Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:04

Satıcılar ətin bahalaşdığını, müştərilərin azaldığını deyirlər


Bakının Qurban bayramı öncəsi ovqatı
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Bakının Qurban bayramı öncəsi ovqatı (Arxiv/2020)

Artıq Qurban bayramına cəmi bir gün qalıb. Bu il Qurban bayramı Azərbaycanda rəsmi şəkildə iyunun 28-i və 29-da qeyd ediləcək. (miladi təqviminə görə hər il Qurban bayramının tarixi 10 gün dəyişir)

30 faizə qədər bahalaşma var

Bakıda satıcılar AzadlıqRadiosuna deyib ki, qoyun-quzunun qiyməti çəkiyə görə dəyişir və diri çəkidə onların bir kilosu 7.5-8.5, doğranmış şəkildə isə 16-19 manat arasında dəyişir. Ötən il isə, onların deməsinə görə, diri çəkidə quzunun 1 kiloqramının ortalama qiyməti 6.5, bir kiloqram ətin isə 14-15 manat olub.

Satıcıların vurğulamasına görə, qiymət artımı alıcı qıtlığı ilə də müşahidə edilir. "Keçən il bayramqabağı günlərdə mənim artıq 50 müştərim var idi. Heyvanı onlar üçün saxlamağı sifariş etmişdim. Bu il həmin müştərilərin sayı 15-ə düşdü", -Bakıda özünü Nazim Əhmədov kimi təqdim edən satıcı deyir.

Nazirlik qiymətlərə qarışmır

Kənd Təsərrüfatı Nazirliyindən isə "Turan"a bildirilib ki, bu il bazara satış üçün heyvan çıxarmayacaqlar. Qiymətlərə gəlincə, nazirlikdən vurğulanıb ki, onlar qiymət tənzimlənməsində iştirak etmir: "Dövlət qiyməti heç bir formada tənzimləmirsə, bazarda qiymətlər tələb-təklif qanununa görə müəyyənləşir".

"Yalnız Tacikistandan irəlidəyik"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna deyib ki, Azərbaycanda ət istehsalı ilə bağlı vəziyyət kritik həddədir: "Biz postsovet ölkələri arasında ət istehsalı ilə bağlı yalnız Tacikistandan irəlidəyik, qalan ölkələrdən isə xeyli geridə qalırıq. Bizdə əhalinin tələbatından yarıdan da az ət istehsal olunur. Bir nəfər üçün illik norma 78 kilodursa, Azərbaycanda adambaşı 34 kilo istehsal olunur".

Ekspertin sözlərinə görə, ötən il Azərbaycana 175 min baş xırdabuynuzlu heyvan idxal edilib: "Çünki ölkədə örüş sahələrinin 300 min hektarı əkinə verilib, yem istehsalı kifayət qədər deyil. Bu səbəbdən də fermerlər məcbur olub heyvanlarını kəsimə verib və heyvanların baş sayı azalıb".

"Əvvəlki qədər ət alan yoxdur"

V.Məhərrəmovun fikrincə, bayramqabağı ət kəsimi həyata keçirən, ət satışı ilə məşğul olan sahibkarların sayı aşırı dərəcədə çoxdur: "Onlar da çox olduqca gəlirləri az olur. Əhalinin alıcılıq qabiliyyəti aşağıdır, əvvəlki qədər ət alan yoxdur. Ona görə də sahibkarlar çalışır ki, bayramqabağı qiyməti artırsınlar və onun hesabına qazanc əldə etsinlər".

Müstəqillik qazanandan (1991) sonra Azərbaycanda da, dünyanın bir çox ölkələri kimi, Qurban bayramı rəsmi qaydada qeyd edilir. Bu münasibətlə kəsilən heyvanların ətinin bir hissəsi, adət və ənənəyə görə, yoxsul, imkansız ailələrə verilməlidir.

XS
SM
MD
LG