Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:21

COP29 prezidenti iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsində irəliləyiş gözləyir


Muxtar Babayev
Muxtar Babayev

Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 BMT İqlim Sammitində dünyanın iqlim dəyişikliyi baxımından ən həssas ölkələri üçün tədbirlərin maliyyələşdirilməsi ilə bağlı müzakirələrin nəticə verəcəyi gözlənilir. COP29 rəhbərliyi dünyadakı geosiyasi, iqtisadi və ictimai qeyri-sabitlik fonunda builki iqlim danışıqlarının qarşılıqlı əməkdaşlığın yenilənəcəyi tarixi an olacağına ümid edir.

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Finance COP" təşəbbüsünün inkişaf etməkdə olan kiçik ada, ən az inkişaf etmiş, habelə dənizlərə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrlə bağlı iddiaları tutarlı nəticələrə çevirmək potensialının olduğuna əmindir.

"Forbes" jurnalı yazır ki, M.Babayev uzun müddət Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifə tutmuş olsa da, karyerasının xeyli hissəsini şirkətin ətraf mühitə təsiri məsələlərinə həsr edib.

115.9 milyard dollar toplanıb

COP29-da 200-ə yaxın dövlət "Yeni Kollektiv Kəmiyyət Məqsədi" (NCQG) adlanan yeni iqlim maliyyəsi hədəfi ilə bağlı razılığa gəlməyə çalışacaqlar. Məqsəd 2020-2025-ci illər arasında zəngin ölkələrin iqlim dəyişikliyinin getdikcə ağırlaşan təsirləri fonunda yoxsul ölkələri dəstəkləmək məqsədilə götürülən illik 100 milyard dollarlıq öhdəliyi yeniləməkdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) katibi Saymon Still qarşıdakı çətinlikləri "dırmaşılmalı olan çox sərt dağ" kimi dəyərləndirib.

2022-ci ildə inkişaf etmiş ölkələr iqlim baxımından həssas ölkələr üçün 115.9 milyard dollar topladılar. Bununla onlar ilk dəfə illik 100 milyard dollarlıq maliyyə öhdəliklərini yerinə yetirmiş oldular. Amma bu məqsədə iki il gec nail olunub. Ayrılan məbləğlər, əsasən, yüksək faizli kreditlərdən ibarətdir ki, bu da iqlim baxımından həssas durumda olan ölkələrin borc yükünü daha da ağırlaşdırıb. Hazırda dünya əhalisinin yarıya yaxını borc faizləri ödənişlərinin təhsil və səhiyyə xərclərini aşdığı ölkələrdə yaşayır.

Qlobal istiləşmə: bundan daha çox suya, elektrik enerjisinə çıxışı məhdud olan əhali əziyyət çəkəcək
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

"Tələb olunan məbləğ 215-387 milyard dollar arasındadır"

"Təəssüf ki, COP28-dən (Birləşmiş Ərəb Əmirliklərində keçirilib) sonra biz necə işlədiyimizə və vədlərimizi necə yerinə yetirdiyimizə baxsaq, görərik ki, [işlərin] çoxu görülməyib. Bir çox ölkələr müxtəlif təşəbbüslərə, bəyannamələrə və koalisiyalara imza atıblar, ancaq onların çoxu işləmir", - M.Babayev deyir.

Babayev Azərbaycanın COP prezidenti olmasının Qlobal Şimal ilə Qlobal Cənub arasında etibarı yenidən quracağını düşünür: "Azərbaycan Şərqlə Qərb, Şimalla Cənubun yol ayrıcında yerləşir. Buna görə də biz inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü olmaq istərdik".

Əsası 2022-ci ildə qoyulan, 2023-cü ildə aktivləşdirilərək öhdəliklər qəbul etməyə başlayan "Zərərin kompensasiyası fondu" (Loss and damage fund) bu vaxtadək sadəcə 661 milyon dollar toplaya bilib. Bu isə BMT Ətraf Mühit Proqramının (UNEP) hesabladığı zəruri məbləğdən xeyli azdır. UNEP deyir ki, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərini effektiv yumşalda bilmək üçün tələb olunan məbləğ 215-387 milyard dollar arasındadır.

Bir çox zəngin ölkələr iddia edirlər ki, son dərəcə yüksək öhdəliklər uğursuzluq və inamsızlığın daha da dərinləşməsini labüd edir. İqlim dəyişikliyinin təsirlərinin öhdəsindən gəlmək üçün trilyonlarla dolların tələb olunması bu sahədə maliyyə axınlarının səmərəli və şəffaf idarə edilməsi ehtiyacını önə çəkir.

Ölkələr bir neçə mühüm məsələ ətrafında bölünüblər: Maliyyə almaq baxımından hansı ölkələr prioritet sayılmalıdır? İnkişaf etmiş ölkələrə də vəsait ayrılmalıdırmı? İqlim tədbirlərinin maliyyələşdirilməsi hədəfləri qeyri-konsessiya kreditləri də daxil bütün maliyyə növlərini əhatə edirmi? Pulların əlçatanlığını necə təmin etməli? Fonda kimlər töhfə verməlidir?

Üstəlik, "inkişaf etməkdə olan" ölkə statusundan çıxan, ancaq 20-dən artıq tarixən sənayeləşmiş dövlətlər siyahısında olmayan ölkələrin öhdəlikləri də mübahisə mövzusudur.

Üfunətli hava, zibilli sahil, kirli qağayılar - Hövsan
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

"Özəl sektor böyük rol oynamalıdır"

İnkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri hazırda ortaya qoyulan vəsaitdən 18 dəfə çox maliyyə tələb edir. Bu daha öncə düşünüldüyündən azı 50 faiz daha çox deməkdir. Babayev hesab edir ki, bu məsələdə özəl sektor böyük rol oynamalıdır. "Bunu necə etməli olduğumuz danışıqların mövzusudur. Ancaq burada şəffaflıq çox vacibdir, çünki bazarlar, ölkələr və özəl sektor şəffaflıq görmək istəyir", - o deyir.

COP29-un "Yaşıl Zonası" qeyri-dövlət aktorlarının təcrübə mübadiləsi aparması və qlobal dayanıqlılıq məqsədlərini dəstəkləmə təşəbbüslərini öyrənmək üçün platforma olmalıdır. İqlim təşkilatları dövlətləri milli səviyyədə təyin edilmiş öhdəliklərə (NDC) özəl maliyyə üçün investisiya imkanları kimi baxmağa çağırır.

"Ölkə olaraq, biz inklüzivliyi təmin etmək istəyirik. Biz dünyanın bu iqlim gündəliyi naminə toplaşmağa qadir olduğunu göstərmək istəyirik. Maliyyə məsələlərinin həllini tapmaq, su problemləri, torpağın deqradasiyası, qida təhlükəsizliyi, yaşıl şəhər layihələri və bir çox digər vacib məsələləri müzakirə etmək çox vacibdir", -M.Babayev vurğulayıb.

XS
SM
MD
LG