Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:37

'Çudo-Peçka'ın sahibi: ‘Dedi ki, bu, keçmiş nazir və xanımının qərarıdı…’


"Çudo Peçka"
"Çudo Peçka"

Bakıdakı məşhur “Çudo Peçka” mağazalarının həbsdə olan sahibi Çingiz Cəlilov məhkəmə qarşısına çıxarılıb. O, 2016-cı ilin sentyabrında lisenziyası ləğv edilən “Bank Standard”ın milyonlarla vəsaitini bankın İdarə Heyətinin sədri olmuş Səlim Krimanla bölüşüb mənimsəməkdə suçlanır.

Çingiz Cəlilovun işini Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Yanvarın 11-də məhkəmənin hazırlıq iclasında Ç.Cəlilovun vəkili Janna Bağırova işadamının ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Müdafiəçi deyir ki, Cəlilova verilmiş ittihamlar əsassızdır, ortada sübut yoxdur.

7 milyon 300 minlik əmlaka həbs

J.Bağırovanın daha bir vəsatəti isə Ç.Cəlilovun özü və ailə üzvlərinin adına olan əmlakların üzərindən həbsin götürülməsi haqda olub. Vəkil bildirib ki, Cəlilovlar ailəsinin bütün əmlakları həbsədir. Bu əmlakların ümumi dəyərinin 7 milyon 300 min manat olduğunu deyən müdafiəçinin sözlərinə görə, onların üzərindən həbs götürülsə, satılıb, banka dəymiş ziyan ödənilə bilər.

Buna da bax: 'Çudo Peçka'nın sahibi həbs olunub

Məhkəmədə məlum olub ki, “Bank Standard” QSC bu işdə zərərçəkmiş qismində tanınıb. Bankı məhkəmədə Azər Tanrıverdiyev təmsil edir.

Məhkəmə vəkilin ev dustaqlığı və əmlakların üzərindəki həbsin götürülməsi haqda vəsatətlərinin heç birini təmin etməyib. Bu cinayət işi üzrə məhkəmə baxışı yanvarın 18-nə təyin olunub.

“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi olan Ç.Cəlilov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Cinayət işinin materiallarında yazılıb ki, o, İdarə Heyətinin sədri Səlim Krimanla razılaşıb, dəyəri şişirdilmiş əmlaklar girov qoyub “Bank Standard”dan 21 milyon 874 manat kredit götürüb. Sonra da bir neçə dəfə restrukturizasiya (kredit və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə, daha 13 milyon 962 min mənimsənilib və bu pulun Cəlilovla Kriman arasında bölüşdürüldüyü iddia olunur.

Buna da bax: 'Gözəl Bayramlı işi': '100 ədəd ardıcıl, 20 ədəd müxtəlif seriyalı yüzlük dollarlar...'

“Keçmiş nazirin qardaşı ilə işbirliyinə başladıq”

Ç.Cəlilov istintaqa ifadəsində deyib ki, onu aldadıb, yaxınlarının adlarına götürülmüş kreditləri başqaları mənimsəyiblər. İşadamı özəlliklə Səlim Krimanı günahlandırır. Deyir ki, ayrılmış kreditlərin böyük hissəsi heç ona gəlib çatmayıb.

2001-ci ildən “Çudo Peçka” MMC-ni təsis edib, qida istehsalı və satışı ilə məşğul olduğunu deyən işadamının sözlərinə görə, işlərini yaxşılaşdırmaq üçün bir neçə bankdan kredit götürüb, hamısı da vaxtında ödənilib. 2006-cı ildə keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı, “ABU Holding”in sahibi Yaşar Babayevlə işbirliyinə başlayıb, “Bakı Biskvit Fabriki”ni işlətməyə çalışıblar. Həmin ərəfədə “ABU Holding”in baş direktoru olmuş Yuri Vasilyeviçlə, onun da vasitəsiylə Səlim Krimanla tanış olub: “Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün əsasən qardaşım Pərviz onunla münasibətdə olurdu. Bir müddət sonra Pərviz dedi ki, Səlim Kriman bizim şirkətin 30 faizini almaq istəyir. Razılaşmadıq. 2008-ci ildə iqtisadi böhranla əlaqədar çətinliklər oldu, ona görə Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini onun “Kes holdings limited” şirkətinə güzəşt etdik. Səlim Kriman bütün şirkəti “Bank Standard”ın təşəbbüsüylə yaranan “Bakery Operating Company”ə kənar idarəçiliyə verdi. Onun da rəhbəri Xəyal Abdinov oldu. Səlimlə aramızdakı ayrıca müqaviləyə əsasən, ona olan 1 milyon 212 min manat borcum da silindi. Müqaviləyə görə, hər ay şirkətin gəlirlərindən başqa, 30 min manat şəxsi xərclərimlə bağlı da mənə ödəniş etməliydi”.

Buna da bax: Malta vətəndaşlığı almış Eldar Qəribov kimdir

“Ailə üzvlərimin adına götürülən kreditlər bizə çatmayıb”

İşadamının sözlərinə görə, Kriman nə 1 milyon 212 min borcu ödəyib, nə də 5 sonra aylıq 30 min manatı. Şirkətin gəlirlərindən də heç bir ödəniş eləməyib: “Şirkət 2006-cı ilə qədər Səlim Kirmanın sərəncamında olub”.

Amma 2012-ci ildə ona “Çudo Peçka” MMC-ni daha da inkişaf etdirməyi, bunun üçün ailə üzvlərinin adına bankdan kredit götürməyi təklif edib: “Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Bu kreditlərin məbləği çox böyük idi. Sənədlərin arasında kassa məxaric orderi yox idi. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə yayınırdı. 2014-cü ilin iyununda bankın mənə və ailə üzvlərimə qarşı faizi ilə birlikdə 31 milyon manatlıq iddia qaldırması haqda məhkəmə bildirişi aldıq. Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb. Amma Səbail Rayon Məhkəməsi əleyhimizə qərar çıxarıb, bizi cavabdeh kimi tanıdı. Nümayəndəm bankdan adıma olan çıxarışları əldə etdi, məlum oldu ki, yalnız iki köhnə borcuma aid 150 min manata yaxın vəsait mənə aid hesablara köçürülüb. Qalan məbləğlər 3 nəfərin hesablarına köçürülmüşdü. 2016-cı ildə Binəqədi rayon Məhkəməsinin qərarı ilə şirkət bizə qaytarıldı. Yoxlamalarda üzə çıxdı ki, ailə üzvlərimin adına götürülən kreditlər şirkətin işlərinə yönəldilməyib”.

Buna da bax: 'Azercell' abunəçini necə aldadır: 4G deyib 3G belə vermir

Ç.Cəlilov deyir ki, sonradan bankla kredit müqavilələrinin yenilənməsi də Krimanın təklifi ilə olub.

“Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb baş verənlərin səbəbini, bizi niyə məhkəməyə vermək istədiyini aydınlaşdırmaq istədim. Səlim dedi ki, bu, bankın rəhbəri Heydər Babayevin (keçmiş nazir-red.) və xanımının qərarı idi”, – təqsirləndirilən işadamı ifadəsində belə deyib.

Onun sözlərinə görə, şirkətinin idarəçiliyi S.Krimana veriləndə 14 mağaza vardı, amma kənar idarəçilik nəticəsində şirkət məhv olub.

S.Kriman da 41 epizod üzrə təqsirli bilinərək, barəsində axtarış qərarı çıxarılıb. O, banka 114 milyon 757 min manat ziyan vurmaqda suçlanır.

XS
SM
MD
LG