Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:33

Keçmiş diplomat: 'Həbsim Azərbaycan diktaturasının və şəriki Rusiyanın maraqlarına xidmət edir'


Emin İbrahimov
Emin İbrahimov

Azərbaycanın ABŞ-dakı səfirliyində və Uruqvaydakı diplomatik missiyada çalışmış Emin İbrahimov həbsini ölkədəki repressiyaların tərkib hissəsi sayır. Şərlənərək həbs olunduğunu vurğulayan keçmiş diplomat düşünür ki, Azərbaycandakı korrupsiyanı, diktaturanı və Rusiyanın maraqlarına xidmət edən siyasəti açıq şəkildə tənqid etdiyinə görə cəzalandırılıb.

"Həbsim Azərbaycan diktaturasının və onun şəriki olan Rusiya imperiyasının maraqlarına xidmət edir. Onlar əlbir və şərikdirlər, maraqları da regionda demokratiyanın cücərtilərini məhv etməkdir. Bu gün Azərbaycan diktaturası rus imperializminin Qafqazdakı əsas sütunudur. Bunu dilə gətirənləri də cəzalandırırlar", - E.İbrahimov məhkəmədəki çıxışında belə deyib.

Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində onun istintaq dövründə həbsdə saxlanma müddətinin yanvarın 22-dək uzadılması haqda qərardan verilmiş şikayətə baxılıb. Məhkəmədə keçmiş diplomatın vəkili deyib ki, bu qərar əsassızdır, çünki E.İbrahimov heç bir cinayət törətməyib. Onun kiməsə bıçaqla xəsarət yetirməsi haqda ittiham həqiqətəuyğun deyil. Bıçaqlandığı iddia edilən şəxs də dəfələrlə üzləşməyə çağrılıb, amma gəlməyib.

E.İbrahimovun ölkədəki duruma etiraz olaraq 2020-ci ildə diplomatik xidmətdən öz ərizəsi ilə istefa verdiyini xatırladan vəkilin sözlərinə görə, hüquqlarını qoruduğu şəxs təqsirsizdir və azadlığa buraxılmalıdır.

E.İbrahimovun özü hakimlərdən ədalətli qərar gözləntisi olmadığını deyib: "Çünki diktatura rejimi sizləri də öz əməllərinə alət edir. Azad iradəniz yoxdur".

Apellyasiya məhkəməsinin hakimləri bir dəqiqəlik müşavirədən sonra keçmiş diplomat haqqında həbsin uzadılması qərarının qüvvədə saxlandığını açıqlayıblar.

Xatırlatma

E.İbrahimov 2024-cü il iyulun 22-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham verilib. O, metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında Kamal Şükürov adlı şəxsi bıçaqlamaqda suçlanır. Bu maddələrdə 11 ilədək həbs cəzası nəzərdə tutulub.

E.İbrahimov bıçaqlamanın yalan olduğunu, evinə gedərkən bir nəfərin qəfildən üstünə gələrək paltarlarını cırmağa başladığını deyib. Elə anındaca kənardan polislər hücum çəkərək onu saxlayıblar. Keçmiş diplomat polis bölməsində işgəncələrə məruz qaldığını da vurğulayıb.

E.İbrahimov 2020-ci ildə xarici işlər nazirinə ərizə yazıb, ölkədə insanların hüquq və azadlıqlarının boğulduğunu, seçkilərin saxtalaşdırıldığını vurğulayıb və belə bir vəziyyətdə işləmək istəmədiyini bildirərək diplomatik xidmətdən azad olunmasını istəyib.

O, ötən il sentyabrın 20-də həbs edilib. Keçmiş diplomata İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirmə) maddəsi ilə 30 sutka həbs cəzası verilib. E.İbrahimov o zaman da bildirib ki, yayılması yasaqlanan heç bir informasiya yaymayıb. Onun sözlərinə görə, etik çərçivəni, qanunları pozmadan öz fikirlərini sosial media hesabında paylaşıb və buna görə cəzalandırılıb.

XS
SM
MD
LG