Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35

Bolqarıstanda silah tacirinin zəhərlənməsi, partlayışlar, rusiyalı agentlər...


Karnobat partlayışları
Karnobat partlayışları

2015-ci il, martın 21-də gün batandan az sonra Bolqarıstanın ən iri və dövlətə məxsus sonuncu silah zavodunun üzərində səma döyüş meydanını xatırlatmağa başladı.

VMZ zavodundakı nəhəng yanğın böyük həcmdə silah və sursatı məhv etdi, Bolqarıstanın mərkəzi hissəsində, Balkan dağlarının ətəyində yerləşən Sopot şəhəri və qonşu yaşayış məntəqələrinin sakinlərini qorxutdu.

Yaxınlıqdakı Karlovo şəhərciyinin meri Emil Kabaivanov 200 metrə yüksələn yanğını belə təsvir edir: “Havada nəyinsə partladığını görə bilərdiniz”.

Hadisənin üstündən bir aydan az vaxt keçmiş, aprelin 14-də VMZ-də yeni partlayışlar baş verib və zavoda daha çox ziyan dəyib.

Daha iki həftə keçmiş bolqar silah taciri Emilian Gebrev zəhərlənərək komaya düşüb. Onun sözlərinə görə, bəzi dövlət müstəntiqləri onun zəhərlənməsini xarab olmuş salat və “başqa gülməli iddialarla” əlaqələndirirlər.

Ukrayna amili

Bolqarıstanın silah sənayesinə təsir edən hər üç insident on ildən çox öncə başlamış hadisələr zəncirinin halqaları idi. Bu hadisələr 2014-cü ildə Rusiyanın Krımı işğal və ilhaq etməsindən sonra daha da intensivləşib.

"Bunun Rusiyanın, yoxsa başqa kiminsə işi olduğunu deyə bilmərəm. Ancaq düşünəndə görürsən ki, bu tamamilə mümkündür”, – Sopotun keçmiş meri Veselin Liçev deyir.

2014-cü ildən bəri bəziləri ölüm halları ilə nəticələnən insidentlər Bolqarıstanın digər NATO üzvləri ilə birlikdə Ukraynaya silah-sursat və avadanlıq verməsi ilə üst-üstə düşüb. Bir il öncə Rusiyanın Ukraynaya tammiqyaslı hücuma başlamasından sonra Bolqarıstan da daxil olmaqla NATO üzvlərinin Ukraynaya silah verməsi kəskin artıb.

Partlayışlardan sonra yayılan xəbərlərdə VMZ-də Ukraynaya göndərilməli olan sursat saxlanırmış. Bolqarıstan bu hərbi sursatı Polşa və Çexiya kimi vasitəçilərin köməyilə Ukraynaya çatdıracaqdı.

Sabotaj?

Bolqarıstanın apardığı ləng, alayarımçıq araşdırma hökumətin bu hadisələrdə Rusiyanın iştirakını tam araşdırmaq istəməməsi ilə bağlı şübhələri gücləndirir.

Bəzi hallarda baş verənlərin Rusiyanın törətdiyi sabotaj olmasını sübut edən dəlillər ortaya çıxıb.

"Mən çox narahatam”, – avropayönlü “Demokratik Bolqarıstan” alyansından seçilmiş keçmiş millət vəkili Martin Dimitrov AzadlıqRadiosunun bolqar xidmətinə müsahibəsində deyib. O, baş verənləri "milli təhlükəsizlik məsələsi” adlandırıb.

"Biz sabotaj törədən və sonra dövlət tərəfindən heç bir məsuliyyətə cəlb olunmayan adamların ölkəyə gəlməsinə imkan yaradırıqsa, bu sabotaj əks-tədbirlər görülənədək, biz özümüzü müdafiə etmədikcə davam edəcək”, – o bildirib.

Araşdırmaları nəzərdən keçirməyə çağırırlar

Dimitrov və keçmiş Müdafiə naziri Velizar Şalamanov Baş Prokurorluğun partlayışlarla bağlı araşdırmalarını nəzərdən keçirmək, habelə Bolqarıstan təhlükəsizlik xidmətlərinin təqsirkarları ört-basdır etməsi haqda iddiaları araşdırmaq üçün xüsusi parlament komitəsinin toplanmasına çağırış edib.

"Dürüstlüyü sübut olunmamış, müəyyən zəiflikləri olan və buna görə xarici maraqları Bolqarıstanın maraqlarından üstün tutan insanlar ucbatından həssas durumdayıqsa, gələcəkdə bu cür təxribatların yenidən baş verəcəyini gözləyə bilərik”, – Dimitrov deyir.

Dimitrov kimi tənqidçilər bolqarıstanlı təhqiqatçıların partlayışlar və digər hücumlara cavabdeh olanları tapmaq üçün az iş gördüyünü deyirlər. 2015-ci il, aprelin 28-də silah satıcısı Gebrev komaya düşüb. Prokurorluğun çıxardığı yekun nəticədə bir Rusiya agentinin onun maşınının qapısının dəstəyinə tərkibi məlum olmayan fosforlu üzvi maddə çəkdiyi deyilir.

Ancaq üç ildən artıq müddət ərzində təhqiqatçılar ləng davranıb, Gebrevin az qala ölümlə nəticələnəcək zəhərlənməsini üzərində pestisid olan aruqula salatı ilə əlaqələndiriblər.

Yalnız britaniyalı təhqiqatçıların Gebrevin zəhərlənməsini 2018-ci ildə İngiltərənin Solsberi şəhərində Rusiyanın QRU hərbi kəşfiyyatının agentlərinin törətdiyi “Noviçok” hücumu ilə əlaqələndirməsindən sonra bolqarıstanlı prokurorlar məsələnin daha ciddi olduğunu açıq etiraf ediblər.

Gebrevin əminliyi

2020-ci ildə Bolqarıstan rəsmiləri üç Rusiya vətəndaşına qarşı Gebrevin qətlinə cəhdlə bağlı ittiham irəli sürüblər. Bu şəxslərin adı Denis Sergeyev (digər adı Sergey Fedotov), Yeqor Qordiyenko (digər adı Georgi Qorşkov) və Sergey Lyutenkodur (digər adı Sergey Pavlov).

Britaniya polisi deyir ki, onun əlində Sergeyevin 2018-ci ildə keçmiş rusiyalı casus Sergey Skripalın zəhərlənməsi ilə əlaqəsi olması haqda dəlillər var. Söhbət GRU əməkdaşları Anatoli ÇepiqaAleksandr Mişkin tərəfindən törədildiyi iddia olunan Solsberi “Noviçok” hücumundan gedir.

2022-ci ilin iyulunda, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücumundan bir neçə ay sonra Karnobat şəhərində Gebrevin şirkətlərindən biri olan EMCO-ya məxsus sursat deposu partlayıb.

Gebrev Karnobat yanğınının arxasında Rusiya agentlərinin durmasına “100 faiz əmin olduğunu” açıq bəyan edib. Ancaq o, sonradan AzadlıqRadiosuna bunu təsdiqləyəcək dəlilləri olmadığını deyib. Karnobatdakı sursatların hər hansı hissəsinin Ukrayna üçün nəzərdə tutulub-tutulmadığı da məlum deyil.

Ukraynaya hərbi sursatın 1/3-ni təmin edir

Bolqarıstanın keçmiş Baş naziri Kiril Petkov Rusiyanın hücumunun ilk dövrlərində Sofiyanın Ukraynanın müdafiəsi üçün nəzərdə tutulan hərbi sursatın 1/3-ni təmin etdiyini bildirir.

Bolqarıstanın silah sənayesi Ukrayna ordusunda geniş istifadə edilən sovet dövrünə aid silah və sursatın əsas istehsalçılarından biridir.

"Bolqarıstanın [silah] sənayesi keçmişdə də, bu mənasız müharibənin getdiyi indiki dövrdə də nə qədər əhəmiyyətli olduğunu sübut edib. Keçmiş Sovet İttifaqı və Varşava Paktının neçə ölkəsi bu cür sənayeni qoruyub saxlaması ilə öyünə bilər? Onların sayı çox azdır”, – Gebrev deyir.

Sursat anbarlarında altı il öncə baş vermiş yanğın və partlayışların, demək olar, hamısı Bolqarıstan rəsmiləri tərəfindən qəza kimi qələmə verilib. Ancaq VMZ partlayışlarından altı il sonra həmin rəsmilərin bir çoxu bu insidentlərə yenidən baxmağa məcbur olub.

XS
SM
MD
LG