Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:40

Qəribə təzad: İqtisadiyyat böyüyür, əhalinin real gəlirləri azalır


Neftçalada imkansız ailənin gözü kömək axtarır
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Neftçalada imkansız ailənin gözü kömək axtarır

Rəsmi rəqəmlərə görə, bu ilin üç rübü ərzində Azərbaycan iqtisadiyyatı 4.8 faiz böyüyüb. Neftdənkənar sektorda artımın həcmi nisbətən daha yüksək - 6.2 faizdir. İlin ilk doqquz ayında ölkədə ümumi daxili məhsul istehsalının həcmi 62 milyard 877 milyon manata çatıb. Bu göstərici pandemiyadan öncəki – 2019-cu ildən də yüksəkdir. 2019-cu ilin ilk doqquz ayında ölkədə ÜDM-in həcmi 58 milyard 464 milyon manat idi.

Rəsmi rəqəmlərdə əksini tapan göstəricilər nisbətən yüksək olsa da, bu artımlar əhalinin gəlirlərində öz əksini tapmır. Belə ki, bu ilin ilk üç rübündə əhalinin hər nəfərinə düşən nominal gəlirlər ötən ilin eyni dövrüylə müqayisədə cəmi 1.5 faiz artıb. Ancaq həmin müddət ərzində ölkədə inflyasiyanın 5.2 faizə yüksəldiyini gözdən qaçırmaq olmaz. Bu o deməkdir ki, nominal gəlirlər 1.5 faiz artsa da, əhalinin real gəlirləri 3.5 faizə yaxın azalıb. Başqa deyimlə, hazırda Azərbaycan vətəndaşının nominal gəlirləri onun dolanışığını ötən illə müqayisədə 3.5 faiz daha az təmin edə bilər.

Əhalinin hər nəfərinə düşən nominal gəlirlərin həcmi pandemiyadan öncəki 2019-cu ilin də gerisindədir. Bu ilin doqquz ayında həmin göstərici 4 min 219 manat idisə, 2019-da həmin rəqəm indikindən 47 manat çox -4 min 266 manat olub.

İnflyasiya əməkhaqqı artımını "yeyir"

Orta aylıq əməkhaqqındakı artım da inflyasiyadan geri qalır. Bu ilin ilk üç rübündə orta aylıq əməkhaqqı 725 manat olub. Bu, bir il əvvələ görə 2.2 faiz yüksək olsa da, inflyasiyanın səviyyəsindən geri qaldığı üçün insanların real gəlirinin artdığını demək olmaz. Ötən ilin aprelində sərt pandemiya məhdudiyyətləri tətbiq edilməyə başlananda ölkədə orta aylıq əməkhaqqı 745 manat – indikindən 20 manat daha çox idi.

Əhalinin banklardakı əmanət miqdarı da nominal olaraq 2019-cu ildəki göstəricilərə yaxınlaşsa da, hələ də 3 milyon manata yaxın geri qalır. Əgər 2019-cu ilin üçüncü rübünün sonunda əhalinin banklarda 8 milyard 562 milyon manata yaxın vəsaiti vardısa, bu il həmin göstərici 8 milyard 559 milyon manata enib. Başqa deyimlə, həmin müddət ərzində əhalinin banklarda saxladığı vəsaitin həcmi artmayıb. İqtisadiyyata kredit qoyuluşlarının həcmi isə artıb. Həmin müddət ərzində ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13 milyard 866 milyon manatdan 15 milyard 608 milyon manata yüksəlib, yəni 13 faizə yaxın artıb.

Ölkə iqtisadiyyatının böyüməsi dövlət büdcəsinin gəlirlərində də əksini tapmayıb. Bu ilin ilk üç rübündə büdcə gəlirləri 17 milyard 871 milyon manat olub. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 0.5 faiz azalma deməkdir. Bu baxımdan, qeyd etmək lazımdır ki, iqtisadi göstəricilərdəki artım yalnız ÜDM həcminin artması ilə ifadə edilə bilməz. Burada əsas amillərdən biri bu artımın əhalinin rifahında da əksini tapmasıdır.

Qeyri-neft sektorundakı artım nəyin hesabınadır?

İqtisadi artım göstəriciləri ilə bağlı daha bir vacib məqam qeyri-neft sənayesindəki yüksək iqtisadi artım göstəricilərinin ortaya çıxmasında özəl sektorun iştirakıdır. Axı iqtisadi artımın inklüziv olmadığı, bir çox sektorun iqtisadi artımda pay sahibi olmadığı bir şəraitdə dayanıqlı iqtisadi artıma nail olmaq mümkün deyil. Rəsmi rəqəmlərdən aydın olur ki, bu ilin ilk doqquz ayı ərzində qeyri neft-qaz sənayesində 19.6 faiz artım olsa da, bu artımda əsas pay yenə dövlət sektorunun payına düşür. Mövcud statistik bilgilər özəl və dövlət sektoru üzrə iqtisadi artım tempinin qiymətləndirilməsi üçün yetərsizdir. Bununla belə, bəlli dərəcədə qiymətləndirmə mümkündür. Məsələn, özəl sektorun daha üstün paya sahib olduğu qida sektorunda artım tempi qeyri-neft sənayesindəki ümumi artımın təxminən yarısına bərabərdir. Əvəzində, dövlətin daha çox paya sahib olduğu kimya sənayesində iqtisadi artım göstəriciləri daha yüksəkdir. Bu baxımdan, qeyri-neft sektorundakı artımda da özəl sektorun payının daha az olduğu üzə çıxır.

XS
SM
MD
LG