Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:21

Azərbaycan növbəti Demokratiya Sammitinə də dəvət olunmayıb?


İlk Demokratiya Sammiti. 9 dekabr 2021
İlk Demokratiya Sammiti. 9 dekabr 2021

ABŞ Prezidenti Cozef Bayden administrasiyası 120 dünya liderinə gələn həftə keçiriləcək Demokratiya Sammiti ilə bağlı dəvətnamə göndərib. Bu barədə "Turan"ın Vaşinqtondakı müxbiri xəbər verir.

"Biz 2021-ci ilin dekabrında ilk sammitə dəvət olunmuş hökumətləri və tərəfdaşlarımızı yenidən dəvət etdik. Həmçinin bütün dünyadan səkkiz yeni hökumət əlavə etdik", - ABŞ prezidentinin xüsusi köməkçisi Rob Berşinski (Rob Berschinski) martın 22-də brifinqdə bildirib.

Yeni dəvət olunanlar Bosniya və Herseqovina, Lixtenşteyn, Kot-d'İvuar, Qambiya, Mavritaniya, Mozambik, Tanzaniya və Hondurasdır.

Dəvət olunmayan ölkələrə gəlincə isə, Berşinskinin sözlərinə görə, Vaşinqtonun bu ölkələrin xalqlarına müraciəti açıqdır: "Dəvət olunmayan ölkələrin fəallarına demək istərdik ki, onlar bu prosesdə özünəməxsus şəkildə iştirak edirlər. Onların da demokratiya dəyərlərinin təşviqində iştirak etmək imkanı olacaq".

İkinci Demokratiya Sammiti martın 29-30-na planlaşdırılıb. ABŞ, Kosta-Rika, Niderland, Koreya Respublikası və Zambiya hökumətləri virtual sammitə ortaq ev sahibliyi edəcəklər.

İkinci Demokratiya Sammitinə hazırlığa ötən ildən başlanmışdı. Dekabrın 7-də Milli Təhlükəsizlik Şurasında Rob Berşinski jurnalistlərə demişdi ki, ABŞ tərəfdaşlarını demokratiyanın təşviqində və korrupsiyaya ilə mübarizədə daha fəal olmağa çağırır.

Berşinski "Turan"ın müxbirinin Azərbaycan və Türkiyənin sammitə dəvət edilib-edilməməsi barədə sualına cavabında isə bunları demişdi: "Biz açıq şəkildə bildirdik ki, dialoqa girmək istəyirik və nəticədə məqsədimiz siyasi iradənin olduğu təqdirdə hamını cəlb etməkdir".

Xatırlatma

2021-ci il dekabrın 9-u və 10-da ABŞ Demokratiya Sammiti keçirmişdi. Həmin sammitə dünyanın bir çox liderləri çağırılsa da, Rusiya, Türkiyə, Azərbaycan və bəzi ölkə başçıları dəvət almamışdılar. Bu, Azərbaycan hakimiyyətinin tənqidlərinə səbəb olmuşdu. Prezident İlham Əliyev ötən il yanvarın 12-də yerli televiziyalara müsahibəsində bu məsələyə toxunaraq xüsusilə Azərbaycandan fərqli olaraq Ermənistanın dəvət almasına iradını bildirmişdi: "Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib? Yəni bu, açıq ayrıseçkilikdir".

Amma həmin vaxt müxalifətdə olan Milli Şuranın rəhbərliyi Azərbaycanda insan hüquqların daha çox pozulduğunu söyləyərək vurğulamışdı ki, "Demokratiya Sammitinə dəvət edilməməsinin səbəblərini İlham Əliyevin siyasətində axtarmaq lazımdır".

XS
SM
MD
LG