Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:29

Əsədi devirən silahlıların lideri kimdir?


Əbu Məhəmməd əl-Covlani Dəməşq məscidində izdiham qarşısında çıxış edir.
Əbu Məhəmməd əl-Covlani Dəməşq məscidində izdiham qarşısında çıxış edir.

Əbu Məhəmməd əl-Covlani uzun illər silahlıların lideri olsa da, az tanınıb. Ancaq 42 yaşlı bu adam Suriya prezidenti Bəşər Əsədi devirən ağlasığmaz hücuma başçılıq edincə, birdən-birə məşhurlaşıb.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi yazır ki, o, dekabrın 8-də suriyalılara telemüraciəti zamanı "Dəməşqin fəthi"ni elan edərkən, ləqəbi əvəzinə gerçək adından - Əhməd əl-Şaraadən yararlanıb.

Birləşmiş Ştatların terrorçu təşkilat kimi tanıdığı "Həyat Təhrir əş-Şam"ın (HTŞ) lideri Əbu Məhəmməd əl-Covlani öz imicini çoxdan dəyişmək istəyir. O, "əl-Qaidə" ilə əlaqələrini kəsib, özünü tolerant və praqmatik lider kimi qələmə verir.

İndi bu dəyişiklik çağırışla üzləşəcək. Başına 10 milyon dollar mükafat qoyulan Əl-Covlani və HTŞ Əsədsonrası Suriyada önəmli rol oynamağa çalışır.

Sünni müsəlmanlardan oluşan qruplaşmanın bir çox üzvü qatı radikal sələfi hərəkatının davamçılarıdır. Onlar Suriyada şəriət qanunlarıyla yönəldiləcək dövlət qurmaq istəyirlər. HTŞ Avropa və Mərkəzi Asiyadan gələn silahlılardan ibarət xırda döyüşçü qruplaşmalarıyla birləşir.

Vaşınqton İnstitutunun baş elmi işçisi Aaron Zelin HTŞ üzvlərini "siyasi cihadçılar" adlandırıb: "Covlani və HTŞ siyasətdə daha praqmatikdilər. Onlar "əl-Qaidə" və İŞİD kimi tanıdığımız qlobal cihadçılar və ənənəvi siyasi cihadçılar arasında yer tuturlar".

Üsyançı qüvvələr Suriyanın üçüncü şəhəri - Homsun küçələrində.
Üsyançı qüvvələr Suriyanın üçüncü şəhəri - Homsun küçələrində.

"Hiyləgər" Covlani

Covlani İsrailin işğal etdiyi Colan təpələrindən qaçıb Səudiyyə Ərəbistanına sığınan suriyalı bir ailədə, 1982-ci ildə doğulub.

Döyüş fəaliyyətinin ilk illəri barədə bilgi yoxdur. İddia edilir ki, o, ABŞ-nin 2003-cü ildə İraqa müdaxiləsindən sonra "əl-Qaidə"nin bu ölkədəki qoluna qoşulub.

2012-ci ildə o, "Cəbhət ən-Nüsrə" adı ilə "əl-Qaidə"nin Suriyadakı qolunu yaradıb.

Adını bir neçə dəfə dəyişən döyüşçülər "əl-Qaidə"dən uzaqlaşmağa çalışıblar. Qruplaşma 2017-ci ildə Suriyanın şimal-qərbindəki müxalif qruplarla birləşərək HTŞ-ni yaradıb.

Bir vaxtlar türban və uzun saqqalla gəzən Covlani hərbi uniforma da geyinib. Amma zaman keçdikcə döyüşçülərin liderlərinə xas əlamətlərdən imtina etməyə qərar verib. Covlani pencək geyinməyə başlayıb, üzünü qırxıb və Qərb mediasına müsahibələr verib.

"HTŞ lideri hiyləgərdir. O, özünün və təşkilatının hakimiyyətə yiyələnməsinə və mövqelərini möhkəmləndirməsinə can atır", - şiə silahlıları və İranın silahlı proksiləri üzrə ekspert Fillip Smitin sözləridir.

İmicinə və özünü mülayim və praqmatik göstərmək səylərinə baxmayaraq, Covlaniylə qruplaşmasının hələ də insan haqlarının pozulması və terrorçu təşkilatlarla əlaqələrinin olması məsələləri narahatlıq doğurur.

ABŞ Dövlət Departamentinin 2013-cü ildəki bəyanatında "Cəbhət ən-Nüsrə"nın kamikadze hücumlarına istinad edilərkən, Covlani terrorçu kimi qeyd edilib. O da bildirilib ki, qruplaşmanın zordan istifadəsi suriyalıların istəkləriylə uzlaşmır.

"Əsəddən sonra Suriyada ekstremizm və terrorçu ideologiyalara yer olmamalıdır", - sözügedən bəyanatda belə deyilib.

2017-ci ildə ABŞ-nin Suriyadakı səfirliyi X sosial şəbəkəsindəki paylaşımında rəsmi Vaşınqton "əl-Qaidə"nin yüksəkvəzifəli şəxslərini, o sıradan Covlanini ədalətə cəlb etməyə sadiq olduğunu vurğulayıb.

"HTŞ-nin əsas məqsədi Əsədi devirmək idisə, ikinci məqsədi suriyalılara faydalı və sərfəli qurumlar yaratmaqdır", – Zelinin sözləridir. Davamında o, belə deyib: "Aydındır ki, İdlibdə olarkən bunu necə etməyi öyrəniblər".

Zelinin fikrincə, Covlani və HTŞ tolerantlıq və inklüzivlik vədlərini yerinə yetirsələr belə, terrorçu adından qurtulmaları illər çəkə bilər.

XS
SM
MD
LG