Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:29

Büdcəyə daxil olan gömrük ödənişləri niyə 5 faiz azalıb?


Astara sərhəd keçid məntəqəsi
Astara sərhəd keçid məntəqəsi

Maliyyə Nazirliyi 2024-cü ilin birinci rübünə olan dövlət büdcəsi göstəricilərini açıqlayıb. Bu bilgilər arasında büdcəyə daxil olan gömrük ödənişləri daha çox diqqət çəkir. Rəsmi rəqəmlərə görə, bu ilin ilk üç ayında Azərbaycanın dövlət büdcəsinə gömrük orqanları xətti ilə toplam 1 milyard 470 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 faiz az deməkdir. Bu azalmaya baxmayaraq, 2024-cü ilin ilk rübündə dövlət büdcəsinin toplam gəlirlərinin 16 faizi məhz gömrük daxilolmaları hesabına təmin edilib. Başqa deyimlə, Azərbaycanın dövlət büdcəsinə daxil olan təxminən hər altı manatdan biri məhz gömrük ödənişləridir.

Azalmanın səbəbləri

İlin ilk rübündə gömrük daxilolmalarının azalmasının əsas səbəbi inflyasiyanın səngiməsidir. Nəzərə almaq lazımdır ki, son bir neçə ildə istər Azərbaycanda, istərsə qlobal iqtisadiyyatda ciddi qiymət artımları baş verib. Gömrük ödənişləri daha çox idxal edilən məhsullar hesabına təmin edildiyindən həmin məhsulların bahalaşması onlara görə tutulan gömrük rüsumlarının da həcmini artırırdı.

İnflyasiya əhalinin sosial-iqtisadi rifahını pisləşdirsə də, dövlət büdcəsinin gəlirlərini artırırdı. Bunu Hesablama Palatasının açıqladığı göstəricilər də təsdiqləyir. Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində bildirilirdi ki, həmin il gömrük orqanı xətti ilə toplam 3 milyard 900 milyon manatın toplanması proqnozlaşdırılıb. Di gəl, yekunda deyilən xətlə 4 milyard 343 milyon manat, yəni proqnozdan 443 milyon manat və ya 11.4 faiz çox toplanmışdı. Hesablama Palatasının araşdırmasına görə, gömrük orqanlarının topladığı vəsaitin 89 faizi qiymət artımları qeydə alınan sahələrdə müşahidə edilib. Buna əsaslanaraq Hesablama Palatasının rəyində qeyd olunur ki, Gömrük Komitəsinin topladığı vəsaitin 15 faizi sırf bahalaşmadan qaynaqlanıb.

'Yolumuz 5 manat idi, indi olub 5 min manat' - Şimalda bağlı sərhədlərə belə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Qurumun 2021-ci ildə topladığı toplam yığım həcminin 4 milyard 343 milyon manat olduğu nəzərə alınsa, məlum olur ki, bu vəsaitin 651 milyon manatı sırf qiymət artımları səbəbindən formalaşıb. Beləcə, gömrük yığımlarının proqnozdan çox toplanması gömrük orqanının hansısa əlavə və yüksək fəaliyyəti nəticəsində deyil, bahalaşma və dolayısıyla, gömrük yığımlarının da artması hesabına baş verib. Hətta qiymət artımları hesabına toplanan vəsaitin (651 milyon manatın) proqnozdan artıq toplanan vəsaiti (443 milyon manatı) qabaqlaması onu göstərir ki, yüksək inflyasiya qeydə alınmasaydı, gömrük orqanı nəinki proqnozdan daha çox vergi toplayar, heç proqnoza da tam nail ola bilməzdi.

Eyni hal Dövlət Gömrük Komitəsinin 2022-ci illə bağlı fəaliyyətində də qeydə alınmışdı. Həmin vaxt gömrük orqanı 4 milyard 605 milyon manat proqnoza qarşı 5 milyard 654 milyon manat - 22.8 faiz artıq vəsait toplamışdı. 2022-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı rəyində Hesablama Palatası bildirirdi ki, komitənin topladığı vəsaitin 17 faizi, yəni təxminən 961 milyon manatı inflyasiya ilə bağlıdır, çünki qiymətlər bahalaşdığından həmin məhsullar üçün alınan ödənişlər daha yüksək olmuşdu. Beləcə, rəsmi rəqəmlərdən görünür ki, yüksək inflyasiya 2021-2022-ci illərdə Azərbaycanda əhalinin ciddi yoxsullaşmasına gətirib çıxarsa da, dövlət büdcəsinə təxminən 1.5 milyard manat əlavə vəsait qazandırıb. İndi isə qiymət artımları nisbətən səngidiyindən inflyasiyanın gömrük yığımlarına təsiri də azalıb. Elə bu üzdən, dövlət büdcəsinə gömrük orqanları xətti ilə daxil olan ödənişlərdə azalma baş verib.

Sahibkar Mikayıl Cabbarova şikayət etdi: Gömrük Komitəsi bizi müflis etdi
Gözlə

No media source currently available

0:00 0:15:57 0:00

Hökumət həmin vəsaitdən necə yararlana bilərdi?

Yüksək inflyasiya pulun alıcılıq dəyərini azaldır, dolayısıyla, əhalinin rifahını pisləşdirir. Rəsmi rəqəmlərə görə, əgər 2019-cu ildə Azərbaycan əhalisi ərzağa adambaşına ayda 168 manat xərclədiyirdisə, ötən il qiymət artımları üzündən bu rəqəm 271 manata yüksəlib, yəni 61 faiz artıb. Belə kəskin bahalaşma dövründə hökumətlərin ilk ağla gələn antiinflyasiya tədbirlərindən biri gömrük rüsumları vasitəsi ilə qiymətlərə müdaxilədir. Axı qiymətlərin formalaşmasına həmin məhsulların gətirilməsinə ödənilən gömrük rüsumları da daxildir. Belə bir şəraitdə gömrük rüsumlarının azaldılması məhsulun maya dəyərinin nisbətən ucuzlaşmasına və qiymətin daha aşağı olmasına yol açır.

Hesablama Palatasının açıqladığı göstəricilərdən görünür ki, qiymət artımları hesabına 2021 və 2022-ci illərdə Azərbaycan hökuməti gözlədiyindən daha çox gömrük rüsumu əldə edib. Amma hökumət zəruri ərzaq məhsullarına gömrük güzəştləri təmin etməyib. Başqa sözlə, nəzərdə tutulan qədər gömrük rüsumu yığıldığından artıq vəsaitlərin yığılması yerinə bəlli güzəştlərə getmək olardı. Bu addım qiymətləri nisbətən ucuzlaşdırardı. Di gəl, Azərbaycan hökuməti əhalinin xərclərini azaltmaq yerinə, özünün gəlirlərini artırmaq yolunu seçib.

Üstəlik, bir çox ölkə gömrük gəlirlərinə büdcəni doldurmaq vasitəsi kimi baxmır. Bu ölkələrdə gömrük tariflərinin əsas funksiyası iqtisadiyyata və qiymətlərə təsir göstərməkdir. Ancaq Azərbaycanda büdcənin neft-qaz gəlirlərindən asılılığı bu sahədən olan gəlirləri büdcədən ötrü əsas mənbələrdən birinə çevirir. Beləcə, hökumət gömrük siyasətinə iqtisadiyyatı stimullaşdırmaq aləti kimi deyil, büdcəni doldurmaq aləti kimi baxır. Bu yanaşma isə son nəticədə həm insanların xərclərini artırır, həm də gömrük rüsumları vasitəsi ilə qiymətlərə təsir imkanını hökumətin əlindən alır.

XS
SM
MD
LG