Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

Binəsib uşaqlar da məmur biznesinə çevriləndə [araşdırma]


Bakıda binəsib uşaqlar
Bakıda binəsib uşaqlar

Yəqin ki, ən azı, ekran başında türk dizilərinə baxarkən şirkətlərin dövlət layihələrini udmaq üçün tenderlərdə (türkcə - ihalə) qızğın mübarizəsinin şahidi olmusunuz. Telekanallar da bu tenderlərdən canlı reportajlar hazırlayır, hər kəs büdcə vəsaiti hesabına icra ediləcək layihənin kimə qismət olmasını həyəcanla gözləyir...

Azərbaycanda bunu xəyal etmək belə mümkün deyil. Bütün dövlət satınalmaları bağlı qapılar arxasına keçirilir. Əsas kimi də o göstərilir ki, «qanunda kənar şəxslərin tender komissiyasının işinin hər hansı mərhələsində iştirakı nəzərdə tutulmayıb. Prosesdə komissiya üzvlərindən başqa iddiaçı şəxslər iştirak edib». Elə bu səbəbdəndir ki, bəzən dövlət vəsaiti bir başqasına deyil, elə tenderi təşkil edən dövlət qurumunun rəhbərinə yaxın olan təşkilata qismət olur. Gənclər və İdman Nazirliyi nəzdində gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzində (GPEAM) olduğu kimi.

Buna da bax:​ Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

Dövlət büdcəsindən maliyyələşdirilən GPEAM direktoru Qədəmşah Qədəmşah oğlu Sadıxovdur. O, həm də Azərbaycan Binəsib Uşaq və Gənclər Birliyinin sədridir.

Qədimşah Sadıxov (ortada). Mənbə: http://gencalim.az
Qədimşah Sadıxov (ortada). Mənbə: http://gencalim.az

Əvvəlki illərə dair məlumatlar açıqlanmasa da, 2011-2012-ci illərdə bu iki qurumun «işbirliyini» təsdiq edən azı 3 müqavilə var. Dəyirmi masaların, sosioloji sorğuların keçirilməsi üçün Mərkəz ictimai birliyə üst-üstə 141 min 720 manat ödəyib. Təsəvvür etmək belə bütün etik normaları aşır: masaya qoyulmuş müqavilənin hər iki tərəfində məntiqlə Qədimşah Sadıxovun imzası var. Məsələ burasındadır ki, qanunvericiliyə görə, dövlət qurumunda imza səlahiyyəti onun rəhbərinə məxsusdur. Binəsib Uşaq və Gənclər Birliyinin sədrinin müavini olması haqda isə səhih məlumat yoxdur.

Buna da bax: 'Yunan allahları'nın Azərbaycan hökuməti ilə müəmmalı biznesi [2-ci yazı]

AzadlıqRadiosu 5-6 il bundan öncəki dövrə aid olan bu müəmmalı sövdələşmələrlə bağlı Qədəmşah Sadıxovun arqumentlərini əldə edə bilməyib. Telefon zənglərinə cavab olaraq onun qurumda olmadığını söyləyiblər.

Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi

2011-ci il ərzində 3 tədbirin və 6 sosioloji sorğunun təşkili ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınması

Azərbaycan Binəsib Uşaq və Gənclər Birliyi

48640

Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi

2012-ci il ərzində 4 dəyirmi masa və 6 sosioloji sorğunun təşkili xidmətlərinin satın alınması

Azərbaycan Binəsib Uşaq və Gənclər Birliyi

47060

Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi

2012-ci il ərzində 4 tədbirin (2 dəyirmi masa, 2 konfrans) və 5 sosioloji sorğunun təşkili xidmətlərinin satın alınması

Azərbaycan Binəsib Uşaq və Gənclər Birliyi

46020

Mənbə: İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

Buna da bax: Əliyevlərlə bağlı şirkətlərdə 'yunan allahları' [qısa araşdırma]

Potensial maraq toqquşması riski olan bu halı şərh edərkən satınalmalar üzrə ekspert Elvin Yusifli güman edir ki, hökumətin nəzarət qurumlarında bu hadisəyə göz yumulub. Formal bəhanə isə qanunvericilikdə satınalan təşkilatın rəhbərinin iddiaçının də rəhbəri olmasını birbaşa qadağan edən və bu əsasda satınalma prosedurunda iştirakı məhdudlaşdıran norma yoxdur:

«Belə iddia oluna bilər ki, qurumun rəhbəri tender prosesinə bilavasitə qarışmır, qərarvermə səlahiyyəti yoxdur. Amma bu, o demək deyil ki, qanunvericilikdəki boşluq, onun xeyrinə yozulsun. Ən azından ona görə ki, xidməti təklif edən şəxsə münasibətdə həmin qurumun rəhbəri maraqlı tərəf statusundadır və bu heç elementar etika normaları ilə də uyğun gəlmir: bir tərəfdə işi sifariş verən qurum, digər tərəfdə isə icraçı və onların eyni vaxtda hər ikisinin rəhbəri olan vəzifəli şəxs».

Ekspert Elvin Yusifli
Ekspert Elvin Yusifli

«Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin eksperti Elvin Yusiflinin fikrincə, bu tipli situasiyalarda tender komissiyasının tərkibinin öyrənilməsi zəruridir: orada təkcə satınalan qurumun nümayəndələrimi olub, yoxsa əlaqədar dövlət təşkilatlarından nümayəndə (məsələn, Maliyyə Nazirliyi) və müstəqil ekspert dəvət olunubmu? Bəlkə elə özləri oturub qərar veriblər? Axı, komissiya üzvləri dəvət olunan təşkilatın rəhbərinin həm də elə onların müdiri olduqlarını bilməmiş deyillər...

Buna da bax:​ Azərbaycandan ofşora 85 milyonu necə çıxardılar- [Araşdırma]

«Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilikdə mövcud olan bir sıra boşluqlar dövlət satınalmalarının azad rəqabət əsasında həyata keçirilməsinə əngəl törədir. Şirkətlərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar açıq deyil. Vəzifəli şəxslərin maliyyə məlumatlarını açıqlaması barədə tələb qanunvericilikdə tam əks olunmadığı üçün işlək deyil. Nəticədə, tender nəticələri zamanı ortaya çıxa biləcək maraqlar toqquşması hallarını müəyyənləşdirmək çətinləşir».

«Şəffaflıq Azərbaycan» təşkilatının «Şərq tərəfdaşlığı» üzv dövlətlərində dövlət satınalmaları sahəsində qanunvericiliyin qiymətləndirilməsi layihəsi çərçivəsində hazırladığı hesabatda belə deyilir.

Maaş az olanda

GPEAM-ın yuxarıda bəhs edilən satınalma müqavilələri onun vasitəsilə indiyədək dövlət büdcəsindən cəlb olunan vəsaitlərin şübhəli yollarla xərclənməsini təsdiq edən faktların bir neçəsidir. Mərkəzin son illər tərəfdaş olduğu kommersiya qurumlarının bəzisinin adları vergi cinayətlərində hallanır. Həmin bu şirkətlərin bir çoxu isə büdcə vəsaitlərinin nağdlaşdırılması üçün istifadə olunan «birgünlük» şirkətlərdəndir. Daha bir nonsens isə odur ki, şirkətlərdən ikisinə bir başqası deyil, elə Elmi Araşdırmalar Mərkəzinin işçisi Aypara Əhmədova rəhbərlik edir.

Buna da bax: Azərbaycanın 'qərbli siyasətçiləri necə satın alması' araşdırılıb

Screenshot: Azərbaycan Respublikasının Vergilər nazirlyinin məlumat bazası
Screenshot: Azərbaycan Respublikasının Vergilər nazirlyinin məlumat bazası

«Coomon» MMC 2013-cü ilin noyabr ayında yaradılıb. Onun, eləcə də GPEAM-nin tərəfdaşı olan digər şirkətin - «Azrem» MMC-nin direktoru Aypara Əhmədovadır. Linkedin sosial şəbəkəsində o, həm də 2013-cü ilin noyabrından GPEAM-də işlədiyini yazır. Gənclər və İdman Nazirliyində AzadlıqRadiosu-na deyiblər ki, A. Əhmədova 2015-ci ilin noyabr ayının 30-da öz ərizəsi ilə işdən azad olunub. Səbəb kimi isə «maaşının az olduğunu» göstərmişdi.

Aypara Əhmədovanın məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışdıq. Lakin nə GPEAM-də onun əlaqə vasitəsini bilən oldu, nə də şirkətlərinin ofisini tapmaq mümkün oldu.

Bu il, fevral ayının 21-də Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi «Coomon» MMC ilə il ərzində 11 sosioloji sorğunun keçirilməsi məqsədilə 45 min 100 manat dəyərində müqavilə bağlayıb.

Buna da bax: Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

Screenshot: tender.gov.az
Screenshot: tender.gov.az

Mərkəzin baş mühasibi İrina Yusupova AzadlıqRadiosu-na deyib ki, kotirovka sorğusu haqda bildiriş üç təşkilata (Azərbaycan Binəsib Uşaq və Gənclər Birliyi, «Az İn Kom» MMC və «Coomon» MMC) göndərilib. «Coomon» MMC qalib elan edilib. Mərkəzin direktor müavinin Fuad Əliyev «Coomon» şirkətinin qalib gəldiyi bildirilən kotirovka sorğusunun qapalı çevrədə keçirildiyini, bu haqda elanın mediada və İqtisadiyyat Nazirliyinin informasiya resursunda dərc edilmədiyini təsdiq edib.

«Coomon» MMC-nin (VÖEN 1802204171) GPEAM ilə «qarşılıqlı faydalı əməkdaşlığı» 2015-ci ildən başlayıb. O vaxtdan qurum sosioloji sorğu və ictimai tədbirlərin keçirilməsi üçün vəsaitlər bu şirkətə ötürür. 2015-ci və 2016-cı illərdə mərkəz bu məqsədlə şirkətə müvafiq olaraq 35 600 və 20 min 62 manat ödənilib.

Buna da bax:​ Italyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır

Mətbəəyə sahib olub-olmadığı məlum olmayan «Azrem» MMC (VÖEN 1802203941) isə 2014-2015-ci illərdə GPEAM-dən çap işlərinin həyata keçirilməsindən ötrü eyni məbləğdə - 46 min 800 manat pul alıb. Bu şirkət haqda ictimaiyyətə başqa heç nə məlum deyil.

Screenshot: İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Screenshot: İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

Ədliyyə Nazirliyinin 2003-cü ildə təsdiq etdiyi «Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair təlimat»da tələb olunur ki, tender komissiyası kotirovka sorğusunun şərtlərini təsdiq edərək «əməli cəhətdən məqsədəuyğun sayda, 3-dən az olmamaq şərti ilə potensial imkanı olan malgöndərənlərin (podratçıların) siyahısını tərtib edir və onlara kotirovka sorğusunun şərtlərini göndərir». Araşdırdığımız sənədlərdən görünür ki, GPEAM bir qayda olaraq satınalma prosedurlarına o şirkətləri çağırır ki, onların potensial imkanları bir möhürdən o tərəfə keçmir.

Buna da bax: Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]

Bu və digər suallara cavab tapmaq üçün AzadlıqRadiosu Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin direktor müavini Fuad Əliyevə müraciət edib.

- Fuad müəllim, sosioloji sorğuların keçirilməsindən ötrü müsabiqənin təşkili haqda elanı mətbuatda yerləşdirmirsiz?

- Bu, iqtisadi bölməyə aid sualdır və baş mühasibdən daha doğru cavab ala bilərsiz.

- Mərkəzin mühasibi deyir ki, belə bir elan vermirik. Sizinlə bunun həqiqət olub-olmadığını dəqiqləşdirmək istədim. Bəs, qalib şirkət - «Common» MMC-nin ixtisas uyğunluğu yoxlanılıb? Bacarır, mütəxəssisləri var...

- Bəs necə, elə şey olar? Biz onları tanıyırıq. Belə işlərlə məşğul olurlar. Uzun müddətdir bu sahədə çalışırlar və geniş təcrübələri var. Sənədlərdə və canlı olaraq müşahidə etmişik. Ola bilsin ki, özlərini çox nümayiş etdirmirlər. Vaxtaşırı onlara müraciət olunur və onların təkliflərindən istifadə olunur.

Buna da bax:​ "Kürü Diplomatiyası: Nə qədər almısız?"

- Amma bizim bu şirkətlə bağlı internetdə axtarışlarım bir nəticə vermədi. Saytları, telefonları da yoxdur. Siz onları fərdi qaydada kotirovka sorğusuna dəvət etmisiniz?

- Xeyr. Sizi konkret nə maraqlandırır?

- «Common» MMC bu tipli işlərə dair təcrübəsini təsdiq edən sənədlər təqdim edibmi?

- Əlaqədə olduğu digər təşkilatları deyirsinizsə, o haqda mənim məlumatım yoxdur. Əlimin altında da o haqda bir sənəd yoxdur ki, qaldırıb sizə deyim.

- Qayıdaq sifarişiniz əsasında şirkətin apardığı sorğulara. Bu sorğuların mövzularını necə seçirsiz?

- Son zamanlar üzə çıxan kəskin problemləri, gənclərin rastlaşdıqları çətinliklərin araşdırma yollarını sorğu keçirməklə üzə çıxarmaq istəyirik.

- Fuad müəllim, sorğu aparılan məsələlərdən biri «Bölgələrdə gənc müəllim»... problemidir. Bu, köhnəlmiş mövzu deyilmi? Hökumət artıq bu problemi həll edib...

- Siz tam məlumatlı deyilsiniz bu sahədə, ona görə bu cür suallar verirsiniz. Məqsəd gənc müəllimlərə bölgələrdə çalışmağa həvəsləndirmək üçün verilən imtiyazların təkmilləşdirilməsində yeni imkanları üzə çıxarmaqdır.

- Bu, Təhsil Nazirliyinin problemi deyilmi?

-Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Məsələni birbaşa həmin nazirliyin üzərinə qoymaq – bu, düzgün deyil.

Buna da bax:​ Xaricdən rüşvət alıb, büdcə pulunu dağıdanlar kimlərdir?

- Bəs «vətənpərvər gənclik» nə deməkdir? Mövzularınızdan biridir.

- Vətənpərvərlik düşüncəsinin geniş təbliğ olunması, bu sahədə maarifləndirmə və ən aktual mövzulara toxunmaq – bir sözlə, düşüncənin təbliği. Çox təəssüf ki, hazırda bu düşüncə istənilən səviyyədə deyil.

- Bundan öncə keçirdiyiniz sorğuların nəticəsi olaraq hökumətə hansı təkliflər verilib?

- Gənclərin rəyi, sorğular bizim araşdırmalarımızın əsasıdır. Sorğuların nəticəsi olaraq görüşlər, dəyirmi masalar keçiririk, müzakirələr aparırıq. Yekun olaraq təkliflər hazırlanılır, Gənclər və İdman Nazirliyinin rəhbərliyinə təqdim olunur.

- Bəs uzun illər davam etməkdə olan bu fəaliyyətinizin təkmilləşdirilməsinə ehtiyacın olduğunu düşünmürsünüz? Hər il təkrarlanan sorğular cəmiyyətə nə verir?

- Bizim əsas işimiz gəncləri maarifləndirməkdir. Maarifləndirmə bəzi hallarda və bəzi yerlərdə ümumiyyətlə yoxdur. Əmək müqavilələri ilə bağlı gənclərin bilikləri, istehlakçı hüquqları – bu sahələrdə bizim geniş araşdırmalarımız var.

- Sadaladıqlarınız ictimai problemlər deyilmi? Bununla ictimai təşkilatlar məşğul olmalı deyilmi?

- Biz o QHT-ləri yönləndiririk. Universitetlərdəki gənclər təşkilatları ilə birgə işlərimiz olur.

Buna da bax:​ Heydərovlar ailəsinin yeni kənd təsərrüfatı şirkəti

- Elmi araşdırmalar mərkəzinin elmi nəticələri varmı? Harada açıqlanır onlar? Mərkəzin saytında yoxdur...

- Elmi nəticələrimiz də var. Müəyyən sahələr üzrə konsepsiyalar hazırlanır. Layihə şəklində nazirliyimizə təqdim olunur. Elə layihə mərhələsində olduğu üçün də ictimaiyyətə açıqlanmır.

Qeyd edək ki, Fuad Əliyev sorğu gedişində respondentlərə təqdim olunan sualların siyahısını, sorğuların nəticələrini AzadlıqRadiosu-na təqdim edəcəyini vəd etsə də, sonradan onları verməkdən imtina etdi.

Tenderləri qazanan iki şirkətin bir yiyəsi var

Apardığımız araşdırmalarda meydana çıxan sənədlər əsasında demək olar ki, Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi üçün sosioloji sorğu və «dəyirmi masaları» əvvəlki illərdə təşkil edən «Meridian» MMC (VÖEN 2901172481) bundan ötrü 2010-cu ildə 46 min 710 manat, «Az İn Kom» MMC (2013-2014-cü illərdə dörd dəfə və hər birində də eyni məbləğdə - 47 min 760 manat alıb. 2010-cu ildə bu sifariş «R.B.C» MMC-yə verilmişdi və ona 46 min 685 manat ödənilmişdi. «Az İn Kom» MMC-yə 2012-ci ildə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında rəsm sərgisinin təşkili üçün GPEAM-in hesabından 29 min manata yaxın pul ödənilib.

Diqqət çəkən budur ki, «Meridian» MMC və «R.B.C» MMC eyni ünvanda – Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 37, mənzil 42-də qeydiyyata alınıb. Bu ünvanda daha bir şirkət var ki, o da «hansısa yollarla» GPEAM-nin satınalma prosedurlarına rahatlıqla yol tapa bilib. Bu, «Kaspian Konsaltinq» MMC-dir (VÖEN 2900484301). Musa Asəf oğlu Nağıyevin rəhbərlik etdiyi bu şirkət («R.B.C» MMC-nin direktoru da bu şəxsdir) GPEAM-dən sənədlərin çap edilməsi üçün 19 min 400 manat alıb.

Buna da bax:​ 'Gilan' pambıq biznesini nəzarətə götürür [araşdırma]

Vergi cinayətlərində adı çəkilən şirkətlər seçilir

Mərkəzlə işbirliyində olan şirkətlər arasında «Smart Atlant Group», «SAP Group», «MMT Group», «Leroy», «Magus Print» MMC-lər də var. Həmin şirkətlərin bank hesablarına 2011-2013-cü illərdə əsasən çap işləri üçün GPEAM-dən 7 müqavilə əsasında 142 min manatdan çox pul daxil olub. Müqavilələrdən bir də Azərbaycanda velosipedçilər hərəkatının təhlil edilməsini və təkliflər paketinin hazırlanmasını nəzərdə tuturdu. 2013-cü ildə «MMT Group» MMC bu iş üçün Mərkəzdən 10 min manatdan çox pul almağa müvəffəq olub.

İddia olunur ki, sənədi Ravil Seyfullayevin rəhbəri olduğu bu şirkət hazırlayıb. Bu şirkət vasitəsilə elə həmin Gənclər və İdman Nazirliyi Tədbirin təşkili üçün yerin icarə xidmətlərinin, foyenin bəzədilməsi, quraşdırılması, stol və stulların üzlərinə örtüklərin hazırlanması və dizayn işləri üçün 49 min 500, Dövlət Sərhəd Xidməti isə bayram tədbirinin keçirilməsi üçün hazırlıq işlərinin görülməsi üçün 20 min manata yaxın pul ödəyib. İki il öncə media müəyyən etmişdi ki, onlarla sayda şirkətə rəhbərlik edən R. Seyfullayev həmin şirkətləri ləğv etməyə çalışsa da, bu niyyət baş tutmayıb. Həmin şirkətlərdən yüzlərlə tender və digər satınalma üsulları ilə dövlət büdcəsinin vəsaitlərinin qeyri-şəffaf xərclənməsində istifadə olunurmuş.

Buna da bax: Büdcə pullarını "gizlincə" qapazlayan şirkətlər [Araşdırma]

Əsasnaməsinə görə gənclərin problemlərini araşdırmalı olan dövlət qurumunun sifarişlərinin icraçılarından bir olan «Magus Print» MMC-nin təsisçisi və direktoru Allahyar Adaşil Mirzəyevin adı 2014-cü ildə külli miqdarda vergidən yayınma ittihamı ilə qaldırılmış cinayət işində çəkilir. Vergilər Nazirliyinin iki il öncə açıqladığı məlumatda göstərilirdi ki, İlkin Cahangir oğlu Abbasov A. Mirzəyevi 54 şirkətə direktor təyin edib.

Himayədarlar gedəndə sifarişlər də bitir

Gənclər arasında məşhur olan ADO teatrının təsisçisi Elmin Bədəlov deyir ki, Gənclər və İdman Nazirliyinin layihələri ilə bağlı müsbət gözləntiləri çoxdan tükənib: “Mənə də dostlar deyirdi ki, onların yardımı üçün müraciət edək. Amma iki səbəbdən bunu etmirik. Birincisi, avtomatik senzura deməkdir. İkincisi, onsuz da gənclər üçün ayrılan pullar yalnız nazirlik işçilərinin yaxın çevrəsi arasında dövriyyə edir. Yəni o çevrədən olmayan adamların o fondlardan yararlanmaq imkanı da yoxdur”.

Elmin Bədəlov
Elmin Bədəlov

Elmin Bədəlov bir müddət jurnalistika fəaliyyəti ilə məşğul olub və gənclərlə bağlı dövlət vəsaitlərinin böyük hissəsinin İrəli Gənclər Təşkilatına axması barədə araşdırmalar aparıb, həmin layihələr üzrə hesabatların çox zaman verilmədiyini aşkarlayıb.

Buna da bax:​ 'Shamkir Capital Group' adını və rəhbərini dəyişdi

Bir il öncə Türkiyədə baş tutmayan hərbi çevrilişə görə hazırda ABŞ-da yaşayan Hizmet təşkilatının rəhbəri Fethullah Gülen ittiham edilir. Türkiyə prezidenti Gülən şəbəkəsinə qarşı mübarizə yolu tutandan sonra İrəli Gənclər Təşkilatının rəhbərliyinin də həmin şəbəkə ilə əlaqələri barədə yazılar dərc olundu. Bunun ardınca Prezident Administrasiyasında, Milli Məclisdə gənclər siyasəti ilə bağlı önəmli fiqurlar öz postlarını itirdi. O vaxtdan bəri təşkilatın adı da dövlət vəsaitləri üzrə sifarişlərin qalibləri sırasında görünmür.

Elmin Bədəlov deyir ki, dövlətin gənclər büdcəsinin xərclənməsində mövcud olan sistem, əslində, dəyişməyib: “Pul, necə deyərlər, dövlətin cibindən çıxıb, məmurlara qayıdır. Elə buna görədir ki, gənclərlə bağlı görülən işlərin də bir faydası yoxdur”.

XS
SM
MD
LG