Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:48

Mərhum nazirin oğlunun 400 min manatlıq yeyintiyə görə məhkəmədə dindirilməsi tələb olundu


Arif Rəhimov
Arif Rəhimov

Mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun 400 min manata yaxın yeyinti ilə bağlı məhkəməyə çağrılıb dindirilməsi tələb olunur. Noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə vəsatət qaldırılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin keçmiş şöbə müdiri Çingiz Mehdiyev "Formula-1" yarışlarının təşkili zamanı 398 min manatdan çox yeyintidə suçlanır. Bu işə aylardır adıçəkilən məhkəmədə baxılır. A.Rəhimov da Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru olub.

Ç.Mehdiyevə ittiham verilib ki, "Formula 1" yarışlarının keçirilməsindən ötrü gərəkli avadanlığın alınması üçün anasının, sürücüsünün adına xaricdə açdığı şirkətlərlə müqavilə bağlayıb, onların hesabına pullar köçürüb, bu yollarla yeyintiyə yol verib. O isə deyir ki, bu yarışların keçirilməsi üçün lazım olan avadanlıqla təmin edə biləcək şirkətlər yox idi. Bu üzdən özü xaricdəki tərəfdaşlarla danışıqlar aparıb. Ç.Mehdiyev iddia edir ki, atdığı hər bir addımdan, o cümlədən pulların onun yaxınlarının adına olan şirkətlərin hesabına köçürülməsi yoluyla ödənilməsindən nazir oğlunun da xəbəri vardı. Onun sözlərinə görə, özbaşına heç bir iş görməyib.

Şahid kimi dindirilsə də...

A.Rəhimov bu cinayət işinin istintaqı vaxtı da şahid kimi dindirilib. Ancaq iş məhkəməyə göndəriləndə ittiham tərəfi məhkəmədə dindirilməsini istədiyi şahidlərin siyahısına onun adını salmayıb. Elə bu səbəbdən Ç.Mehdiyevin vəkilləri onun məhkəməyə çağrılıb dindirilməsi haqda vəsatət qaldırıb. Vəkil A.Rəhimovla bağlı vəsatəti əsaslandırarkən vurğulayıb ki, o, şirkətin rəhbəri olub. "Formula 1" də beynəlxalq səviyyəli yarışdır, keçirilməsinə təxminən 150 milyon dollar ayrılır.

"Bu vəsaitin necə xərcləndiyinə nəzarət etmək, rəhbər kimi onun borcu idi. Bu gün də gəlib burada cavab verməlidir", - vəkil Araz Hüseynlinin sözləridir.

Çingiz Mehdiyev
Çingiz Mehdiyev

Prokuror məhkəmədə indi məhz Ç.Mehdiyevin işinə baxıldığını, bu üzdən A.Rəhimovun dindirilməsinə ehtiyac görmədiyini, ancaq hakimlər uyğun bilib onu çağıracağı halda, buna etiraz etmədiyini söyləyib.

Məhkəmədə müzakirələr zamanı o da aydınlaşıb ki, istintaq vaxtı mərhum nazirin oğlu ilə bağlı ayrıca araşdırmalar aparılsa da, sonda onunla bağlı cinayət işi açılması tələbi rədd edilib. Cinayət işinin materialları arasında bu barədə qərar var.

Hakimlər mərhum nazirin oğlunun məhkəmədə dindirilməsinə dair vəsatəti baxılmamış saxlayaraq bildiriblər ki, əsas şahidlərin dindirilməsi başa çatandan sonra əlavə şahidlərlə bağlı vəsatətlərin müzakirəsində bu haqda qərar veriləcək.

İttiham tərəfinin siyahısındakılardan iki şahid qalıb və onlar məhkəməyə gəlmir. Söhbət Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təchizatçısı Zaur Məlikaslanovdan və qurumun şöbə müdirinin (Ç.Mehdiyevin özünün) müavini olmuş Urfan Tağızadədən gedir. Onların hər ikisinin haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

Xatırlatma

Ç.Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia edilir ki, Ç.Mehdiyev "Formula 1" yarışlarının təşkilinə ayrılmış büdcə vəsaitinin bir bölümünü Seyşel adalarında anasının adına qeydiyyatdan keçmiş "Dayton Investment LTD" şirkətinin və ailənin sürücüsü Mais Abdullayevin hesablarına köçürməklə mənimsəyib. İttihama görə, yarışların təşkilində gərəkən avadanlığın alınması, xidmətlərin göstərilməsi adıyla bu hesablara 398 min manatın köçürülmə prosesi 2016-2018-ci illərdə olub.

Ç.Mehdiyev haqqında araşdırmalar onun keçmiş həyat yoldaşı Nərminə Əkbərovanın müraciəti əsasında başlanıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ilkin araşdırmalardan sonra onun cinayət məsuliyyətinə cəlb olunmasına qərar verilib.

Keçmiş həyat yoldaşı iddia edir ki, Ç.Mehdiyev "Formula 1"ə ayrılmış vəsaitlin bir hissəsini ələ keçirərək özü və qardaşı Zaur Mehdiyevin adına xeyli əmlak alıb. Bu əmlaklar arasında ABŞ-da evlər də var.

Ç.Mehdiyev özünü təqsirli bilmir və deyir ki, "Formula 1" yarışlarının təşkilində 2015-ci ildən iştirak etməyə başlayıb, anası Leyla Əliyeva isə şirkəti bundan üç il öncə - 2012-ci ildə qurmuşdu və 4 milyon manatdan çox dövriyyəsi vardı.

A.Rəhimov 2022-ci ilin oktyabrında vəzifəsindən azad edilib. Onun yerinə Milli Gimnastika Arenasının icraçı direktoru Maqsud Fərzullayev təyin olunub.

XS
SM
MD
LG