Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:42

Erməni politoloq Brüssel danışıqlarını Yerevanın iflası adlandırıb


Politoloq Tiqran Qriqoryan
Politoloq Tiqran Qriqoryan

Ermənistan politoloqlarından Tiqran Qriqoryan Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında iyulun 15-də Avropa Şurası sədrinin vasitəçilyi ilə keçirilmiş son danışıqları “iflas” adlandırıb.

Onun fikrincə burada ən böyük problem Şarl Mişelin Laçın dəhlizinin açılmasına dair çağırış bəyanatıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, İlham ƏliyevNikol Paşinyan arasında keçirilmiş danışıqlardan sonra Şarl Mişel fikir ayrılıqlarının aradan qaldırıldığını deməyib.

Tiqran Qriqoryan Azatutyuna müsahibəsində deyib ki, bunun əvəzində o humanitar yüklərin Qarabağa çatdırılması üçün onların Laçın dəhlizi ilə yanaşı Ağdamdan keçərək gətirilməsi mümkünlüyünü qeyd edib:

“Burada söhbət erməni diplomatiyasının səriştəsizliyindən gedir, çünki sözü gedən bəyanata erməni tərəfinin razılığı ilə belə bir bəndin əlavə edilməsi (yüklərin Ağdamdan keçərək gətirilməsi-red) və bu bəndin Laçın dəhlizinin blokdan çıxarılması ilə eyni müstəviyə çıxarılması, böyük bir hesabla Azərbaycana beynəlxalq strukturların bundan əvvəlki qərarlarını, o cümlədən Laçın dəhlizinin açılmasına dair BMT beynəlxalq məhkəməsinin qərarlarını sıfırlamaq imkanı verir. Bu, şübhəsiz ki, erməni diplomatiyasının iflasıdır”.

Hərbi əsirlər məsələsi

Azatutyunun yazdığına görə artıq ikinci gündür ki, rəsmi Yerevan Azərbaycanın təklifinə Nikol Paşinyanın nə cavab verdiyini açıqlamır. Azatutyun qeyd edir ki, hərbi əsirlərin dəyişdirilməsinə dair hansı razılaşmanın əldə olunduğu da bildirilmir.

Avropa İttifaqı Şurasının sədri yalnız bunu deyib ki, liderlər sərhədi təsadüfən keçmiş əsgərlər barədə məsələnin həll olunmasına dair “centlmen razılaşmasına” gəliblər.

Azatutyun yazır ki, söhbətin konkret olaraq “Azərbaycan tərəfindən oğurlanmış erməni əsgərlərdən və ya aprel ayında Ermənistan sərhədini keçmiş azərbaycanlı əsgərlərdən" gedib-getməyi bilinmir.

Azərbaycanlı əsgərlərdən biri Ermənistanda qətl törətməkdə ittiham olunur.

Ermənistan ekspertləri deyirlər ki, Şarl Mişel Azərbaycanda saxlanan 30-dək erməni əsirlə bağlı da konkret fikir söyləməyib. Onların sözlərinə görə halbuki may ayında Mişel saxlananların ən yaxın vaxtda azad ediləcəklərini bildirmişdi.

Politoloq Benyamin Poqosyan hesab edir ki, Mişelin son bəyanatı “oğurlanmış erməni əsgərlərlə Ermənistanda qətl törətmiş əsgər arasında” bərabərlik işarəsinin qoyulduğundan xəbər verir.

Poqosyan bildirib ki, bu, sözü gedən əsgərlər arasında ən sonunda “bərabərlik işarəsinin” qoyulacağına dair şayiələrin doğruluğunu göstərir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG