Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:11

Brüssel görüşünün baş tutmamasının səbəbləri...


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə görüşür. 2022
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə görüşür. 2022

Oktyabrın sonunda Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel arasında planlaşdırılan görüş gerçəkləşməyəcək. Bu haqda Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar məlumat verib. Səbəb kimi vaxt çatışmazlığı göstərilib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldəki görüş planının Azərbaycanın təqsiri ucbatından pozulduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti Mişel-Paşinyan-Əliyev görüşü üçün vaxt tapmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Mirzoyana cavab olaraq bildirib ki, Ermənistandan fərqli olaraq, onlar sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gediblər.

Rasim Musabəyov
Rasim Musabəyov

Rusiyanın rolu yoxdur?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov isə "Turan"a açıqlamasında oktyabrın 5-də Qranadada gerçəkləşən dördtərəfli (Aİ, Fransa, Almaniya və Ermənistan) görüşə toxunub. Onun fikrincə, orada Fransa prezidenti Makron və Almaniya kansleri Şolts özlərini qarant kimi təqdim etmək istəyirdilər, Brüssel görüşü də onun davamı olacaqdı: "Bizə isə danışıqlar prosesində Fransanın prezidenti, lap onun yanında Almaniya kansleri olsa belə, lazım deyil".

Deputatın sözlərinə görə, Qərb platformasında artıq ikinci dəfədir görüşün baş tutmamasında Rusiyanın heç bir rolu yoxdur: "Cənab prezident İlham Əliyev istəmişdi ki, danışıqlar prosesində Türkiyənin prezidenti iştirak etsin. Onlar isə dedilər ki, Türkiyə burada lazım deyil...".

Ərəstun Oruclu
Ərəstun Oruclu

"Görünür, Rusiya Azərbaycana təsir etdi..."

Siyasi şərhçi Ərəstun Oruclu AzadlıqRadiosuna məsələni belə şərh edib: "Burada səbəblərdən biri o ola bilər ki, Ermənistana daha çox partnyor kimi baxan, Azərbaycana təzyiq göstərməyə çalışan kollektiv Qərbin və ilk növbədə Aİ-nin bu davranışına etiraz olaraq Bakı onun vasitəçiliyindən ya imtina edir, ya da elə addımlar atır ki, o, öz mövqeyini dəyişsin".

Ekspert hesab edir ki, ikinci və ən real görünən səbəb isə Rusiya amilinin bu məsələdə təsiridir: "Azərbaycan-Ermənistan sülh danışıqları təkcə iki ölkənin arasında münasibət deyil, dünyada iki qütbün arasında gedən mübarizənin predmetidir. (İran, Azərbaycan, Rusiya, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin) Tehran görüşünün ardınca heç bir gün keçməmiş Bakıya Lavrov zəng etdi. Çox güman ki, bu zəngin arxasında bu görüşlə bağlı danışıqlar dayanırdı. Görünür, Rusiya Azərbaycana hansısa şəkildə inandırıcı təsir göstərdi ki, Azərbaycan bu görüşdən imtina etsin".

Ə.Oruclunun fikrincə, danışıqlar kimin mediatorluğu ilə keçiriləcəksə, sülh müqaviləsinin şərtlərinə təsir də onun imkanları çərçivəsində olacaq. Amma bununla belə, o, Brüssel formatının tam aradan qalxacağına inanmadığını vurğulayıb: "Brüssel formatı aradan qalxacağı halda, nə Azərbaycan, nə Ermənistan bundan nəsə əldə edəcək. Rusiya iki ölkəni öz şərtləri çərçivəsində sülh müqaviləsini imzalamağa məcbur edəcək. Bundan isə Azərbaycan heç nə udmayacaq".

Kremlin Qərbə qarşı 'Qafqaz oyunu': Bakı ilə Yerevan arasındakı sülh niyə yubanır?
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG