Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:52

Sülh danışıqları yenə dalanamı dirənib?


İlham Əliyev/Nikol Paşinyan
İlham Əliyev/Nikol Paşinyan

Avropa Siyasi Birliyinin dördüncü zirvə görüşü çərçivəsində iyulun 19-u Londonda Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənirdi. Amma bu, baş tutmadı. Rəsmi Bakı Ermənistanın, Yerevan isə, əksinə, Azərbaycanın bu görüşdən imtina etdiyini açıqladı.

Son illər Ermənistanla Azərbaycan arasında sülh danışıqları ayrı-ayrılıqda həm Avropa İttifaqının, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb. Son bir ildə isə iki ölkə rəsmiləri birbaşa da təmaslar quraraq sərhədlərin müəyyən edilməsi ilə bağlı bir sıra irəliləyişlərə nail olublar. Amma hər üç formatda yekun nəticə, hələlik, əldə edilməyib. Baxmayaraq ki, yaxın günlərə qədər Ermənistan tərəfdən "bir ay ərzində müqavilə imzalana bilər", Azərbaycan tərəfdən isə "açıq sualların sayı xeyli azalıb" kimi bəyanatlar eşidilirdi.

Elman Nəsirov
Elman Nəsirov

"Ərazi iddiası qaldıqca bu, mümkün deyil"

Milli Məclisin VI çağırışının üzvü Elman Nəsirovun "Turan"a deməsinə görə, Azərbaycan sülh istəyir, amma ölkənin mövqeyi ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qaldıqca bu, mümkün deyil: "Ermənistan bu məsələ ilə bağlı referendum yolu ilə konstitusiyada dəyişiklik etsin, ondan sonra istisna deyil ki, (noyabrda Bakıda keçiriləcək) COP29 tədbirinə qədər sülh müqaviləsi imzalansın. Sülh müqaviləsi və ya hətta çərçivə sazişi imzalanacağı təqdirdə Paşinyanın COP29-da iştirakı mümkün ola bilər".

Ermənistanda konstitusiyaya dəyişikliklər artıq bir müddətdir müzakirə mövzusudur. Amma Ermənistan müxalifəti konstitusiyaya Azərbaycanın istəyinə uyğun dəyişiklikləri düzgün saymır. Bu arada Yerevanda yaradılmış xüsusi ekspert şurası baş nazir Nikol Paşinyanın Ermənistanın yeni konstitusiya layihəsinin hazırlanması tapşırığından sonra iki gün əvvəl - iyulun 17-də ilk dəfə toplaşıb. Lakin Paşinyan bundan əvvəl dəfələrlə bildirib ki, konstitusiya Ermənistanın daxili işidir və onun dəyişdirilməsi zərurəti Bakının tələbindən yaranmayıb.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

"Paşinyanın xətti odur ki, Rusiyadan ayrılıb..."

Siyasi şərhçi Zərdüşt Əlizadənin də mövzu ilə bağlı AzadlıqRadiosuna deməsinə görə, London görüşündən imtina edən tərəf Ermənistandır: "Paşinyan göstərmək istəyirdi ki, qərarları müstəqil qəbul edir. Ermənistan çox çalışırdı ki, Fransanı vasitəçi kimi danışıqlara qoşsun, Azərbaycan tərəfi isə qəti şəkildə Fransanı qəbul etmədi. Nəticədə Azərbaycanla Fransanın münasibətləri xeyli pisləşdi. Londondakı görüşdə isə təklif olundu ki, vasitəçi İngiltərə olsun".

Ekspertin sözlərinə görə, əsas odur ki, iki ölkənin xarici işlər nazirləri görüşür, delimitasiya komissiyasının işləri gedir, "Zəngəzur dəhlizi" (Ermənistanın Sünik bölgəsindən keçəcəyi gözlənən yol) məsələsi yavaş-yavaş öz həllini tapır: "ABŞ da indi çalışır ki, dəhliz açılsın. Odur ki, Azərbaycan tələsmir. Azərbaycanın əlində çox güclü bir amil var: Türkiyə ilə sərhədlərin açılması. Paşinyanın siyasi xətti odur ki, Rusiyadan ayrılıb Qərbə tərəf getsin. Qərbə gedən isə bir yol var, o da Türkiyədir. Amma Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməsə, Türkiyə Ermənistanla sərhədini açmayacaq. Belə olan halda Paşinyana sülh sazişini imzalamaq daha çox lazımdır".

Amma Z.Əlizadənin fikrincə, bu il iki ölkə arasında sülh sazişi imzalanmayacaq: "Əgər Azərbaycan tərəfi şərt qoyub ki, Ermənistan konstitusiyanı dəyişməyənə qədər sülh sazişini imzalamayacaq, bu, qəti qərardır. Azərbaycan ictimai rəyində sülh müqaviləsinin əhəmiyyətini çox şişirdirlər. Bir misal çəkim. Ukrayna ilə Rusiya arasında qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik barədə böyük bir müqavilə var. Amma indi Rusiya Ukraynaya hücum edib. Bu müqavilənin əhəmiyyəti varmı?".

O hesab edir ki, yeganə təhlükəsizlik zəmanəti Azərbaycanın güclü olmasıdır: "Amma Azərbaycan hakimiyyəti bir az səmərəsiz siyasət yürüdür, təbii sərvətlərini xərcləyir. Bizdə güclü iqtisadiyyat yoxdur. Problemimiz budur".

Ani Badalyan
Ani Badalyan

Yerevandan cavab

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan rəsmi Bakının açıqlamalarını təkzib edib. "Ermənistan tərəfi Böyük Britaniyada başlayan Avropa Siyasi Birliyi sammiti çərçivəsində Ermənistan baş naziri ilə Azərbaycan prezidentinin ikitərəfli görüşünün keçirilməsini təklif edib, lakin Azərbaycan bu təklifi rədd edib", - A.Badalyan vurğulayıb.

Onun sözlərinə görə, Yerevanın təklifi hələ qüvvədədir: "Ermənistan tərəfi yüksək səviyyədə danışıqların intensivləşdirilməsi və bir ay ərzində sülh müqaviləsinin imzalanmasına nail olmaq təklifini bir daha təsdiqləyir".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Bakı ötən il Qarabağda keçirilən əməliyyatları "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib. Ondan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG