Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:40

Ordu bu səbəbdən cümhuriyyəti qoruya bilmədi (18-ci yazı)


Qızıl ordu. 1920
Qızıl ordu. 1920

1920-ci il aprelin 27-də qırmızı bolşevik ordusu 23 aylıq Azərbaycan Cümhuriyyətini beşiyindəcə boğdu. 40 minlik cümhuriyyət ordusu öz dövlətini qoruya bilmədi... Niyə?!

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

18-ci yazıda bu suala 2 şahidin - o zaman cümhuriyyətin Əks-Kəşfiyyat İdarəsinin başçısı olmuş Nağı bəy Şeyxzamanlının, cümhuriyyət ordusunun zabiti – polkovnik İsrafil bəy İsrafilbəyovun, mühacirətdə «Azərbaycan istiqlal mübarizəsi tarixi»ni qələmə alan Hüseyn Baykaranın yazdıqlarından və hərb tarixinin araşdırıcısı Şəmistan Nəzirlinin AzadlıqRadiosuna söylədiklərindən cavab alınacaq.

«Azərbaycan hökumətini yıxmaqda məqsədiniz nə idi?»

Nağı bəy Şeyxzamanlı yazır: «Biz mühacirlər hər il bu məlum günü (27 Aprel gününü - red.) anaraq lənətləyirik. Bu işğalın səbəbləri az-çox söylənmiş və yazılmışdır. Sizə şahid olduğum və o qara günün mətbuatımızda işıqlandırılmayan tərəflərini açıqlamağa çalışacağam. Məni yaxşı anlamaq üçün istərdim ki, Kazım Qarabəkir Paşanın 1400 səhifəlik xatirəsini oxumuş olasınız. Göstərəcəyimiz səbəblərin kökünü və təfsilatını orada görəcəksiniz. Yenə o əsərdə nə qədər avantürist insanların özlərini Ankara nümayəndəsi olduğunu deyib Azərbaycan xalqının içərisində yerləşdiklərini, Moskvadan külli miqdarda pul alaraq çöpləndiklərini oxuya biləcəksiniz. Bu xarici nümayəndələrin törətdikləri fitnə- fəsad və təbliğatlar nəticəsində Azərbaycan xalqı anlamışdır ki, törədilən bu pis əməllərdən Ankara hökuməti xəbərsizdir. Bu pis əməllərə birbaşa nümayəndələr cavabdeh idilər. Bir neçə hadisəni qeyd etmək istəyirəm. Əli Çətinqaya avantüristlərdən Nail bəyə sual verir: «Azərbaycan hökumətini yıxmaqda məqsədiniz nə idi? Bu işləri kimin hesabına gördünüz?». Nail bəy susaraq cavab verməmişdir».

«Satqın edam edilib!»

Nağı bəy fikrini belə bitirir: «O (Nail bəy - red.), əməlinə görə cəzalanaraq edam edildi. Azərbaycan hökuməti Türkiyədən gələn zabitləri orduya qəbul etməyi qərara aldı. Gələnlər Parlamentin mühafizə alayına daxil olurlar. Bizə sonradan məlum oldu ki, onlar Azərbaycan hökuməti tərəfindən aldıqları maaşdan bir neçə dəfə çox rus pulu da yalançı nümayəndələrdən alırlarmış».

«Paytaxt Bakıdan Gəncəyə çəkilsin?»

Yenə Nağı bəyin qürbətdə yazdığı xatirələr köməyə gəlir: «Hökumətimiz işğal ərəfəsində son olaraq belə bir qərar verir: hökumət təcili olaraq Bakıdan Gəncəyə çəkiləcək və Qızıl Ordu ilə müharibəyə Gəncədən başlanacaq. Bunun təmin edilməsi üçün maddi vəsaitə ehtiyac vardı. Təcili olaraq Azərbaycan Dövlət Mərkəzi Bankı Gəncə şöbəsinə 100 milyon manat göndərilməsi əmrini verir. Pullar sandıqlara qablaşdırılır və vağzala aparılaraq vaqonlara yüklənir. Qatar hərəkət edən anda Parlamentin mühafizə alayından qısaboylu türkiyəli zabit olan Xalid başında 50-60 silahlı dəstə vağzala gələrək qatarın hərəkətinə mane olur».

Hacınski - həmin o Hacınski!

Nağı bəy sözlərinə belə davam edir: «Hökumətimizin içərisində çox məşum rol oynamış Məmmədhəsən Hacınski (son baş nazir, ona hökuməti təşkil etmək tapşırılmışdı-red.) gizli olaraq Moskva casusları ilə görüşərək, Milli hökumətimizin və xalqımızın əleyhinə çalışmışdır».

Əliağa Şıxlinski - bağışlanmaz şəxs?!

Və Nağı bəy ölkə içində Hacınskidən sonra ikinci bağışlanmaz şəxsin adını açıqlayır: «İkinci bağışlanmaz şəxs hərbi nazir (əslində, nazir müavini, apreldə Səməd bəy xəstə olduğundan Şıxlinski onu əvəz edib - red.) general Əliağa Şıxlinskidir. Birinci Dünya Müharibəsində rus ordusunun baş topçu müfəttişi olaraq şöhrət qazanmış general yalançı nümayəndə olan Xəlil paşa tərəfindən aldadılaraq saflığının və sadəlövhlüyünün qurbanı olmuşdur».

Xəlil paşa
Xəlil paşa

«General əmrini geri götürüb. Relslər təzədən yerinə taxılıb!»

Nağı bəy ittiham edir: «Qızıl Ordu sərhədimizdə dayandığı zaman hökumətimiz Quba valisinə sərhəddəki dəmiryolu relslərinin bir kilometrə qədər sökülməsi əmrini verir. Vali ertəsi gün əmri yerinə yetirir. Ancaq bu dəfə yalançı nümayəndə olan Xəlil bəy general Şıxlinski ilə görüşərək təlaşla: «Paşam, hökumət sərhəddəki dəmiryolu relslərini sökdürmüşdür. Qızıl Ordu Anadoluya gedə bilməyəcəkdir və nəticədə kömək gecikəcəkdir. Xahiş edirəm təcili tədbir görün» - deyir. General onun sözünə aldanaraq əmr edir və relslər təzədən yerinə taxılır».

«Marş! Marş evinizə!»

«Aprelin 27-də Qızıl Ordu Bakıya girir və hər tərəfdə mühüm dövlət məntəqələrini işğal edirlər. İlk tədbir olaraq mühafizə alayının adını dəyişib yardım alayı qoydular. İki gün sonra, yəni üçüncü günü Qızıl Ordu alayı mühasirəyə aldı və sıravilərin əllərindən silahlarını alaraq özlərinə də «Marş, marş evinizə» deyərək qovdular. Alayın ələ keçən zabitləri güllələndilər. Ələ keçməyənlərsə bir müddət gizləndikdən sonra canlarını qurtararaq hərəsi bir tərəfə dağıldılar. Bunlardan Xəlil paşa, Baba Səid, Nail və digər bir neçə nəfər canlarını qurtararaq Gürcüstana çata bilmişdilər».

İşğalın ikinci günü. «Sadəlövh general» və Qarabəyov kazarmalarda...

Nağı bəy: «İşğalın ikinci günü idi. «İttihadı İslam» Partiyasının sədri doktor Qara bəy Qarabəyovla sadəlövh general Şıxlinski Bakıdakı kazarmaları gəzərək azəri əsgərlərinə nitq söyləyirdilər. Qarabəyov dindən, islamçılıqdan bəhs etdiyi halda, qoca general Şıxlinski isə: «Övladlarım, Türk Ordusu paşalarının komandanlığı altında gələrək Bakımızı düşməndən təmizlədilər. İndi isə kömək etmək növbəsi bizə çatıb. Türklərin İstanbulunu düşmənlər işğal etmişlər. İstanbulu düşməndən təmizləmək lazımdır. Mən də siz əsgərlərimi götürüb yardım edəcəyəm. Siz də gedəcəyinizə və savaşacağınıza söz verirsinizmi?»- deyə soruşur. Əsgərlər sevinc göz yaşları içində: «Gedəcəyik və öləcəyik» - deyə bağırırlar. Şıxlinski: «Övladlarım, yardıma gedən yalnız biz olmayacağıq. Ənvər paşa vaxtilə Rusiyaya əsir düşmüş türk əsgər və zabitlərini və bir milyona yaxın tatar könüllüsünü toplayaraq gəlir. Onlar gəlib buradan keçəcək. Biz də onlarla gedəcəyik» - deyir».

«O, bolşeviklərə satılmamışdı, ancaq...»

«Safdil Şıxlinski dediklərini inanaraq soyləyirmiş. O, bolşeviklərə satılmamışdı, ancaq xainlərin təbliğatına sadəlövhcəsinə inanaraq qoşulmuşdu. O günlərdə bolşeviklər «Ənvər paşa ordusu ilə gəlir» deyə bir şayiə buraxırlar və nəticədə bütün şəhər əhalisi vağzala tərəf yürüş edir. Sonra: «Ənvər paşa bir gün gecikir»- deyə ikinci bir şayiə buraxır və xalq evlərinə qayıdır».

Əliağa Şıxlinski
Əliağa Şıxlinski

«Cümhuriyyət ordusu vuruşmağa hazır idi»

Hərb tarixinin araşdırıcısı Şəmistan Nəzirli AzadlıqRadiosuna bu məsələylə bağlı deyib: «Orduya şər atmaq olmaz. Cümhuriyyət ordusu vuruşmağa hazır idi. Amma parlamentdə hər şeyi siyasətçilər həll etmişdi. «Hökumət tabe olmuşdusa, ordu nə etməliydi? Ordu bu vaxt Qazaxda, Zəngəzurda, Qarabağda, Gədəbəydə daşnaklara qarşı vuruşurdu».

Son iclasda ordu başçıları olmayıb?

Şəmistan bəyin bildirdiyinə görə, Cümhuriyyət Parlamentinin 1920-ci il aprelin 27-də keçirilən son iclasına nə hərbi nazir S.B.Mehmandarov, nə də nazir müavini Ə.A.Şıxlinski dəvət olunmuşdu: «Hacınski hər şeyi həll etmişdi. Ruslarla danışıb gəlmişdi. Bax, budur, əlimdə Hacınskinin çıxışı da var. Deyir ki, Qızıl Ordu Xəlil paşanın başçılığı ilə gəlir. Heç bir təzyiq göstərmədən tabe olmalıyıq və bizə heç nə eləməyəcəklər. Ordu da saxlanılacaq, aşağı vəzifəli adamlar da. Yalnız yüksəkvəzifəlilər postlarını itirəcəklər».

Şəmistan Nəzirli: 'Cümhuriyyət ordusu vuruşmağa hazır idi'
Gözlə

No media source currently available

0:00 0:09:03 0:00
Direct-ə keçid

Ordu döyüşməyib?

Ş.Nəzirlinin sözlərinə görə, ordunun vuruşmadığı haqda deyilənlərdə də həqiqət yoxdur: «Xaçmazda dayanan I Piyada Diviziyasının 350 əsgəri Samur uğrunda döyüşlərdə şəhid oldu».

Ə.Şıxlinskiyə də şər atanlar olub

Ş.Nəzirli Sovetlər dağılanda Ə.Şıxlinskiyə də şər atıldığını söylədi: «Guya Qızıl Ordu Xaçmaza keçəndə Ə.Şıxlinski əmr edib ki, körpüləri partlatmasınlar, dəmiryolunu sökməsinlər. O vaxt Əks-Kəşfiyyat İdarəsinin rəisi olmuş Nağı bəy Şeyxzamanlı buna kitabında aydınlıq gətirib. O yazır ki, Xəlil paşa gəlib Şıxlinskiyə yalvardı ki, paşam, dəmiryolunu sökdürməyin, bolşeviklərə qarşı vuruşmayın. Guya bu ordu Bakıya girməyəcək, Xırdalan və Yanardağdan keçib Türkiyəyə köməyə gedəcəkmiş».

Azərbaycan ordusunun zabitləri
Azərbaycan ordusunun zabitləri

«Xəlil paşa bizi aldatdı»

Ş.Nəzirli Xəlil paşanın («Bakı fatehi» Nuru paşanın əmisi olub - red.) bolşeviklərin adamı olduğunu deyir: «Xəlil paşa bizim milləti aldatdı. Bunu danmaq qeyri-mümkündür. Xəlil paşanın tabeliyində olan Yardım alayı silahı atıb bolşeviklərə qarşı vuruşmadı. Bolşeviklər Bakıya girəndən sonra Yardım alayının bütün silahlarını əllərindən aldılar, bir hissəsini qovdular, bir hissəsini güllələdilər».

Yardım alayı 1918-ci ildə Bakıya gələn türklərdən qurulubmuş

Ş.Nəzirli alayın iki il öncə Nuru paşanın başçılığı ilə gələn türklərdən qurulduğunu söylədi. «1918-ci ildə bizi xilas etdilər. Onlara ömürboyu borcluyuq. Amma ortada bu fakt da var».

Yardım alayı niyə qalmışdı?

Nuru paşadan sonra xeyli sayda türk əsgər və zabitlərinin Bakıda qaldığını deyən Ş.Nəzirli ordu quruculuğu dövründə S.B.Mehmandarova bu məqsədlə 1 milyon MANAT ayrıldığını, ancaq generalın bu alayı ordunun tərkibinə daxil etməkdən imtina etdiyini söylədi: «Dedi, bu, saxta bir alaydır. Ordunun tərkibinə daxil etməyəcəyik. Axırda da onlar qaçdılar. Bunu tək mən demirəm. Türkiyədə, Fransada çıxan kitablar deyir. Üzr istəyirəm dönə-dönə, xalq onlara qaçdığına görə «Cırdım alayı» adını qoymuşdu... 1933-cü ildə Mir Yaqubun (Mir Yaqub Mehdiyev –Paris Sülh Konfransına qatılan nümayəndə heyətinin üzvü - red. ) Fransada çıxan kitabında da yazılıb bu».

«Niyə qardaşlarımızı bolşevik, daşnak süngüsünə taxdınız?»

Ş.Nəzirli 1931-ci ildə Yardım Alayı ilə bağlı Türkiyədə qurulan məhkəmədə onlara belə bir sual da verildiyini dedi: «Axı biz Azəri qardaşlarımızı 1918-ci ildə bolşevikin, daşnakın qanlı süngüsündən xilas etdik. Nə üçün iki il sonra qardaşlarımızı bolşevik, daşnak süngüsünə taxdınız?». Hamısı başını aşağı salıb».

«Samur təpəsində üzü Rusiyaya baxan heykəl...»

Ş.Nəzirli: «İlyarımda sayı 40 mini aşan ordu yaranmışdı. Gəlin baxaq görək, gələn Qızıl ordunun sayı nə qədər idi? Arxiv sənədlərindən dəqiqləşdirmişəm ki, işğalçı ordunun sayı 200 min idi. 1922-ci ildə bu rəqəm 300 min olub. Həmin ildə S.Orconikidzenin Leninə teleqramları var. Yazır ki, Azərbaycanda üsyan dalınca üsyan başlayır. Bilirsiniz də, əvvəlcə Gəncədə oldu, sonra Şəkidə, Tərtərdə, Qarabağda, Qazaxda, hətta Dəvəçidə və Qubada da üsyan başlamışdı. Orconikidze Lenindən 5 əlavə diviziya istəyir. Lenin dərkənar qoyur: 5 diviziya çoxdur, üçü bəs edər. 35-37 minlik cümhuriyyət ordusu bunun qabağında neyləyə bilərdi? Haradasa vuruşmaq da ağılsızlıq idi. Hər halda vuruşublar. Ziya Bünyadov da MTN arxivinə istinadla yazıb: 350 nəfərdən çox əsgər və zabit Samur üstündə şəhid olub... O vaxtlar Ziya Bünyadov parlamentdə təklif etmişdi ki, Samur təpəsində üzü Rusiyaya tərəf şəhid Azərbaycan əsgərinin heykəli qoyulsun».

İkinci şahid: İsrafil bəy İsrafilbəyov kimdir?

Cümhuriyyət Ordusunun zabiti – polkovnik İsrafil bəy İsrafilbəyov 5-ci Bakı piyada alayının komandiri olub. 1920-ci ildə Azərbaycandan mühacirət edən İsrafil bəy bir müddət İran və Misirdə, Hindistan və Türkiyədə yaşayıb. 1923-cü ildə müqavilə əsasında Polşa Silahlı Qüvvələrində xidmətə başlayıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. Azərbaycan Legionu tərkibində Sovet İttifaqına qarşı vuruşub. Sovet hərbi tribunalının hökmü ilə 1945-ci ildə güllələnib. Bu yazıda onun rus dilində yazdığı və 1932-ci ildə Polşada - «Горцы Кавказа» jurnalının 35-36-cı saylarında çıxan «Azərbaycan Ordusu haqqında xatirələr» (rusca - red.) məqaləsinə istinad edilir. Bu məqalə M.Ə. Rəsulzadənin xahişi ilə yazılıb.

İsrafilbəyov: «Qırmızılar bircə addım da irəliləyə bilməzdilər»

İsrafil bəy xatirələrində cümhuriyyət ordusunu təfsilatıyla anladır və şokedici nəticəyə gəlir: «Bolşevik istilasından qabaq Azərbaycanın çox gənc, amma Avropa qaydasında təşkil edilmiş 30 minlik ordusu vardı. Bu orduya 8 piyada alayı, 3 əlahiddə piyada batalyonu, 3 atlı alayı, 3 topçu briqadası, atlı dağ divizionu, qısalüləli top divizionu, 2 zirehli qatar, 6 zirehli avtomobil, 2 sürətli sahil-keşikçi gəmisi («Qars» və «Ərdəhan») və 8 hidroplan daxil idi. Üstəlik, birgə müdafiəyə dair dost Gürcüstanla hərbi sazişi də işə salsaydıq, qırmızılar bircə addım da irəliləyə bilməzdilər! Tam məsuliyyətlə deyirəm: qurduğumuz ordu vaxtında Dağıstan sərhədində cəmləşdirilsəydi, döyüş intizamında ciddi problemlər yaşayan və pis təşkil olunan 11-ci ordu hissələrinin Azərbaycana ayaq basması mümkün olmazdı…».

«Bolşeviklər Qarabağın erməni sakinləri arasinda təbliğat aparırdılar»

İsrafilbəyov: «Azərbaycan Ordusunun böyük zəfərlə başa çatan Lənkəran yürüşündən sonra bolşevik casusları Zəngəzurun, eləcə də Qarabağın erməni sakinləri arasında güclü təbliğata başlamışdılar. Onlar erməniləri Azərbaycan hökumətinə tabe olmamağa və bu ərazilərin cümhuriyyətdən qoparılmasına çalışırdılar. Milli zəmində qarşıdurmanı önləmək və bölücülüyün qarşısını almaq üçün hökumət 1919-cu ilin oktyabrında general C.Şıxlinskinin komandanlığı ilə Qarabağa qoşun göndərmək qərarına gəldi – 1-ci Cavanşir piyada alayı, 2-ci Zaqatala piyada alayı, 2-ci Qarabağ atlı alayı və bir topçu bölüyü Qarabağa göndərildi. Silahlı müqavimətin say və mütəşəkkillik dərəcəsi, eləcə də miqyası gözə alınaraq, daha sonra 5-ci Bakı piyada alayı və 3-cü Gəncə piyada alayının bir batalyonu da döyüşlərə qatıldı…».

1919-cu ilin sonunda separatçıların silahlı qüvvələri niyə tam zərərsizləşdirilmədi?

İsrafilbəyov bu suala belə cavab verir: «Ermənistan hökuməti Qarabağdakı qüvvələrin mühasirəyə düşəcəyini görüb ingilislərin Gürcüstandakı nümayəndəsi mister Şattlvorta üz tutdu. Ona vasitəçi olması üçün yalvardı. Şattlvort da bizim hökumətlə danışdı və Azərbaycan Ordusunun hücumu dayandırmasına nail oldu».

Milli ordunun Novruz paradı

Hücumu dayandırılan ordu Bakıya dönür: «Hərbi hissələr Novruz bayramına hazırlaşmaq üçün daimi dislokasiya yerlərinə geri döndü. Bakıda «Hərbi Nazirlik Meydanı»nda (indiki Azneft Meydanı - red) parad düzənləndi… Küçələr, meydana baxan pəncərələr, binaların damı insanla dolmuşdu. Əsgərlərin geyim səliqəsi, üzündəki gənclik işığı hətta əcnəbiləri heyrətə salmışdı. Əksər azərbaycanlıların gözü yaşarmışdı...».

Hərbi nazir təşvişdə...

İsrafil bəy hərbi parad ovqatına elə həmin gecə xal düşdüyünü bildirir: «1920-ci il martın 20-də axşam komandası mənim başçılığımdakı 5-ci Bakı piyada alayının zabitləri ziyafət təşkil etmişdilər. Hərbi nazir, ümumordu və baş qərargahların rəisləri, 2-ci diviziyanın rəisi, parada qatılmış bütün hərbi hissələrin komandirləri də bu ziyafətə çağrılmışdılar. Hərbi nazir məclisə gecikmiş (saat 22 civarında gəlmişdi), Nazirlər Kabinetinin vacib toplantısı olduğundan bir neçə dəqiqəliyə gəldiyini bildirmiş və sonra da general Səlimovun qulağına nəsə pıçıldayaraq, vidalaşıb məclisi tərk etmişdi...».

«Bayram şənliyindən istifadə edib basqın düzənlədilər»

Polkovnik İsrafilbəyov: «1920-ci il martın 20-də gecə saat 12 radələrində baş qərargah rəisi general Səlimov məni o məclisdə ayrıca otağa çağırıb, təxminən bunları dedi: «Sabah səhər saat 11-də sərəncamında olan 5-ci Bakı piyada alayı Yevlax stansiyasına yola düşməlidir. Şuşa və Xankəndi qarnizonlarındakı zabitlərimizin bayram keçirməsindən yararlanan erməni qiyamçılar dünən gecə yatan əsgərlərimizə basqın düzəldiblər. Xoşbəxtlikdən, qiyamçılar gərəkən cavabı alıblar, ancaq...».

«Əsgəran keçidini tutublar»

«..qiyamçılar Əsgəran keçidini tuta biliblər, çünki Əsgəran Qalasının keçidi qoruyan azsaylı qarnizonunun onların qarşısını kəsməyə gücü çatmayıb. Beləcə, Qarabağı Azərbaycanın qalan hissələriylə birləşdirən yeganə yol qiyamçıların əlinə keçib. Durumu düzəltmək lazımdır».

«Dəstənin rəhbəri general Səlimov»

General Səlimov davam edir: «Bundan ötrü hökumət oraya 3 qoşun növündən ibarət xüsusi dəstə göndərmək qərarına gəlib. Dəstəyə mən – general Səlimov rəhbər təyin olunmuşam. Bu dəstəyə sizin 5-ci Bakı piyada alayı, 8-ci Ağdam piyada alayı, 1-ci tatar atlı alayı, 4-cü Quba piyada alayının bir batalyonu, parlamentin 2 mühafizə eskadronu, 2-ci topçu briqadası və qısalüləli toplar bölüyü daxildir».

«Azərbaycanı Dağlıq Qarabağdan dağlar ayırır»

Martın 21-də səhər saat 10 radələrində 5-ci Bakı piyada alayı Bakıdan yola düşüb. İsrafilbəyov Dağlıq Qarabağı belə anladır: «Azərbaycanın qalan yerlərindən Dağlıq Qarabağı dağlar ayırır. Bu dağlardan bəzilərinin hündürlüyü 2 km-i aşır. Dağlıq Qarabağı Ağdamla birləşdirən yeganə yol qədim Əsgəran Qalasından keçir. Bu qalanı, onun sağ və solundakı dağları qiyamçılar tutmuşdular. Onlara erməni çetelərinin məşhur hərbi təşkilatçısı Dro şəxsən rəhbərlik edirdi. Qoşunlarımız çox çətin vəzifəylə üzləşmişdi: qalaya və hündür dağlara hücum etmək qaçılmaz idi. Kəşfiyyatçılarımız özəlliklə düşmən pulemyotlarının mövqe və sayı barədə dəqiq məlumat toplamışdılar. Pulemyotlar, başlıca olaraq, Əsgəran Qalasında, bir də onun sağındakı yüksəkliklərdə yerləşdirilmişdi».

«Döyüş aprelin 2-də başlandı»

«Aprelin 2-də hərbi nazir cəbhəyə gəldi, amma 3 gün sonra - gecə saat 4-ün yarısında hücuma keçdik. Qatı duman olduğundan topçulardan faydalana bilmədik və Əsgəran keçidini, onun sağındakı yüksəklikləri hədəfə aldıq. Səhər saat 6-da duman çəkildiyindən topçularımız qalanı və sağındakı yüksəklikləri atəşə tutmağa başladılar. Podpolkovnik Nəbibəyovun topçu bölüyü özəlliklə 5-ci Bakı piyada alayının hücumuna çox kömək etdi. Hərbi nazir də ordaydı deyə, əsgərlər özlərini təlimdəki kimi hiss edirdilər. Onlar ölümcül pulemyot və tüfəng atəşi altında durmadan irəliyə gedirdilər. «İrəli!» nidaları və toplarımızın hədəf atəşləri onlara ruh verirdi. Topçularımız qarşıdakı istehkamları bir-bəbir dağıdırdılar. Amma qiyamçılar da dirənirdilər».

«Dirəniş qırıldı, amma dirənişçilər qaçdılar»

«Qiyamçıların dirənişini yalnız axşama yaxın qırmaq mümkün oldu. Əslən Dağıstandan olan polkovnik Əfəndiyevin əmrində olan 8-ci Ağdam piyada alayı və parlamentin mühafizəçiləri Əsgəran Qalasını ələ keçirdilər: mənim komandam altındakı 5-ci Bakı piyada alayı da qalanın sağındakı yüksəklikləri hücumla aldı. Mənim alayımda 40 nəfər ölü və yaralı vardı. 5-ci batalyonun komandiri podpolkovnik Kutateladze də yaralanmışdı… Dirəniş qırıldı, amma dirənişçilər qaçıb qurtara bildilər. Ehtiyatda olan 1-ci tatar atlı alayı onları izləməyə başlasa da, qaranlığın düşməsi bu işi davam etdirməyə imkan vermədi».

«Əvvəl Xankəndini ələ keçirdik, sonra Şuşaya sarı...»

«Dəstə dan ağaranacan tutduğu mövqedə qaldı. Hava işıqlaşanda qiyamçıları izləməyə başladıq. Onlar Əsgəran altında bütün pulemyotlarını və az qala bütün təchizatlarını itirərək, Keşişkəndə tərəf çəkilmişdilər. Dəstəmiz axşama yaxın, döyüşsüz-filansız, Xankəndini ələ keçirdi və daha sonra Şuşaya sarı istiqamət götürdü. Yolüstü - Daşkənd və Şuşukənd civarlarında iki xırda döyüş oldu. Nəhayət, Keşişkəndə çatdıq. Burada hər şey qarşı tərəfin ciddi dirəniş göstərəcəyindən soraq verirdi... Keşişkəndin yerləşdiyi ərazi uçurum və qayalarla kəsişirdi. Bu təbii əngəllər kəndi dövrəyə aldığından, oraya yalnız bir neçə piyada və mal-qara cığırıyla getmək olardı. On nəfər atıcı bu cığırları tutsa, bir batalyonun hücumunu kəsməyə yetərdi».

Hücum dayandırılır

Komandanlıq əlavə qüvvələrin gəlməsi üçün hücumu dayandırmaq qərarına gəlir: «Xüsusi Dəstənin Şuşa və Daşkənddə yerləşmiş hissələri vardı. Tezliklə 1-ci Cavanşir piyada alayı və 2-ci Qarabağ atlı alayı da köməyə yetişdi və... 1920-ci il aprelin 12-də Keşişkəndə hücum əmri verildi. 1-ci tatar atlı alayı, Quba piyada alayının batalyonu və dağ-süvari topçu bölüyü əvvəlcədən kəndin arxasına göndərilmişdi. Saat 11 radələrində artilleriya hazırlığı başlandı və daha sonra 5-ci Bakı və 1-ci Cavanşir piyada alayları hücuma keçdi. Aparılan qanlı döyüşlərdə qiyamçılar tam darmadağın edildilər və dəstə Keşişkəndi aldı».

Qoşunlar daimi mövqelərinə niyə qayıtmadılar?

İsrafilbəyov bu sualı belə cavablayır: «General Səlimov Keşişkəndin alınmasını teleqrafla hərbi nazir vəzifəsini icra edən general Şıxlinskiyə bildirdi (nazir – general Mehmandarov bu vaxt xəstə idi). Cavab teleqramında general Şıxlinski ayrıca sərəncamadək Xüsusi Dəstənin Qarabağda qalmasını əmr etdi. Amma dəstənin qalmasına ehtiyac yox idi, çünki qiyamçılar indən belə heç bir təhlükə törədə bilməzdilər. Nazir əvəzinin bu sərəncamı sonradan Azərbaycanın taleyində çox acı rol oynadı…».

Bolşeviklər sərhəddə

«Qarabağdakı qələbələrin dadını çıxara bilmirdik. Bolşeviklər var qüvvələriylə vuruşurdular. Onlar sərhədlərimizə tam yaxınlaşmışdılar. Bundan ruhlanan yerli bolşevik fraksiyası da parlamentdə baş qaldırmışdı. Bolşeviklər Azərbaycanda, özəlliklə çoxmillətli Bakıda gizli, amma güclü təbliğata başlamışdılar. Qırmızı ordu hissələri sərhədə toplaşırdı».

Şıxlinskinin ikinci əmri. Cümhuriyyətin taleyi

İsrafilbəyov həmin məşum aprel işğalının ərəfəsində Dağıstan sərhədindəki durumu belə canlandırır: «4-cü Quba piyada alayının 2 batalyonu, 6-cı Göyçay piyada alayının 2 batalyonu və topçu bölüyü orada mövqe tutmuşdu… Durum çox təhlükəli olduğundan Qarabağdakı Xüsusi Dəstənin tərkibindəki 3 piyada, 2 atlı alayları və 3 topçu bölüyü bolşeviklərə qarşı dayanmaq üçün dərhal Dağıstan sərhədinə hərəkət etmək əmri almışdı. Onlar elə Yevlaxa çatmışdılar ki, general Şıxlinskinin imzaladığı ikinci əmr gəldi. Bax elə bu - əvvəlki əmri ləğv edən və dəstəni Qarabağa qaytaran əmr cümhuriyyətin taleyində çox acı rol oynadı».

Əmr uydurma imiş?

Hər halda İsrafilbəyov belə yazır: «Sonradan məlum oldu ki, bu saxta əmri bolşevik casusları uydurubmuş. Təbii ki, özlərinin məşhur «siyasi simalarının» yardımıyla… Daha öncə də vurğuladığım bir fikri təkrarlamaq istəyir və tam məsuliyyətlə deyirəm: qurduğumuz ordu vaxtında Dağıstan sərhədində cəmləşdirilsəydi, döyüş intizamında ciddi problemlər yaşayan və pis təşkil olunan 11-ci ordu hissələrinin Azərbaycana ayaq basması mümkün olmazdı…».

Hüseyn Baykara

Mühacirətdə «Azərbaycan İstiqlal mübarizəsi tarixi» adlı kitab yazan Hüseyn Baykaranın bu mövzu ilə bağlı fikirləri bitib-tükənməzdir. Kitabın «Azərbaycan istiqlaliyyətinin faciəsi» adlanan son bölümündən bəzi parçalar:

Mustafa Kamal paşa…

«Azərbaycanın bolşevikləşdirilməsi və Azərbaycanın istiqlaliyyəti üçün oynanılan «faciə» haqqında Türkiyədə, eləcə də dünyanın bir çox yerlərində çoxlu yazılar və əsərlər nəşr edilmişdir. Bu əsərlər bir çox hadisələri əhatə edir. Çoxlarının fikrincə, Azərbaycanın istiqlaliyyətinin, Anadolu milli-azadlıq hərəkatına kömək etməsinin əvəzi olaraq Sovet Rusiyasına verilməsi Mustafa Kamal paşanın fikridir. Lord Kinros, doktor Rza Nur, professor Tarık Zafer Tunaya, Məmduh Yaşa, doktor Səlahəddin Tansel, Aclan Sayılqan, Doğan Avçıoğlu, istefada olan general Veysəl Ünüvər və başqaları bu fikirdədirlər».

Kazım Qarabəkir
Kazım Qarabəkir

«Bizi qızıl ruslara satdılar»

Doktor Rza Nur çoxcildli «Türkiyə tarixi» əsərində belə yazır: «Azərilər türklər haqda deyirlər: əvvəlcə bizi düşmənin pəncəsindən qurtardılar, sonra qızıl ruslara satdılar».

Xəlil paşa…

«Lord Kinros «Atatürk» adlı əsərində belə yazır: «Mustafa Kamal Sivas konqresindən sonra Sovet Rusiyasına qeyri-rəsmi nümayəndə göndərilməsini və Sovetlərdən pul və silah alınmasını lazım bilmişdir. Bu iş üçün köhnə ittihadçılardan Ənvər paşanın əmriylə Xəlil paşa seçildi. 1920-ci ilin ilk aylarında Xəlil paşanın sayəsində Rusiyadan, az da olsa, Anadoluya yardım gəlməyə başladı. Kazım Qarabəkir paşanın rəhbərliyi altında nümayəndə heyətinin Bakıya göndərilməsi müsbət nəticə verməmişdi. Türkiyə şərqdəki vilayətlərini geri almaq üçün hərbi əməliyyata başlayacağını və bunun müqabilində Rusiyanın Azərbaycan üzərindəki hüquqlarını tanıyacaqlarını bildirdi. Nəticədə, birgə mübarizə aparmaqdan ötrü qüvvələrini nizamlamaq üçün pul və silah yardımı istədi». (Lord Kinros. Atatürk. İstanbul, 1966-cı il, səh. 370-371).

Ankara radiosunda müzakirə

«1965-ci il noyabrın 10-da professor Tarık Zafer Tunaya ilə Məmduh Yaşa Ankara radiosunda Atatürkün vəfatının ildönümü münasibətilə apardıqları mübahisəli verilişdə milli qurtuluş mübarizəsi ərəfəsində bolşeviklərdən yardım ala bilmələri üçün Türkiyənin Ermənistan kimi Azərbaycanın da Sovet İttifaqına verilməsi şərtini qəbul etdiyini açıq söyləmişdilər».

Kazım Qarabəkir paşa...

«Doğan Avçıoğlu «Milli qurtuluş tarixi» adlı əsərinin ikinci cildində «Azərbaycanın bolşevikləşdirilməsi»nə qısa bir bölüm ayırmışdır. Bu bölümdə Kazım Qarabəkir paşanın Azərbaycanın bolşevikləşdirilməsində çox fəal iştirakını qeyd etdikdən sonra, Mustafa Kamal paşanın bu məsələdəki rolunu təyin etmişdir. Doğan Avçıoğlu əvvəlcə Mustafa Kamalın Kazım Qarabəkir paşaya yazdığı bir məktubundan bu hissəni verir: «1920-ci il aprelin 26-da Bakıya göndərilən hərbi heyətimizə imperializmə qarşı bolşeviklərlə iş və fəaliyyət birliyini qəbul etdiyimizi və Azərbaycan hökumətini müəyyən şərtlərlə bolşevik dövlətlər qrupuna vermək səlahiyyəti aldığımızı bildiririk». (Doğan Avçıoğlu, səh 452).

Beləcə, Cümhuriyyətin 100 illiyinə həsr edilən 18-ci yazı bitir. Gələn 19-cu yazı «3 general» adlanacaq və cümhuriyyəti qoruya bilməyən və sonra başı bəlalar çəkən 3 şöhrətli hərbçinin - hərbi nazir Səməd bəy Mehmandarovun, nazir müavini Əliağa Şıxlinskinin və Baş Qərargah rəisi Həbib bəy Səlimovun faciəsindən bəhs edəcək.

Cümhuriyyət-100 davam edir

Buna da bax: Cümhuriyyət ordusu belə quruldu (17-ci yazı)

XS
SM
MD
LG