Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:52

Bazar sahibkarları da vergi uçotuna alınacaq. Qiymətlər artacaqmı?


"Binə" Ticarət Mərkəzi
"Binə" Ticarət Mərkəzi

Azərbaycanda bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Əks təqdirdə, hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 min manat maliyyə sanksiyası tətbiq ediləcək. Bu, Milli Məclisin müzakirəsinə çıxarılacaq Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Layihə bazarlarda, o cümlədən ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək. Ancaq kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olanların istisna təşkil edəcəyi gözlənir.

"Vergi qiymətin üstünə gələcək"

Bakıda "8-ci kilometr" kimi tanınan bazarda tikinti materiallarının satışı ilə məşğul olan bir sahibkar-satıcı AzadlıqRadiosuna bildirib ki, yeni qaydaya görə qiymətlər qalxacaq: "Satıcı vergi verirsə, malı özünə ziyana satmayacaq, vergi qiymətin üstünə gələcək. Deyirlər ki, guya, bu qayda təzə satıcılara aid olacaq. İnanmıram. Belə ola bilməz axı, bir nəfər ödəsin, 10 nəfər ödəməsin".

Onun sözlərinə görə, vergi ödəyirsənsə, faydası olmalıdır: "Bəs bizim xeyrimiz nə olacaq? Mənə nə imtiyaz olacaq bu vergidən? Onu demirlər. Camaat onsuz da Türkiyədən, Çindən mallar sifariş verir, çünki ucuzdur. Yeni qaydadan sonra bazarımız tam öləcək".

"Altı ay vaxt veriləcək"

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Turan"a bildirilib ki, Vergi Məcəlləsinə dəyişikliyin məqsədi bazarlar üzərində vergi nəzarətinin effektiv qurulmasını təmin etməkdir: "Qanun qəbul olunduğu təqdirdə doqquz ay sonra qüvvəyə minəcək. Qüvvəyə mindikdən sonra bazar mülkiyyətçilərinə və idarəedicilərinə altı ay vaxt veriləcək ki, sahibkarlarla rəsmi icarə müqaviləsi bağlasınlar, sahibkarlar vergi uçotuna alınsınlar".

Natiq Cəfərli
Natiq Cəfərli

"Azərbaycan büdcəsinin buna ehtiyacı varmı?"

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı AzadlıqRadiosuna açıqlamasında bir məqama diqqət çəkir: "Əgər deyirlər ki, bazarlarda fəaliyyət göstərən sahibkarlar vergi uçotuna alınsın, onda bazarlardan bir az kənarda, yol qırağında mallarını satan insanlara da bu şamil ediləcəkmi? Onlara aid ediləcəksə, onların POS-terminal alması, vergi uçotuna durması əlavə xərclər gətirəcək. Əlavə xərclər gətirəcəksə, vergi ödəniləcəksə, bu da qiymətin üzərinə əlavə ediləcək".

İqtisadçı hesab edir ki, yeni qayda dövlət büdcəsinə böyük vəsaitlər gətirə bilməyəcək: "Vergi 2-3 faiz olsa, burada il ərzində maksimum 5-10 milyondan söhbət gedə bilər. Azərbaycan büdcəsinin buna ehtiyacı varmı? Bu dəyişikliyin məntiqini başa düşmək çətindir. Mən demirəm ki, vergi ödəməsinlər, amma bunun mərkəzləşdirilmiş qaydada edilməsinin faydası yoxdur".

O, yeganə çıxış yolunu bələdiyyələrdən satış lisenziyalarının alınmasında görür: "Sahibkarlar həmin lisenziyanı alırlar və o, bələdiyyə vergisi kimi ödənilir. Bələdiyyə də ərazisində səyyar və yaxud da bazarlarda satış həyata keçirən sahibkarlar üçün donorlardan birinə çevrilir. Yəni, adam həmin bələdiyyənin ərazisində həm yaşayır, həm fəaliyyət göstərir və ödədiyi vəsait nəticədə özünə xərclənir".

Azərbaycanda mövcud qanunvericilik bələdiyyələrə belə imkan tanımır.

Mövzu ilə bağlı ayrı-ayrı bazarların rəhbər şəxsləri ilə isə danışmaq mümkün olmayıb. Amma onlar buna qədər bu mövzuda müzakirələrdə, bir qayda olaraq, vergidən yayınma və qeyri leqal ödənişlərlə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG