Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:28

Ekspertlər Qazaxıstanı gözləyən gələcək barədə


Rusiya əsgərləri Qazaxıstana nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Rusiya əsgərləri Qazaxıstana nə vəd edir?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kontingentinin Qazaxıstana müdaxiləsi ölkədə durumu necə dəyişir?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kontingentinin Qazaxıstana daxil olması ölkədə durumu necə dəyişir?

AzadlıqRadiosunun Qazax xidmətindən bildiriblər ki, yanvarın 6-da ölkədə yenə internetə çıxış kəsilib, məlumat almaq olmur.

Amma Reuters agentliyi şahidlərə istinadla xəbər verir ki, ölkənin ən böyük şəhəri Almatıda atəş səsləri eşidilib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin sülhməramlıları Qazaxıstana, ölkə prezidenti Kasım-Jomart Tokayevin müraciətindən sonra daxil olublar.

Rusiyanın RIA Novosti informasiya agentliyi yazır ki, Moskva Qazaxıstana sülhməramlıların tərkibində desant bölmələri də göndərib.

Qazaxıstanın Rusiyadan asılılığı artacaq

Avropa Siyasət Mərkəzinin region üzrə təhlilçisi Amanda Paul AzadlıqRadiosuna deyir ki, sülhməramlıların gəlişi Qazaxıstanın asılılığını artıracaq:

“Aydın məsələdir ki, bundan sonra Qazaxıstan tamamilə Rusiyadan asılı olacaq. Bu isə bir neçə səbəbdən problemdir Qazaxıstan üçün. Həm Qazaxıstanın Qərb müttəfiqləri, həm də xalqı üçün pis xəbərdir. Bu həm də region üçün müəyyən mənada pis xəbərdir. Amma hadisələrin necə inkişaf etməsindən çox şey asılı olacaq. Çünki sülhməramlıların etirazları yatıra biləcəyi naməlumdur, etirazların miqyası böyükdür. Ona görə də bir çox məsələlər qeyri-müəyyəndir”.

İlk dəfədir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzv ölkəsinə sülhməramlı göndərir. Amanda Paul deyir ki, bu həm də qurum üçün bir sınaq olacaq. Onun fikrincə, mümkündür ki, insanların müqaviməti həftələrlə davam etsin.

Rusiyanın rəsmi TASS agentliyi yazır ki, ümumilikdə qurumun sülhməramlılarının sayı 3600-dür, amma Qazaxıstana nə qədər belə əsgər göndərildiyi elan olunmayıb.

Orta Asiya üzrə ekspert Arkadi Dubnov “The New York Times” qəzetinə deyib ki, Qazaxıstan hökuməti “Rusiyanın kiçik maketi”dir və şübhəsiz ki, Kreml belə bir rejimin müxalifətlə danışıqlara getməsini, onların tələbləri ilə razılaşmasını istəməzdi.

Sülhməramlılar Qazaxıstanı necə dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

“Rusiyanın adamı Nazarbayev qocalmışdı…”

Bakıda siyasi şərçi Şahin Cəfərli durumu şərh edərək öz Facebook səhifəsində yazır ki, Qazaxıstanda hadisələrin bu qədər sürətlə böyüyüb indiki həddə çatmasının səbəbləri barədə birmənalı mülahizələr yürütmək çətindir.

O əlavə edir ki, Rusiya heç yerdə inqilablar təşkil etmir, belə bir modeli yoxdur, rejimlərin xalq hərəkatları nəticəsində devrilməsini istəmir, xüsusən postsovet məkanında bu cür prosesləri öz maraqlarına ciddi təhdid sayır.

“Rusiya bu olayları təşkil etməsə də, Belarusdan sonra Qazaxıstan nümunəsi də göstərdi ki, yaranmış situasiyanı öz leyhinə çevirə bilir. Bu da qeyri-adi, fantastik bir bacarıq deyil, adamlar neçə əsrdir hökm etdikləri coğrafiyanı, oradakı hər daşı-qayanı, ağacı-kolu mükəmməl tanıyırlar və bilirlər. Bizi bizdən yaxşı tanıyırlar. Rusiyanın adamı Nazarbayev qocalmışdı və xəstə idi, hər hansı sürprizə fürsət vermədən onu Rusiyanın başqa adamı ilə əvəzləmək zərurəti yaranmışdı”.

Qazaxıstan dövlət televiziyası bildirib ki, Almatıda etirazlarda 18 polis nəfəri öldürülüb, 353 nəfər xəsarət alıb. Amma tələfat barədə hələlik müstəqil mənbələrdən məlumat almaq mümkün olmayıb.

Qazaxıstanda bu etirazlar yanvarın 2-də ölkədə maye qazın qiymətinin iki dəfə qaldırılması ilə başlayıb. Etirazlar fonunda hökumət qazın qiymətini endirsə də aksiyalar səngiməyib, əksinə siyasi tələblərlə bütün ölkəni bürüyüb.

XS
SM
MD
LG