Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:13

Bayden Türkiyə üçün Konqresə müraciət edib - Qərb mediası


The Wall Street Journal qəzeti yazır ki, hadisələrin belə inkişafı Vaşinqtonla Ankara arasında münasibətlərdə potensial olaraq böyük dönüş yaradardı

ABŞ prezidenti Co Bayden Türkiyəyə, onun F-16 qırıcı donanmasını əsaslı şəkildə modernizasiya edəcək təkmil silah, radar sistemlərinin və başqa texniki avadanlığın satılması barədə qərarın qəbul edilməsi üçün rəsmən Konqresə müraciət edib.

The Wall Street Journal qəzeti yazır ki, hadisələrin belə inkişafı Vaşinqtonla Ankara arasında münasibətlərdə potensial olaraq böyük dönüş yaradardı.

Qəzet qeyd edir ki, ABŞ prezidentinin bu addımı Türkiyənin Rusiya təcavüzü ilə üzləşən Ukraynaya nəzərəçarpacaq dəstəyi ilə bağlıdır.

Prezident Recep Tayyip Erdoğan Türkiyə ərazisində Rusiya-Ukrayna danışıqlarının iki dövrəsinin baş tutmasına şərait yaratmaqla yanaşı Ukraynanı Bayraktar TB2 dronları da daxil silahlarla təchiz edir.

Qəzet yazır ki, bu dronlar Ukraynanın Rusiya qüvvələrinə qarşı döyüşlərində son dərəcə əhəmiyyətli rol oynayır.

Baydenin müraciəti ilə tanış ABŞ rəsmiləri bildirirlər ki, prezident administrasiyası Konqreslə mümkün razılaşmadan Türkiyəyə ayrıca olaraq 40 ədəd yeni F-16 qırıcılarının verilməsinə dair daha bir razılaşmanın əldə olunması üçün istifadə etməyə çalışacaq.

Ankara və Vaşinqton arasında münasibətlər 2017-ci ildə Türkiyə Rusiyadan S-400 havadan müdafiə raket sistemləri alandan sonra sərinləşib.

400 milyon dollarlıq saziş

Qəzet yazır ki, Konqresin hər iki palatasındakı millət vəkillərindən bəziləri Türkiyədə insan haqlarının vəziyyəti ilə bağlı Erdoğanla münasibətlərin dərinləşdirilməsindən ehtiyat edirlər.

Bununla belə ABŞ Dövlət Departamenti bildirmişdi ki, Vaşinqton NATO üzvü olan Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasını istəyir.

Departamentin bəyanatlarından birində deyilirdi ki, Türkiyənin Avroatlantika icmasında qalması Vaşinqtonun maraqlarındadır.

Baydenin Konqresə təqdim etdiyi razılaşmanın 400 milyon dollar dəyərində olduğu deyilir.

Xəbərlərə görə bura müxtəlif raketlərin, təkmil radar avadanlığının verilməsi, habelə Türkiyə qırıcılarının texniki modernizasiyası daxildir.

Ankaranı Pekin və Moskvadan məsafədə saxlamaq

Qəzet yazır ki, Türkiyəyə 40 F-16 qırıcısının satılması Ankara ilə Vaşinqtonu daha sıx yaxınlaşdırardı.

Bu, Ankaranın Moskva və Pekinlə münasibətlərindən narahat olan Bayden administrasiyasının marağında olan bir yaxınlaşma olardı.

Bu da ehtimal olunur ki, Erdoğan Baydendən Türkiyəyə F-16 qırıcılarının yeni partiyasının satılmasını onunla mart ayında apardığı telefon danışıqlarında xahiş edib.

Lakin Türkiyənin Ukraynaya böyük hərbi dəstəyinə baxmayaraq hər iki partiyadan olan bir sıra millət vəkilləri belə bir sövdələşməyə müqavimət göstərməyə hazırdırlar.

Senatın Xarici Əlaqələr Komitəsində ən yüksək vəzifəli respublikaçı senator Cim Riş deyib ki, o bir NATO üzvü kimi Ankaraya F-16-ların verilməsinə qarşı deyil, amma bunun baş verməsi üçün əhəmiyyətli zəmanətlər lazım olacaq.

XS
SM
MD
LG