Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:43

Deputat: Rusiya saytında Qırğızıstan pasportları satılır


Qırğızıstan parlamentinin deputatı Qulya Kojokulova
Qırğızıstan parlamentinin deputatı Qulya Kojokulova

Qırğızıstan parlamentinin deputatı Qulya Kojokulova deyib ki, Rusiyanın avito.ru internet saytında Qırğızıstan pasportunun sərbəst satışı təşkil olunub.

AzadlıqRadiosunun Qırğız xidməti - Azattık yazır ki, deputat Dövlət Milli Təhlükəsizlik Komitəsini bununla bağlı tədbir görməyə çağırıb:

"Bu saytda rəsmən qeydiyyatdan keçmiş şəxsin elanı dərc olunub. Elanda deyilir ki, həmin şəxs Qırğızıstan vətəndaşlığı alınması üçün bütün xidmətləri göstərir. Həm də o “Qırğızıstan” yox, “Kirgizya” yazır. Bu nonsensdir. Sən demə bizim vətəndaşlığımız artıq satışa çıxarılıb. Bizim xüsusi xidmətlərimiz hardadırlar? Rəqəmsallaşdırma Nazirliyiniz nə ilə məşğuldur? Bizin pasportlarımız hər yerdə, kimliyi bilinməyən şəxslər tərəfindən kommersiya qaydasında satılır. DMTK blogerlərin ovlanması ilə yox, bizim təhlükəsizliyimizlə məşğul olmalıdır. .. Elanda ad da var. “Altın Abdaliyev”. Bütün suallara 30 dəqiqə ərzində cavab verir, xidmət göstərir. Təsəvvür edirsiniz bu, nə boyda qalmaqaldır?”

Azattık yazır ki, sözü gedən saytda bir neçə elan yerləşdirilib. Elanları yerləşdirənlər Qırğızıstan vətəndaşlığı təklif edirlər.

Onlar öz xidmətləri üçün 120 min rubldan 800 min rubladək (1500-10 min dollar) ödəniş istəyirlər və pasport üçün “100 faizli” qarantiya verirlər.

Prezident Japarovun fərmanı

Bu da qeyd olunur ki, Qırğızıstan pasportu almaq üçün Rusiya vətəndaşlığından çıxmağa və ya qırğız dilini bilməyə ehtiyac yoxdur.

Elan müəllifləri iddia edirlər ki, Qırğızıstan pasportu xarici banklarda hesab açmaq, Avropa ölkələrinə və ABŞ-a viza almaq imkanı verir.

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlanandan bəri Qırğızıstan vətəndaşlığı üçün müraciət edənlərin sayı kəskin artıb.

Prezident Sadır Japarovun imzaladığı fərmandan Rusiyada tanınmış onlarca məmur və biznesmenin Qırğızıstan vətəndaşlığı aldığı məlum olur.

Hakimiyyət iddia edir ki, Qırğızıstan pasportları alan rusiyalılar bunu qanun çərçivəsində ediblər.

XS
SM
MD
LG