Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:32

Ankara Stokholma yaşıl işıq yandırdıqdan sonra Vaşqinqtona onun F-16 vədini xatırladıb


ABŞ-ın dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan
ABŞ-ın dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon söhbəti zamanı ABŞ dövlət katibi Antoni Blinkenə deyib ki, Türkiyə Birləşmiş Ştatların NATO müttəfiqliyinə uyğun olaraq Ankaraya F-16 qırıcılarının satışına dair vədinə əməl edəcəyini gözləyir.

Reuters diplomatik mənbələrə istinadla yazır ki, bu telefon danışığı dekabrın 27-də Amerika tərəfinin təşəbbüsü ilə yer alıb.

Bundan bir gün əvvəl Türkiyə parlamentinin müvafiq komissiyası İsveçin NATO üzvlüyü üçün müraciətini qəbul edib.

Həmin mənbənin sözlərinə görə Fidan F-16-ların Türkiyəyə satışı məsələsi barədə deyib:

“Biz ABŞ administrasiyasının və ABŞ Konqresinin alyansın ruhuna uyğun olaraq vədinə əməl etməsini gözləyirik”.

ABŞ Türkiyə parlamenti xarici əlaqələr komissiyasının İsveçin NATO üzvlüyü üçün protokolunu qəbul etməsini alqışlayıb.

Əl-əli yuyar, əl də...

Bəzi şərhçilər Ankaranın İsveçin NATO üzvlüyü məsələsini Türkiyəyə F-16 qırıcı təyyarələrinin verilməsi ilə bağladığını deyirlər.

Türkiyə mediasının məlumatına görə Fidan Blinkenə deyib ki, İsveçin NATO-ya qəbulu üçün protokollar komissiyadan keçsə də, bu sənədlər hələ parlament tərəfindən ratifikasiya olunmalıdır.

Bəzi ekspertlər bu qənaətdədirlər ki, Türkiyə parlamenti komissiyasının qərarına baxmayaraq, Ankara böyük bir ehtimalla müvafiq sənədlərin yekun ratifikasiyası üçün F-16-lar məsələsində real irəliləyişi gözləyəcək.

Bəzi məlumatlara görə Türkiyə parlament komissiyasının müsbət qərarından əvvəl prezidentlər Rəcəb Tayyib ƏrdoğanCo Bayden arasında telefon söhbəti olub.

Ərdoğan bundan əvvəl işarə etmişdi ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 qırıcısı və təkmilləşdirmə dəstlərinin alınmasını İsveçin NATO üzvlüyü üçün sənədin qəbulu ilə bağlayır.

ABŞ və Türkiyə rəsmiləri bu məsələni müzakirə etmək üçün ötən həftə Vaşinqtonda görüşüblər.

ABŞ Konqresi yola gələcəkmi?

ABŞ-ın Türkiyənin F-16 istəyini yerinə yetirməsi üçün ABŞ Konqresinin bu barədə qərarı qəbul etməsi lazımdır.

Lakin Konqresdə bu təyyarələrin Türkiyəyə verilməsinin əleyhinə müqavimət var.

Türkiyənin siyasi təhlilçilərindən Batu Coşkun Çinin Sinxua agentliyinə deyib ki, ABŞ Konqresi “müstəqil bir qurumdur” və “xüsusən də Ərdoğanın Qəzza zolağındakı vəziyyətlə bağlı bəyanatlarından sonra Türkiyəyə F-16-ların verilməsinə müqavimət bir qədər də artacaq”.

Ekspertin sözlərinə görə İsveçin NATO sənədlərinin ratifikasiyası da ləngiyə bilər.

Coşkun deyib ki, parlament İsveçin sənədlərini səsə qoymazdan əvvəl F-16 məsələsində real tərpəniş görmək istəyəcək:

"Mən hazırkı şəraitdə bu məsələnin həlli üçün zamanın yetişdiyini görmürəm”.

Türkiyə Rusiyadan S-400 raket sistemləri aldığına görə 2019-cu ildə ABŞ-ın rəhbərlik etdiyi təkmil F-35 qırıcı proqramından kənarlaşdırılıb.

Türkiyə mart ayında Finlandiyanın NATO üzvlüyü üçün müraciətini qəbul etsə də, İsveçin məsələsini ləngitmişdi.

XS
SM
MD
LG