Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:49

Fermer toxum və gübrə dərdinə çarə arayır


Combines harvest wheat in a field in the Zaporizhzhia region
Combines harvest wheat in a field in the Zaporizhzhia region

Gübrəyə tələbatın cəmi 36 faizi ödənilib

Hesablama Palatası ötən il dövlət büdcəsindən kənd təsərrüfatı üçün istifadə edilən xərcləri araşdırıb. Bəlli olub ki, Azərbaycanda həm gübrə, həm də keyfiyyətli toxun sortlarından yararlanma baxımından ciddi çatışmazlıqlar var.

Palatanın açıqladığı rəqəmlərdən bilinir ki, ötən il 1 milyon 344 min hektarlıq əkin sahəsinə gübrə verilib və bu zaman 122 min ton gübrədən istifadə edilib. Bu göstəricilərə dayanan hesablamadan belə çıxır ki, hər hektara təxminən 91 kiloqram gübrə verilib. Palata bildirib ki, həmin göstərici məhsuldarlığın artırılması üçün tələb olunan aqrotexniki normalardan kəskin ölçüdə azdır.

Gübrəyə tələbatın necə qarşılanması da diqqət çəkir. Təqdim edilən bilgilərə əsasən hesablanıb ki, ötən il ölkədə 338 min ton gübrəyə ehtiyac varmış, ancaq 122 min ton gübrədən istifadə o deməkdir ki, tələbatın cəmi 36.1 faizi qarşılanıb. Bu da torpağın verimliliyini azaldıb və dolayısıyla, idxaldan asılılığı artırıb.

Son illər mineral gübrə bazarında qlobal dəyişikliklər baş verdiyini də gözardı etmək olmaz. Nəticədə, gübrələrin qiyməti kəskin yüksəlib. Beləcə, ərzağın da qiyməti bahalaşıb. Başqa deyimlə, ərzaq məhsullarında qiymət artımlarının sürətlənmə səbəblərindən biri də gübrələrin daha baha əldə edilməsidir. Bunu nəzərə alan Hesablama Palatası öz araşdırmasında bildirib ki, hökumət həmin yöndə fəaliyyətini gücləndirməlidir. Axı tələbata uyğun gübrə gətirilsə, verimlilik artsa, kənd təsərrüfatı məhsullarının idxalına da ehtiyac azalar.

Unutmaq olmaz ki, bəzi strateji məhsulların idxaldan asılılığı iqtisadi risklərlə yanaşı, siyasi risklər də doğurur. Bu, özəlliklə taxıl məhsullarına aiddir. Rəsmi rəqəmlər göstərir ki, ötən il qlobal taxıl böhranının baş verməsi Azərbaycanın bu məhsula xərclədiyi vəsaiti də çoxaldıb. Azərbaycana 2021-ci ildə xaricdən 1 milyon 148 min ton buğda gətirilmiş və buna toplam 332 milyon dollar xərclənmişdi. O vaxt buğdanın hər tonuna, ortalama, 289 dollar ödənmişdi. Ötən il bu rəqəm 338 dollara yüksəlib. Deməli, xaricdən gətirilən buğdanın tonu 17 faiz bahalaşıb.

2021-ci ilə aid rəqəmlərə görə, Azərbaycan idxal etdiyi buğdanın 95.3 faizini təkcə Rusiyadan gətirmişdi. Strateji məhsul sayılan buğda təminatında beynəlxalq səviyyədə qısnanmış, üstəlik, qarşılıqlı münasibətlərin gərgin olduğu Rusiyadan yüksək asılılıq Azərbaycana əlavə siyasi təhdidlərə yol açmazmı? Statistik bilgilərdən aydın olur ki, ötənilki “taxıl böhranı” Azərbaycanın buğda ilə təminatında Rusiyanın payının nisbətən azaldıb. Əvəzində Azərbaycanın Qazaxıstandan buğda idxalı kəskin artıb. Di gəl, Azərbaycanın buğda ilə təminatında Rusiyanın payı hələ də çox böyükdür.

Ötən il Qazaxıstandan 280 min ton buğda gətirilib və bu 2021-ci ilin göstəricisindən 5.3 dəfə çoxdur. Rusiyadan gətirilən buğda həcmi isə 8 faiz azalaraq, 1 milyon tona enib.

Rusiyadan buğda idxalı 8 faiz azalsa da, bahalaşma üzündən, ötən il Azərbaycan Rusiyaya 2021-ci illə müqayisədə 17 faiz daha çox – 337.5 milyon dollar ödəyib. Beləcə, 2022-ci ilin nəticələrinə görə, Azərbaycana buğda idxalının 78 faizi Rusiyanın, 22 faizi Qazaxıstanın payına düşüb. Deməli, il ərzində Azərbaycanın buğda idxalında Rusiyanın payı 95 faizdən 78 faizə geriləyib.

Toxum da problemdir

Hesablama Palatasının araşdırması yüksək keyfiyyətli toxumlarla təminat baxımından da çətinlikləri üzə çıxarıb. Ötən il dövlət büdcəsindən “toxum və ting istehsalının dəstəklənməsi” istiqamətində 8.4 milyon manat vəsait ayrılıb. İl boyunca bu vəsaitin cəmi 7.4 milyon manatından istifadə edilib. Xərclənən vəsaitin 89 faizi buğda və arpa toxumuna verilən subsidiyadır. Bu baxımdan, Hesablama Palatasının fikrincə, ölkəni yüksək keyfiyyətli toxumla təminat istiqamətində hökumətin fəaliyyəti yaxşılaşdırılmalıdır. Belə toxumlardan istifadə məhsuldarlığın artırılmasında şərtdir. Əksd halda idxaldan asılılıq azalmaz və ərzaq güvənliyi artmaz.

Açıqlanan bilgilər göstərir ki, ərzaq təhlükəsizliyi baxımından önəmli sayılan buğda, arpa, kartof kimi məhsulların yüksək keyfiyyətli toxumlarına tələbat yerli istehsal hesabına ödənilə bilmir. Bundan başqa, yüksək verimlı toxumlara illik kvotanın real tələbatdan aşağı səviyyədə müəyyənləşdirilməsi və bu tendensiyanın davam etməsi toxumlara ehtiyacın idxal hesabına təmin olunmasına gətirib çıxarır. Hesablama Palatası bu asılılığın aradan qaldırılması üçün uyğun elmi-tədqiqat institutları fəaliyyətinin yaxşılaşdırılmasına ehtiyac olduğunu vurğulayıb. Eyni zamanda, toxum yetişdirən qurumların da işi qiymətləndirilməlidir, axı problemin çözümü xeyli dərəcədə də bundan asılıdır.

Ölkədə yüksək keyfiyyətli toxum çeşidləriylə bağlı problemləri müstəqil ekspertlər də vaxtaşırı gündəmə gətirirlər. Azərbaycanda kənd təsərrüfatında istifadə edilən toxumların keyfiyyət dərəcələri bilinmir. Dünya ölkələrinin bir çoxunda əkin ərazilərinin nə qədərində yüksək, nə qədərində aşağı keyfiyyətli toxumdan istifadə edildiyi açıqlanır. Digər tərəfdən, bir çox ölkədə istifadə edilən toxumların keyfiyyətinə ciddi nəzarət aparılır və aşağı keyfiyyətli toxumlardan istifadə məhdudlaşdırılır. Bu istiqamətdə həm bazara çıxarılan toxumların keyfiyyəti, həm də fermerlərin yetişdirdiyi məhsullardan əldə etdiyi və əkin üçün yararlandığı toxumların keyfiyyəti yoxlanılır.

Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın yetərsizliyini torpaq və su resursları ilə yanaşı, toxumların keyfiyyətinə nəzarət edilməməsi ilə də əlaqələndirmək olar. Həll yolu keyfiyyətli toxum sortlarının sayca artırılmasından və istifadə edilən toxumlara nəzarət mexanizminin qurulmasından keçir.

XS
SM
MD
LG