Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:25

COP29 da gəlib çatdı. Sülh sazişi nə vaxta qaldı?


Xəritə mübahisəsi - Bakı ilə Yerevanın əlində fərqli xəritə var?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Xəritə mübahisəsi - Bakı ilə Yerevanın əlində fərqli xəritə var?

Noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında atəşkəs bəyanatı imzalansa da, dörd il keçməsinə baxmayaraq, Bakı və Yerevan hələ də sülh müqaviləsi imzalanmayıb.

Həm Azərbaycan, həm Ermənistan rəhbərliyi müxtəlif çıxışlarda sülh müqaviləsinin layihəsinin əksər bəndlərinin razılaşdırıldığını bildirirlər. Tərəflər bu həftə danışıqlarla bağlı bir-birlərinə növbəti cavablarını çatdırdıqlarını açıqladılar. Ekspertlər düşünürlər ki, müəyyən amillər prosesə təkan verə bilər.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr Zəfər Günü ilə bağlı yaydığı bəyanatda qeyd edir ki, hazırda sülh sazişi layihəsi üzrə ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub. Ancaq çağırış və təhdidlər hələ də qalır: "Xüsusilə, Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddiaları, habelə bu ölkəni yenidən hərbi təcavüzə sürükləyən tərəflərin mövcudluğu fonunda Ermənistanın hərbiləşməsi davamlı sülh üçün maneədir".

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

"Real zaman yetişməkdədir"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, sülh danışıqlarında nəticə əldə olunması üçün real zaman yetişməkdədir. Onun fikrincə, buna təkan verə biləcək hadisələr artıq baş verib. Birincisi, ABŞ-da prezident seçkisinin nəticəsi bəlli olub. İkincisi, 2025-ci ildə Rusiya-Ukrayna müharibəsinin nəticələri haqqında yekun bir fikir formalaşa bilər. Deputat bu iki məsələnin Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına ciddi aidiyyəti olduğunu deyir.

H.Babaoğlunun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanı sülhdən yayındırmağa çalışan iki mərkəz var idi: "Onlardan biri ABŞ-dakı seçkilərdən sonra artıq əvvəlki dəstəyi verməyəcək. İkinci mərkəz isə Fransadır. Amma dünən (noyabrın 7-də) Budapeştdə keçirilən Avropa Siyasi Cəmiyyətinin konfransında Fransa prezidenti Emmanuel Makron dedi ki, Fransa imperializmin əleyhinədir və sərhədlərin yenidən formalaşması məsələsini müzakirə etmək istəmir. Bunu Fransanın mövqeyinin yumşalması ehtimalı kimi dəyərləndirmək olar. Məncə, bu mövqe də Ermənistanın davranışına təsir edəcək".

Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Antoni Blinkenin Münhendə üçtərəfli görüşü.
Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Antoni Blinkenin Münhendə üçtərəfli görüşü.

ABŞ-ın indiki administrasiyası son aylar tərəfləri sülh sazişini imzalamağa çağırır, özünün bu yöndə "cəsarətli" təşəbbüslərə hazır olduğunu bildirirdi. Prezident Co Bayden ötən ay xüsusi köməkçisini bölgəyə göndərmiş, hər iki ölkənin liderlərinə məktub yollamışdı. Bayden noyabrın 11-də Bakıda işə başlayacaq COP29 dünya iqlim sammitini "dünya ictimaiyyəti qarşısında sülhə sadiqliyi nümayiş etdirmək üçün unikal imkan" adlandırmışdı.

Deputat H.Babaoğlunun fikrincə, ötən ay Kazanda Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında baş verən görüşdən sonra aydın oldu ki, sülh prosesi ciddi müzakirə olunur: "Ona görə də düşünürəm ki, 2025-ci ildə müəyyən addımların atılmasına şahidlik edə bilərik, amma yekun sülh yenə 2027-ci ilə qala bilər. Azərbaycanın əsas məqsədi ondan ibarətdir ki, Ermənistan öz Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası qalmasın. Biz tariximizdə bir dəfə belə səhv etmişik. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli Xan Xoyski öz məktubunda deyir ki, "biz müharibəni dayandırdıq, Ermənistana İrəvanı (Yerevan) peşkəş çəkdik, onun əvəzinə isə onlar Göyçəyə, Naxçıvana, Qarabağa iddia etməyəcəklər". Gərək o vaxt ermənilərə bununla bağlı imza çəkdirərdilər".

Azərbaycan hakimiyyəti daha öncə də 1918-ci ildə yaradılmış, ömrü cəmi iki il sürmüş Azərbaycan Cümhuriyyətini Ermənistana torpaq bağışlamaqda ittiham edib.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

Saziş layihəsinin detalları açıqlanmır deyə...

Siyasi şərhçi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, əvvəllər Rusiya, sonra Brüsselin vasitəçiliyi ilə aparılan danışıqlar indi ikitərəfli formatda gedir. Ekspertin sözlərinə görə, hər iki tərəfin bəyanatlarından elə görünür ki, sülh sazişi imzalamaq üçün siyasi iradə var və ortada olan məsələlərin də müəyyən hissəsi razılaşdırılıb. Amma o, sazişlə bağlı razılaşdırılan və razılaşdırılmayan məsələlərin ictimaiyyətə açıqlanmamasına diqqət çəkərək deyir ki, iki ölkə arasında saziş imzalanırsa, orada bəzi məsələlər mütləq yer almalıdır: "Bunlar bir-birinə qarşı bir də hərbi gücdən istifadə etməmək, ərazi iddiasının olmaması, bununla bağlı qanunvericiliyin dəyişməsi, silahlanma ilə bağlı müddəalar yer ala bilər".

N.Məmmədli vurğulayıb ki, sazişin detalları tam şəkildə bəlli olmadığından hansı məsələdə fikir ayrılığının olduğunu demək çətindir. Politoloqun fikrincə, ola bilsin, tərəflər Azərbaycan ərazisinə dəyən ziyana görə kompensasiya məsələsində razılığa gələ bilmirlər.

Təhlilçi ABŞ-da Donald Tramp prezident seçiləndən sonra Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün daha əlverişli mühit yaranacağını bildirir: "Düşünürəm ki, sülh müqaviləsinin imzalanması üçün çox da böyük vaxt sərf olunmayacaq".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG