Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:32

ABŞ optimist olsa da, İsrail ilə HƏMAS arasında atəşkəs razılaşması hələ uzaq görünür


ABŞ dövlət katibi Antoni Blinken Təl-Əvivdə təyyarədən enir.
ABŞ dövlət katibi Antoni Blinken Təl-Əvivdə təyyarədən enir.

ABŞ dövlət katibi Antoni Blinken İsrailin Qəzza zolağına dağıdıcı hücumunu dayandırmaqdan ötrü atəşkəs razılaşmasına nail olmaq üçün Yaxın Şərqə gəlib.

Ancaq ABŞ baş diplomatının 10 aylıq savaş boyunca bölgəyə doqquzuncu səfəri hər hansı ciddi dəyişiklik əldə edilmədən avqustun 21-də sona çatıb.

Ekspertlər İsraillə HƏMAS arasında ciddi fikir ayrılıqlarının qalmaqda olduğunu deyirlər.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun baş tədqiqatçısı Firas Maksad bu məsələdə çox da nikbin olmadığını və hələ çox iş görmək gərəkdiyini deyir.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin məqaləsində deyilir ki, Blinkenin son səfəri ərəfəsində ABŞ rəsmiləri nikbin idilər. Onlar atəşkəs razılaşmasının həmişəkindən daha yaxın olduğunu söyləyirdilər.

ABŞ-nin "körpü təklifi"

İsrail, Misir və Qətərə səfər edən Blinken atəşkəs əldə edilməsinin vacibliyini önə çəkib. Tel-Əvivə səfəri zamanı isə bunun razılığa gəlmək üçün "bəlkə də, son şans" olması barədə xəbərdarlıq edib. Ancaq səfərin sonunda verdiyi açıqlamalar onun artıq bir o qədər də ümidli olmadığından xəbər verir.

Blinken İsrail baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra ABŞ-nin iki tərəf arasındakı uçurumu azaltmağa yönəlmiş "körpü təklifi"ni İsrailin qəbul etdiyini açıqlamış, ardınca HƏMAS-ı da eyni addımı atmağa çağırmışdı.

Ancaq elə ertəsi gün İsrail mediası Netanyahunun əsas məqamla bağlı razılaşmadığını bildirdi. Söhbət İsrail qoşunlarının Qəzzadan tam çıxarılmasından gedir.

HƏMAS ABŞ-nin təklifini açıq rədd etməsə də, onun daha öncə razılaşdırılmış şərtlərə zidd olduğunu bildirib.

İsrail ötən ay İranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyəni, Livanda isə "Hizbullah"ın yüksək rütbəli komandirini qətlə yetirəndən bəri Vaşinqton atəşkəs danışıqlarını sürətləndirməyə çalışır. HƏMAS-ı dəstəkləyən Tehran İsrailə cavab veriləcəyini bildirməklə bölgədə daha böyük savaşın başlaya biləcəyi qorxusunu daha da artırıb.

Maksad deyir ki, ABŞ-nin məqsədi İranın başçılığı ilə İsrailə hücumun və onsuz da həssas durumda olan bölgədə genişmiqyaslı savaş başladılmasının önünü kəsməkdir.

İran, hələlik, İsrailə cavabını gecikdirir və atacağı addımların atəşkəs danışıqlarına təsir göstərməsini istəmədiyini iddia edir.

Antoni Blinken və Benyamin Netanyahu Təl-Əvivdə mediaya açıqlama verirlər.
Antoni Blinken və Benyamin Netanyahu Təl-Əvivdə mediaya açıqlama verirlər.

"HƏMAS da, bəlkə, İranın İsrailə hücumunu gözləyir"

Ekspertlər danışıqların mərkəzində duran iki şəxsin - Netanyahu və HƏMAS lideri Yəhya Sinvarın sülh istədiyinə çox da əmin olmadıqlarını dilə gətirirlər. Sinvar HƏMAS-ın İsrailə 7 oktyabr hücumunu təşkil edən əsas şəxs olmaqda suçlanır. Qəzzada elə bu hücumun ardınca savaş başlanıb.

Netanyahunun sağçı koalisiyasının əsas üzvləri atəşkəs razılaşmasına qarşı çıxıblar.

"[Netanyahu] bilir ki, müharibəni bitirəcək razılaşmanı imzalasa, koalisiyası Knessetdə risklə üzləşəcək", - Bəhreyndə fəaliyyət göstərən "Le Beck International" məsləhət şirkəti kəşfiyyat şöbəsinin rəhbəri Maykl Horovits (Michael Horowitz) belə deyir.

Horovitsin sözlərinə görə, öz növbəsində, HƏMAS da, bəlkə, İranın İsrailə hücumunu gözləyir. "Bu, bölgədə gərginliyi artıra, onlara gələcəkdə daha çox [manevr imkanı] verə bilər", - yenə Horovitsin sözləridir.

Maksad deyir ki, Sinvar savaş başlanandan bəri öz mövqeyini dəstəkləmək üçün İranı və onun müxtəlif proksilərini bu işə cəlb etmək istəyib.

İntihar hücumları qayıdır?

Avqustun 18-də Tel-Əvivdə törədilən intihar hücumu cəhdi işləri daha da qəlizləşdirə bilər. HƏMAS bu hücumu Fələstinin "İslami Cihad" qrupu ilə birgə gerçəkləşdirdiyini iddia edib.

HƏMAS 2006-cı ildə - Qəzzaya nəzarəti ələ keçirməsindən öncə intihar hücumlarından imtina edib. O zaman HƏMAS daha çox legitimlik qazanmaq və beynəlxalq aləmin onu tanımasını istəyirdi. İndi ekspertlər intihar hücumları qayıdışının ciddi nəticələr doğuracağını deyirlər.

"Bu o deməkdir ki, müharibə bitməyə, daha qorxunc, daha dağıdıcı və son nəticədə istər İsrailin güvənliyi, istərsə Fələstin dövləti ilə bağlı gələcək ümidlər üçün daha təhlükəli bir şeyə çevrilə bilər", - ABŞ-da fəaliyyət göstərən "Eurasia Group"un baş təhlilçisi Qreqori Brü (Gregory Brew) belə deyir.

ABŞ-nin atəşkəs təklifinin detalları açıqlanmasa da, təhlilçilər təklifin çoxaşamalı razılaşmanı nəzərdə tutduğunu deyirlər.

Horovits deyir ki, birinci aşamada İsrail qoşunları Qəzzanın əksər hissəsindən geri çəkilməli, hələ də HƏMAS-ın əlində saxladığı girovlardan bəziləri fələstinli məhbuslarla dəyişdirilərək azad edilməlidir.

İkinci aşamada da daimi atəşkəsin əldə edilməsi yönündə danışıqlar aparılmalıdır.

"Körpü təklifi"ni imzalamamaq üçün bəhanələr var

"HƏMAS narahatdır ki, hətta ABŞ-nin "körpü" razılaşmasını imzalasa da, birinci və ikinci aşamalar arasında daimi atəşkəsə dair danışıqlar uğursuz olacaq və İsrail bundan müharibəni bərpa etmək üçün bəhanə kimi yararlanacaq", - Horovitsin sözləridir.

Horovitsin fikrincə, Netanyahu məhbus mübadiləsində hansı fələstinli məhbusların azad ediləcəyi qərarına nəzarət hüququnu özündə saxlamağı düşünür: "Bu da önəmlidir ki, Netanyahu İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza zolağında, azı, iki strateji dəhliz boyunca qalmasını da istəyir".

Bu dəhlizlərdən biri - Filadelfi dəhlizi Qəzzanın Misirlə cənub sərhədi boyunca uzanan ensiz quru zolağıdır. Qəzza şəhərinin cənubundan keçən Netsarim dəhlizi isə ərazini cənub və şimal hissələrinə bölür.

"HƏMAS-ın başlıca məqsədi müharibənin tam sonlandırılmasını və İMQ qoşunlarının ərazidən tam çıxarılmasını təmin etməkdir. Bu mənada onların İsrailin qoşunlarını ərazidə saxlamasını qəbul etməsi mümkün deyil", - Brü belə deyir və əlavə edir: "İsrail Filadelfi və Netsarim ilə bağlı güzəştə getməsə, yaxud …HƏMAS bu məsələdən imtina etməsə, razılaşma mümkün görünmür".

XS
SM
MD
LG