Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:46

Ermənistanda həkimlər HİV-ə yoluxmuş xəstəni əməliyyat etməkdən boyun qaçırıb


Marine əmindir ki, HİV statusu Ermənistandakı həkimlərin onu müalicə etməsinə mane olub.
Marine əmindir ki, HİV statusu Ermənistandakı həkimlərin onu müalicə etməsinə mane olub.

Marine (ad dəyişdirilib) ağrıları gerçəkdən dözülməz həddə və tək çarəsinin əməliyyat olduğunu anlayandan sonra həkimlərə üz tutub.

"Mən güclə yeriyirdim, bu qədər çəki itirəndən sonra gücüm də qalmamışdı. Sümüklərim tam taqətdən düşmüşdü… Artıq ağrıya dözə bilmirdim", - o bu yaxınlarda AzadlıqRadiosunun erməni xidmətinə belə deyib.

Marine mədə-bağırsaq əməliyyatı üçün Yerevanda üç həkimə müraciət etsə də, yalnız dördüncü həkim onu əməliyyat etməyə razılıq verib.

Paytaxtın yaxınındakı kiçik bir şəhərdən olan Marine əmindir ki, həkimlərin əməliyyat etməkdən imtina etməsinin səbəbi onun HİV virusu daşıyıcısı olmasıdır. Ermənistanda HİV-li insanların hüquqları ilə məşğul olan tək QHT bildirir ki, Marinenin halı istisna hal deyil və əhalisinin əksər bölümü mühafizəkar olan Ermənistanda bu məsələ ilə bağlı geniş yayılmış önyarğı var.

Marinenin üz tutduğu həkimlərdən biri ona qarşı ayrıseçkilik etdiyini danıb. Ancaq Səhiyyə Nazirliyinin rəsmisi bu yöndə iş aparılsa da, önyarğının davam etdiyini deyib.

HİV orqanizmin immun sisteminə hücum çəkən virusdur və AIDS-in yaranmasına gətirib çıxara bilər. BMT-nin AIDS proqramı sayılan UNAIDS-in bilgisinə görə, insanları HİV-lə bağlı damğalamaq və ayrıseçkilik bütün dünyada hələ də qalmaqdadır. Təşkilat bilgi toplaya bildiyi ölkələrdə HİV-lə yaşayan insanların 21 faizinin son 12 ayda tibb xidməti ala bilmədiyinə diqqət çəkib.

Jenya Mayılyan
Jenya Mayılyan

"Dövlətin düzgün mexanizmləri yoxdur"

Ermənistanda fəaliyyət göstərən və HİV-lə yaşayan insanların hüquqları sahəsində fəaliyyət göstərən "Gerçək dünya, gerçək insanlar" adlı QHT-nin rəhbəri Jenya Mayılyan deyir ki, Ermənistanda belə ayrıseçkiliyin önünü alacaq qanunlar çatışmır.

"Dövlətin bu cür hallara cavab vermək üçün düzgün mexanizmləri yetərsizdir. Birincisi, bizim ayrıseçkilik halları ilə məşğul olmaqdan ötrü qanunumuz yoxdur. Bu üzdən, [insanları] ayrıseçkiliyə məruz qoyan adamı cəzalandırmaq imkanımız yoxdur. Qanun da olmayanda polis və prokurorluq cinayət işi açmayacaq", - Mayılyanın AzadlıqRadiosunun erməni xidmətinə söylədiyi sözlərdir.

Səhiyyə nazirinin müavini Lena Nanuşyan tibb personalı yenidən maarifləndirilsə də, Ermənistanda belə önyarqının olduğunu danmayıb: "Düşünürəm ki, hələ də həkimlər arasında bilgisizlik problemi var. Çox güman, illər boyunca verilən təlim və yeni biliklər onlara çatmayıb. …Elə hallar var, mən bunu danmıram, ancaq, yəqin, onların qorxularından və virusun yoluxuculuğuna dair biliklərinin azlığından qaynaqlanır".

Rədd cavabları Marineyə ağır təsir edib

"Birinci həkim, sözün hərfi mənasında, imtina etdi. İkincisi əməliyyat etməməyin yollarını axtarır və stent qoyulması üçün məni başqa həkimə yönləndirirdi. Üçüncüsü məni qastroenteroloqa göndərdi və dedi ki, stentin faydası yoxdur və mən əməliyyat olunmalıyam. [Dedi ki,] o bunu edə bilməz və məni yönləndirdiyi cərrah edəcək".

"Dördüncü həkim əməliyyat etməyə razılaşdı, ancaq işə başlamazdan öncə mənim HİV statusumun hansı mərhələdə olduğunu görə bilmək üçün bəzi sənədlər istədi", - Marinenin sözləridir. Onun get-gedə ağırlaşan sağlıq durumu qidalanmanı çox ağrılı edən həzm problemi ilə bağlı idi.

Yerevanda AIDS-i profilaktika mərkəzi
Yerevanda AIDS-i profilaktika mərkəzi

"Ayrıseçkilik deyil"

Marinenin onu əməliyyat etməkdən imtina etdiyini dediyi üç cərrahdan biri olan Suren Stepanyan deyir ki, daha öncə Marineyə baxanda ona əməliyyat lazım deyildi. O, xəstənin halı kəskinləşəndə sonraya saxlaya bilməyəcəyi bir iş səfərində olduğunu deyir.

"Mən dedim ki, ola bilər, bu əməliyyatı edə bilməyim. O zaman uzun bir iş səfəri planlaşdırırdım, Pasienti öz planlarım barədə bilgiləndirmək öhdəliyim yox idi. Bu, qətiyyən ayrıseçkilik halı deyil", - Stepanyan AzadlıqRadiosuna belə deyib.

Mayılyanın sözlərinə görə, onun QHT-si Marinenin işi ilə bağlı araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına üz tutsa da, xahişi rədd edilib. Heç bir qanunun pozulmaması səbəb göstərilib. Həkim deyir, Səhiyyə Nazirliyinin etika komissiyasına müraciət etməyin də heç bir nəticəsi olmur: "Etika Komissiyası qərar qəbul etməyən məşvərətçi orqandır. HİV-lə yaşayan insanlar öz ölkələrində normal tibb, ədliyyə və sosial xidmətlər almaq üçün bütün vergi öhdəliklərini yerinə yetirirlər. HİV-lə yaşadıqlarından elə çıxır ki, pul ödəməyə gələndə onlar [digər insanlarla] bərabərdir, amma xidmət almağa gələndə qeyri-bərabər. Burada ədalət haradadır?".

"Bizim də günahımız var"

"Bəlkə də, son 36 ildə bu xəstəliyi çox vurğuladığımız, insanları qorxutduğumuz və bu qorxunun daimiləşməsinə töhfə verdiyimiz üçün bizim də günahımız var. Biz bütün tibb işçiləri üçün ən yeni biliklərə əsaslanan daha müasir kurs işləyib hazırlayırıq. Poliklinikalardakı işçilər artıq risk qrupunu müəyyənləşdirmək yollarına dair təlim keçiblər", - Nanuşyan belə deyir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ötən ilə aid bilgisinə görə, bütün dünyada 40 milyona yaxın insan HİV daşıyıcısıdır. Rəsmi rəqəmlər Ermənistanda 4 min 741 nəfər HİV daşıyıcısının olduğunu göstərir. Onlardan 3 min 751 nəfəri müalicə alır.

ÜST HIV-in müalicəsinə və qarşısının alınmasına dair təlimatları daim yeniləyir. Bunu bilən Marine həkimlərin onu müalicə etməkdən boyun qaçırmasının səbəbini anlamağa çalışır.

Nə qədər narazılıq olsa da, Marine son nəticədə ona gərəkən xidməti alıb və əməliyyat edilib.

XS
SM
MD
LG