Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:56

Bayraq olmanın 3 şərti


Azərbaycan bayrağı
Azərbaycan bayrağı

AzadlıqRadiosunun «İz» poqramı Bayraq Günündə Cümhuriyyət araşdırıcısı Nəsiman Yaqublu-dan müsahibə alıb.

- Nəsiman bəy, xoş gördük! Bayraq gününüz mübarək!

- Sağ olun. Qarşılıqlıdır...

- Azərbaycan bayrağının 101 yaşınıbayram edirik. Hansı hissləri keçirirsiz?

- Hə, doğrudan da, bu, çox böyük tarixi hadisədir. Azərbaycan dövlətinin bayrağının yaradılması, həm də Azərbaycanın demokratik dövlət qurmaq tarixi ilə eynidir, eyni mənanı daşıyır. Və onu da bildirim ki, bizim üçrəngli bayrağımızdan əvvəl ilk bayrağımız da olub ki, onun da rəngi qırmızıdır...1918-ci il iyunun 21-də təsis olunub—səkkiz guşəli... Üçrəngli bayrağımızı sonradan - 1918-ci il noyabrın 9-da yaratmışıq.

Nəsiman Yaqublu, Bakı, 06 fevral 2009
Nəsiman Yaqublu, Bakı, 06 fevral 2009

Lütfən, bayrağımızın tarixçəsini gənclərə daha ətraflı xatırladın. Niyə ona təkcə üçrəngli, ay-ulduzlu deyil, həm də Cəfər Cabbarlının dili ilə söyləsək, «yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim» deyiblər?

- Bu bayrağın ideoloji düsturunu, əsasını ilk dəfə Əli bəy Hüseynzadə verib. 1907-ci ildə «Füyuzat» jurnalında çıxan bir məqaləsində «türk millətindənəm, islam ümmətindənəm, Avropa qiyafəliyəm, firəng düşüncəliyəm» - yazıb. Bu bayrağın bir qədər sadələşmiş formasını sonralar Ziya Gökalp verib. Amma siyasi düsturunu verən M.Ə. Rəsulzadə olub.

«Türk millətindənəm, Avropalaşıram, müasirləşirəm və islam ümmətindənəm. Əli bəydə də, Ziya Gökalpda da islam ikinci yerdə gedir, amma Rəsulzadədə üçüncü yerdə... Bu onunla bağlı idi ki, cümhuriyyət qurucuları bütün dünyaya sübut etmək istəyirdilər ki, biz müasir dövlət qururuq. Avropa tipli, çağdaş dövlət qururuq. Dini dövlət qurmuruq, din sadəcə, mənəviyyatımızın bir hissəsidir. O baxımdan bayrağımızın çox zəngin və maraqlı mənası var. İkincisi, bu bayrağın yaranmasının Azərbaycanın müstəqillik tarixi ilə sıx əlaqəsi var. Qırmızı bayrağı niyə üçrəngli etdik? Çünki, 1918-ci ildə Azərbaycanı, Bakını azad etmiş Qafqaz İslam Ordusu Türkiyə dövləti I Dünya Müharibəsini uduzduğuna görə çıxıb gedirdi və Bakı ingilislərin ümumi nəzarətinə verilirdi. Belə bir vaxtda ingilislər, başda general Tomson olmaqla, «mən türklərin intriqası ilə yaranan bir dövlət tanımıram» - deyə Bakıya daxil olurdu...

Türk İslam ordusu, Bakı, 1918
Türk İslam ordusu, Bakı, 1918

Cümhuriyyət qurucuları üçrəngli bayrağı həm də ona görə yaratdılar ki, sübut etsinlər ki, bu, intriqa ilə yaradılan yox, Azərbaycan xalqının öz iradəsi ilə yaradılan dövlətdir. Təbii ki, burda birinci rolu bayraq oynamalı idi. Odur ki, üçrəngli bayrağı yaratmaqla, biz bütün dünyaya göstərdik ki, Azərbaycan Cümhuriyyəti müstəqil dövlətdir. Maraqlıdır ki, bu bayraq ilk dəfə dəniz vağzalında qaldırıldı—1918-ci il noyabrın 17-də - ingilislər Bakıya gələndə - ilk dəfə rəsmi surətdə orda qaldırıldı. İlk dəfə himnimiz də səsləndi. İndiki himnimiz yox, Üzeyir bəyin «Leyli və Məcnun» operasında Nofəlin səhnəyə gəlişində «Heyratı» üstündə coşğun musiqi çalınır—bax həmin musiqi altında başda general Tomson olmaqla ingilislər qarşılandı... Daha sonra 1918-ci il dekabrın 7-də parlamentin açılışında rəsmi şəkildə üçrəngli bayraq dalğalandı və M.Ə. Rəsulzadə o məşhur sözlərini ilk dəfə burda söylədi: «Bir kərə yüksələn bayraq bir daha enməz!».

- Nəsiman bəy, 101-ci ilində Azərbaycan bayrağını necə görmək istərdiniz? Daha doğrusu, bu bayrağa baxarkən, hansı duyğuların yaşanmasını arzulardınız?

- Mən ilk növbədə bu bayrağın işğal olunmuş torpaqlarda dalğalanmasını istərdim. Azərbaycan vətəndaşının həm maddi, həm sosial rifah halının daha da yaxşı olmasını istərdim bu bayrağın şəfəqləri altında... Və nəhayət, Azərbaycan insanının bu bayrağı sevməsini, bayrağı yaradanların şəxsiyyətlərini daha çox dəyərləndirməsini istərdim. Çünki bu bayraq uğrunda böyük bir mücadilə gedib, bayrağı yaradanlar insanlara millət sevgisi, dövlətçilik təfəkkürü aşılayıblar və bu yolda öz həyatlarını fəda ediblər. Bayrağımız ağır mühacirət illərində Almaniyada, Fransada, Türkiyədə, Polşada və s. ölkələrdə gizli şəkildə saxlanılmış və dalğalandırılmış bir bayraqdır və biz bu gün onu açıq şəkildə başımız üzərində dalğalandırırıq. Və bir informasiyanı da verim ki, bu bayrağı sovet vaxtı—1956-cı ildə Qız Qalasının üzərində dalğalandıran oğullarımız da olub...

Qız Qalasına Azərbaycan bayrağını sancan, Cahid Hilaloğlu
Qız Qalasına Azərbaycan bayrağını sancan, Cahid Hilaloğlu

Bilirik, Nəsiman bəy. Bu bayrağı dalğalandıran Cahid Hilaloğlu barədə ayrıca verilişimiz var.

- Çox gözəl... Nəhayət, bu bayrağın bərpa tarixi 1991-ci il fevralın 5-nə təsadüf edir. Yəni 1990-cı il noyabrın 29-da Azərbaycan Respublikasının adının və bayrağının dəyişdirilməsi haqqında bəyannamənin qəbulundan sonraya. 1991-ci il fevralın 5-də isə üçrəngli bayraq Azərbaycan Respublikasının bayrağı elan edildi. Himnimiz isə 1991-ci il mayın 27-də qəbul edildi. Bu dövlət atributları artıq 90-cı illərdən həyatımıza qovuşdu.

- Vətəndaşlar nə vaxt bayrağın rəngini də, kimə mənsubiyyətini də unudurlar, sizcə?

- Bilirsinizmi, insanlara daim Vətən sevgisi aşılanmalıdır. Vətən sevgisi az olanda, onun aşılanma məqamları azalanda, onda insanlar bayrağın rəngini də unutmağa başlayırlar... Ona görə də, cəmiyyətdə həmişə o balansı gözləmək lazımdır. Cəmiyyətə verdiyimiz dəyərlər içərisində bayraq sevgisi önəmli yerdə durmalıdır. Bu, çox vacib məsələdir. Bunu Azərbaycan dövlətinin siyasətinin ümumi tərkib hissəsi kimi cəmiyyətə aşılamaq lazımdır.

-İlk dəfəbu bayrağı görəndə hansı hissləri yaşamışınız?

-Bu hissi Sovetlərin çöküşünün sonlarında Türkiyədə yaşamışam. 1989-cu ildə Türkiyəyə getmişdim. Azərbaycan Kültür Dərnəyində, Məhəmməd Kəngərlinin otağında Azərbaycan bayrağını görəndə qəribə duyğular keçirdim. Bu gün mənim şəxsi arxivimdə 1918-ci ildə Məhəmməd Əmin bəyin döşünə taxdığı bayraq nişanı var. O vaxt parlament üzvlərinə bu nişanı verirdilər. O, mənim kolleksiyamdadır. Illər öncə onu BDU-ya aparıb tələbələrimə göstərdim. İnanırsınızmı, uşaqlar nə qədər sevindilər...

- Nəsiman bəy, onu biz də görmək istərdik...

- Bir dəfə qonağınız olanda, gətirib göstərərəm. Tarixi bir eksponatdır, adamda qəribə duyğular oyadır. Onu Rəsulzadə daşıyıb! O gənclərin bayraq nişanına münasibətini görəndə anladım ki, bu duyğular bizdə var, həmişə də olacaq. Sadəcə, onu qorumaq lazımdır.

M.Ə. Rəsulzadə-135, 31 yanvar 2019
M.Ə. Rəsulzadə-135, 31 yanvar 2019

- Və son sual: Bayraq nə vaxt bayraq olmur?

- Rəsulzadə deyirdi ki, Vətənin Vətən olması üçün 3 əsas lazımdır. Birinci torpaq - torpaq olmalıdır ki, oranı Vətən edəsən. İkinci insan - insan yaşamayan yer Vətən ola bilməz. Üçüncüsü, o torpaqda o insanı idarə edən demokratik, azad bir idarəçilik sistemi. Bax, bu üçü olanda vətən Vətən olur! Bu üçü olanda, orda bayraq da olur! Üçü olmayanda, orda bayraq da olmur...

- Çox sağ olun. Bir daha Bayraq Gününüzü təbrik edirəm. Müsahibəyə görə təşəkkür edirəm.

- Mən təşəkkür edirəm.

XS
SM
MD
LG