Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:57

'Borcumuzu qaytaraq!' təşəbbüsü 5 nəfərlə yola çıxıbmış


Solmaz Tohidi-Rüstəmova (sağdan birinci) Rəsulzadələr ailəsi ilə. Rais Rəsulzadə, həyat yoldaşı və qızı
Solmaz Tohidi-Rüstəmova (sağdan birinci) Rəsulzadələr ailəsi ilə. Rais Rəsulzadə, həyat yoldaşı və qızı

«Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi» təşəbbüsü üzrə yaradılan İctimai qrup yanvarın 30-da Bakıda ilk beynəlxalq konfrans keçirdi.

«Biz bu yola cəmi 5 nəfərlə çıxdıq, amma indi sayımız minlərlədir».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına M.Ə.Rəsulzadənin doğum günü ərəfəsində Bakıda keçirilən ikigünlük beynəlxalq konfransın ilk günündə tanınmış tarixçi alim Solmaz Tohidi-Rüstəmova söylədi: «Borcumuzu qaytaraq!» Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi səhifəsinə baxsanız, görərsiniz ki, sayımız sürətlə artır. Bugünkü konfransda Azərbaycanın rayonlarından, xaricdən gələn qonaqlarımız var, diaspor təşkilatlarının təmsilçiləri var».

«İctimai qrup ürəksızladan bir statusdan yarandı»

AzadlıqRadiosunun «İctimai qrup necə yarandı» sualını tarixçi-alim belə cavabladı: «İctimai qrup ötən ilin axırında Nəcibə Bağırzadənin (Rəsulzadələr ailəsi barədə kitabların müəllifi - red.) bir statusundan yarandı. Nəcibə xanım şikayətlənirdi ki, mənə nə vaxt onun ev muzeyini görmək qismət olacaq? Yenə vaxtilə onun yaşadığı evin qarşısından keçdim, heç kəs yaşamır və s. qəlbgöynədən sözlər... Mən çox təsirləndim və yazdım ki, Nəcibə xanım, heykəl məsələsi çox ağır işdir, amma muzey məsələsi nə çətin işdir ki? Gəlin yığışaq, təşəbbüs qaldıraq və bu işi görək».

«Əmin bəyin evinin kimə məxsusluğunu öyrənə bilmədik»

Rais bəylə (M.Ə. Rəsulzadənin nəvəsi – red.) danışdıq, hüquqşünaslarla məsləhətləşdik, yaşadığı evin durumuyla maraqlandıq və araşdırmalarımız mənfi nəticə verdi... Rəsulzadənin Nizami küçəsi, 59 saylı binadakı mənzilinin indi kimin adına olduğunu da öyrənə bilmədik. Və bu üzdən fəaliyyətimizi açığa çıxarmaq qərarına gəldik. Beləcə, dekabrın 27-də Üzeyir Hacıbəylinin ev muzeyində «Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi» təşəbbüsü üzrə yaradılan İctimai qrupun ilk toplantısı keçirildi».

«Rəsulzadənin Nizami küçəsi, 59 saylı binadakı mənzilinin indi kimin adına olduğunu da öyrənə bilmədik»
«Rəsulzadənin Nizami küçəsi, 59 saylı binadakı mənzilinin indi kimin adına olduğunu da öyrənə bilmədik»

««Bizə şərəfdir» söyləyənlər də oldu, bəhanə gətirənlər də...»

Solmaz xanım diaspordan çox böyük dəstək aldıqlarını bildirdi: «5 nəfərlə başladıq bu işə. Qulu Məhərrəmlini də çağırdıq ki, piar məsələsini öhdəsinə götürsün. Daha sonra ziyalılara müraciət elədik, böyük hissəsi «bizə şərəfdir» söylədi. Bizə qoşulmayanların da bir bəhanəsi tapıldı. Amma xaricdə yaşayan diaspordan çox böyük dəstək gəldi. Onlardan ümidlənərək biz ayağa qalxdıq. Bu gün də konfransa xarici araşdırıcıların dəvət edilməsində, yol xərcinin ödənilməsində və s. diasporun böyük əməyi var».

«Hər şey Əmin bəyin adına layiq olmalıdır»

«Ölkə daxilində də bizi tək qoymadılar. Məsələn, Vahid Mustafayev sağ olsun, yardımçı oldu, otel xərcini boynuna götürdü. Yəni, hərə imkanı daxilində bu işə kömək etdi və biz nə dövlətə, nə də bir zənginə müraciət etmədən bu işə başladıq. Gördüyünüz kimi, konfrans üçün də böyük zal tutduq, dedik ki, hər şey Məhəmməd Əmin bəyin adına layiq olmalıdır. Ümid edirik ki, bu konfransın bir nəticəsi olacaq».

«Dövlət adamına, dövlət başçısına muzey açılması dövlətin işidir»

Solmaz Tohidi Rəsulzadənin sıradan bir şəxs olmadığına diqqət çəkdi: «Konfransda ölkə prezidentinə və Heydər Əliyev Fondunun direktoru Mehriban Əliyevaya müraciət qəbul etdik. Hamı deyirdi ki, hesab açın, özümüz pul toplayaq. Məsələn, Moskvada bir qrup adam Məhəmməd Əmin Rəsulzadənin adına hesab açıb. Rəsulzadə sıradan bir şəxs deyil, axı. Dövlət adamına, dövlət başçısına muzey açılması dövlətin işi olmalıdır. Cəmiyyətin təşəbbüsü, dövlətin dəstəyi olmalıdır. Rəsulzadə şəxsiyyəti birləşdirici faktordur, nəhəng fiqurdur. Bu gün dövlətlə cəmiyyət, xalqla hakimiyyət arasında münasibətlərin vəhdətini görmək istəyiriksə, bunun ən gözəl timsalı ev muzeyinin yaranması olar».

«Mən çox təsirləndim və yazdım ki, Nəcibə xanım, heykəl məsələsi çox ağır işdir, amma muzey məsələsi nə çətin işdir ki?»
«Mən çox təsirləndim və yazdım ki, Nəcibə xanım, heykəl məsələsi çox ağır işdir, amma muzey məsələsi nə çətin işdir ki?»

«Dövlətdən cavab gözləyirik»

Solmaz xanım AzadlıqRadiosunun: «Təşəbbüs qrupunun üzvlərini, həmin o 5 nəfəri bizlərə bir daha tanıdın» xahişini də yerə salmadı: «Təşəbbüs qrupunun üzvləri M.Ə.Rəsulzadənin nəvəsi rəssam Rəis Rəsulzadə, mən - Solmaz Rüstəmova-Tohidi, jurnalist Qulu Məhərrəmli, Rəsulzadələr ailəsinin araşdırıcısı Nəcibə Bağırzadə və hüquqşünas, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlovdur. İctimai qrupun əksəriyyəti alimlərdən ibarətdir. Eləcə də, aramızda xeyli sayda yaradıcı insanlarımız var. Bu işə başlarkən beynəlxalq konfrans keçirmək fikrinə düşdük. İki gün davam edəcək bugünkü konfransın da mövzusunu «Məhəmməd Əmin Rəsulzadənin irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində» adlandırdıq».

«Yola davam!»

AzadlıqRadiosunun «Konfransdan sonra «yola davam» deyə bilərikmi» sualına Solmaz xanım belə cavab verdi: «Yola davam! Geriyə yol yox! Cəmiyyət buğun öz iradəsini ortaya qoydu. Gələn insanları gördünüz. Ümid edirik ki, bizim səsimiz eşidiləcək. İndi biz dövlətdən bu çağırışımıza münasibət gözləyirik. Bu müraciətə cavabdan sonra növbəti addımlarımızı müəyyənləşdirəcəyik».

«Siz etməsəniz, biz edəcəyik!»

Solmaz xanım konfransda ölkə gənclərinin çıxışını da xatırlatdı: «Eşitdiniz, konfransda gənclərimiz nə söylədi? Onlar özlərini Rəsulzadə və Cümhuriyyət nəslinin varisi sayırlar. Və öz borclarını yerinə yetirmək istəyirlər. Onlar dedilər ki, inanırıq ki, bu işi siz görəcəksiniz. Əks halda, bu işi bizlər - bizim nəsil görəcək! Yəni, siz etməsəniz, biz edəcəyik! Fikrimcə, sükanı onlara saxlasaq, xəcalətdən ölərik!».

XS
SM
MD
LG