Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:30

Sərhəddə gərginlik: hər iki tərəfdən hərbçi həlak olub


Bakı da, Yerevan da sərhəd üçün SSRİ xəritəsinə razıdır. Amma mübahisə qalır: hansı ilin xəritəsi?
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00

Bakı da, Yerevan da sərhəd üçün SSRİ xəritəsinə razıdır. Amma mübahisə qalır: hansı ilin xəritəsi?

Ermənistan-Azərbaycan sərhədində atışma: Ölən və yaralıların olduğu bildirilir və tərəflər bir-birini günahlandırır.

Azərbaycan hərbçisi həlak olub

Azərbaycan hərbçisinin həlak olduğu deyilir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 12-də axşam saatlarında “Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində” Azərbaycan ordusunun bir hərbi qulluqçusu həlak olub.

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Azərbaycan bundan əvvəl mayın 10-da bir hərbçisinin yaralandığını, bir gün sonra isə başqa bir hərbçisinin həlak olduğunu açıqlamışdı.

Ermənistan bir hərbçisinin həlak olduğunu bildirir

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistanın Müdafiə Nazirliyinə istinadla yazır ki, Azərbaycan tərəfinin atəşi nəticəsində Ermənistanın bir hərbçisi həlak olub və daha bir əsgər yaralanıb.

Nazirlik bunu da bildirir ki, yerli vaxtla 21:20-ə olan məlumata görə “Zod və Kut sahələrində yerləşən Ermənistan mövqelərinin atəşə tutulması azalıb”.

Ermənsitan tərəfi bildirir ki, Azərbaycan qüvvələri Ermənistanın mövqelərini iri çaplı silahlardan, minaatanlardan atəşə tutub.

Azərbaycan Ermənistana məxsus PUA-nın vurulduğunu deyir

Azərbaycan Ermənistana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirir.

Müdafiə Nazirliyinin məlumatına görə, mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Vardenis rayonundakı bölmələri Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edib:

“Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilmişdir.”

Məlumatda dəqiq say isə göstərilmir.

Amma bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Azərbaycan: "Yekun razılıq yoxdur"

Azərbaycan mayın 14-də keçirilməsi gözlənən Brüssel görüşənə razılıq verib, amma Kişinyov görüşü haqqında yekun razılığın verilmədiyi bildirilir.

Bu barədə mayın 11-də Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində iyunun 1-də Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Azərbaycanla Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub.

Nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Azərbaycan Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərti ilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib: "Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil".

Paşinyan Brüssel səfəri ilə bağlı qərarını dəyişməyib

"Azərbaycanın hərəkətləri təxribat xarakteri daşıyır və 1-4 may tarixində Vaşinqtonda keçirilən danışıqlarda qeydə alınan irəliləyişi heçə endirməyə yönəlib". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 11-də hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bugünkü "təxribat" mayın 14-də Brüsseldə üçtərəfli formatda və iyunun 1-də Kişinyovda beştərəfli formatda keçirilməsi nəzərdə tutulan danışıqları pozmaq məqsədi daşıyır.

"Bazar günü (mayın 14-ü) danışıqlar üçün Brüsselə səfər etmək fikrimi dəyişməmişəm" deyən Paşinyan orada sülh sazişinin imzalanacağına bir elə də inanmadığını söyləyib: "Bazar günü Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı nə dərəcədədir? Təəssüf ki, bu imkan çox azdır, çünki sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ çox ilkin mərhələdədir və onun imzalanması barədə danışmaq hələ tezdir".

+++

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sərhəddə baş verənlərə münasibət bildirib. Nazirlik hesab edir ki, Ermənistan sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır: "...Təxribatlarının, hər zaman olduğu kimi, sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir".

+++

Ermənistanın Müdafiə Nazirliyi cəbhədə vəziyyətin nisbətən sabit olduğunu bildirir. Qurum Azərbaycan Müdafiə Nazirliyinin erməni tərəfin hərbi əməliyyatlara hazırlanması iddialarını "növbəti dezinformasiya" adlandırıb.

Azərbaycan hərbçisi həlak olub

Azərbaycan yaralanandan başqa bir hərbi qulluqçusunun da həlak olduğunu bildirir.

Bununla bağlı Müdafiə Nazirliyi mayın 11-i, saat 11:25 radələrində məlumat yayıb.

Məlumatda həmin şəxsin müddətdən artıq hərbi qulluqçu olduğu bildirilir.

+++

Azərbaycan Ermənistan sərhədində bir hərbi qulluqçusunun yaralandığını bildirir.

Müdafiə Nazirliyinin məlumatına görə, mayın 10-u axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vardenis rayonu istiqamətində mövqelərindən Azərbaycan ordusunun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub: "Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu ağır yaralanıb".

Azərbaycan mayın 11-i səhər saatlarından etibarən də həmin istiqamətdə mövqelərinin minaatanlardan atəşə tutulduğun deyir. Nazirlik Azərbaycan ordusunun "zəruri cavab tədbirləri" gördüyünü bildirir.

+++

Yerevan isə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Sotk (Geğarkunik rayonu) ərazisindəki mövqelərini atəşə tutduğunu bildirir. Ermənistandan tərəfdən dörd yaralının olduğu açıqlanıb.

"Azərbaycan mətbuatında Ermənistan tərəfinin İran pilotsuz təyyarələrindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Əvvəllər xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrində İran pilotsuz uçan aparatı yoxdur", – Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

Brüsseldə görüşəcəklər

Sərhəddə gərginlik Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə gözlənən görüşündən öncəyə təsadüf edir.

Avropa Şurası İttifaqının mayın 10-da yaydığı bəyanata görə, Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşməlidir. Görüşə Aİ Şurasının Prezidenti Şarl Mişel ev sahibliyi edəcək.

Bir neçə gün öncə isə iki ölkənin xarici işlər nazirlərinin Vaşinqton görüşündə mürəkkəb məsələlərin müzakirəsində "əhəmiyyətli" irəliləyişə nail olunduğu açıqlanıb. Brüssel görüşündə tərəflərin sülh sazişi üzərində işi davam edəcəyi gözlənir.

Bu arada Bakının Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırması tərəflər arasında gərginliyi artırıb.

AzadlıqRadiosunun erməni xidməti Ermənistanın Sotkda yerləşən ən böyük qızıl mədənində işlərin aprelin ortasında dayandırıldığını yazır. Yerli rəsmilər və fəhlələr bunu Azərbaycan tərəfdən atəş açılması ilə izah ediblər.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG