədov cinayət məsuliyyətinə cəlb olunub..

Cinayət işində iddia edilir ki, F.Mustafaya sui-qəsd planı İranın Rey şəhərində müşakirə olunub. Orada həmin planın icrası barədə tapşırıq verilib və Bakıya bundan ötrü 30 min dollar pul göndərilib.

Təqsirləndirilən şəxslərə dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd də daxil, bir sıra ağır ittihamlar verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Onlar özlərini qismən təqsirli bilir, deputata atəş açdıqlarını təsdiqləsələr də, bu olayın İrandan gələn sifariş olmadığını deyirlər. Təqsirləndirilən şəxslər deputatı öldürmək niyyətlərinin olmadığını, onu dini mövzuda səsləndirdiyi fikirlərə görə cəzalandırmaq qərarına gəldiklərini vurğulayıblar. Onlar iddia edirlər ki, elə bu üzdən, deputatın həyati önəmli orqanlarına yox, çiyin və ayaq hissələrinə atəş açılıb.

XS
SM
MD
LG