Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:04

Məhkəmə vəkilin axşam saatlarında saxlanılıb DTX-ya aparılmasını qanunsuz saymadı


Fariz Namazlı
Fariz Namazlı

Vəkil Fariz Namazlı axşam vaxtı kafedə dostları ilə əyləşdiyi yerdə qəfildən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparılması, orada saat 12-ədək dindirilməsinə görə şikayətçi olsa da, Səbail rayon Məhkəməsi baş verənləri qanunsuz saymayıb. Hakim Azər Tağıyev DTX əməkdaşlarının hərəkətlərinin qanunsuz sayılması haqda vəkilinin şikayətini təmin etməyib. Noyabrın 26-da bu haqda qərar çıxarılıb.

Daha öncə DTX-ya qarşı şikayətə heç baxmaq istəməyən A.Tağıyev vəkil F.Namazlının şikayətinin icraata götürülməməsi haqda qərardad çıxarmış, vəkil də həmin qərardaddan apellyasiya şikayəti vermişdi. Apellyasiya məhkəməsi DTX-ya qarşı şikayətin araşdırılması üçün işi geri qaytarmışdı.

F.Namazlı DTX-dan şikayətində haqlı olduğunu düşünür və Səbail rayon Məhkəməsinin qərarı ilə razılaşmır. O, AzadlıqRadiosuna qərardan apellyasiya şikayəti verəcəyini bildirib və vurğulayıb ki, vəkilin xüsusi zərurət olmadan axşam saat 9-da kafedən götürülüb aparılması, telefonunun əlindən alınması, gecəyarıyadək dindirilməsi qanunsuzdur.

F.Namazlı məhkəməyə şikayətində Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 8-ci (şəxsi həyata hörmət hüququ), 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusunun tanınmasını istəyib.

Xatırlatma

Avqustun 31-də axşam saatlarında vəkil F.Namazlının Bakıdakı kafelərdən birində DTX əməkdaşları tərəfindən saxlanması barədə məlumat yayılıb. Təxminən 4 saat sonra dostları onun sərbəst buraxıldığını bildirib.

Sentyabrın 1-də vəkil özü sosial media hesabından açıqlama yayaraq DTX-da istintaq olunan bir cinayət işi üzrə şahid qismində dindirildiyini təsdiqləyib. O, dindirildiyi cinayət işi ilə bağlı hər hansı bilgi verə bilməyəcəyini də söyləyib.

F.Namazlının saxlanılaraq aparılması və dindirilməsi ilə bağlı deyilənlərə DTX-dan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG