Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:52

Bayden-Starmer danışıqlarından nə gözlənilir?


Britaniyanın baş naziri Kir Starmer Vaşinqtona gəlib
Britaniyanın baş naziri Kir Starmer Vaşinqtona gəlib

Bugün sentyabrın 13-də Vaşinqtonda ABŞ prezidenti Co Bayden Britaniyanın baş naziri Kir Starmerlə danışıqlara başlayacaq.

Bu, Britaniya Leyborist Partiyasının seçki qələbəsindən sonra ölkənin yeni baş nazirinin ABŞ-a ilk səfəridir.

Xəbər verilir ki, bu danışıqların əsas mövzusu Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsi olacaq.

İki liderin eyni zamanda həm də Ukraynaya verilən Qərb silahları ilə Rusiya ərazisinin vurulmasına qoyulmuş məhdudiyyətlərin qaldırılması məsələsini müzakirə edəcəkləri gözlənilir.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də deyib ki, əgər Ukraynaya Qərbin uzaqvuran silahları ilə Rusiya ərazisinə zərbələr endirmək icazəsi verilsə, bu artıq NATO-nun Rusiyaya qarşı müharibədə birbaşa iştirakı sayılacaq və Moskva vəziyyətə uyğun olaraq növbəti hərəkətlərini nəzərdən keçirəcək.

Kir Starmer Vaşinqtona uçarkən təyyarədə jurnalistlərin suallarına cavab verib. O Putinin son bəyanatını şərh edərkən deyib ki, müharibəyə son qoyulması Moskvanın əlindədir:

"Bu münaqişəni Rusiya başlayıb. Rusiya qanunsuz olaraq Ukraynaya müdaxilə edib. Ukraynanın özünümüdafiə hüququ var və biz Ukraynanın bu hüququnu tamamilə dəstəkləyirik. Biz Rusiya ilə münaqişəyə can atmırıq. Bu, az bir dərəcədə olsa da, bizim niyyətlərimizə daxil deyil”.

Starmer ehtiyatla danışır

Britaniya mediası vurğulayır ki, Starmer Ukraynaya uzaqmənzilli raketlərdən istifadə icazəsinin verilməsinə dair ehtiyatla danışıb.

O deyib ki, Baydenlə danışıqlarda əsas diqqətin “taktiki qərarlara” deyil, Qərb müttəfiqlərinin Ukraynaya dəstəyinin “strateji kontekstinə” yönəldilməsini istərdi.

Baş nazirin sözlərinə görə istənilən belə qərarlar strateji kontekstə daxil edilməlidir.

The Guardian qəzeti sentyabrın 11-də hökumətdəki mənbələrə istinadla iddia edirdi ki, Britaniya Ukraynaya Rusiya ərazisinin dərinliklərinin vurulması üçün Storm Shadow qanadlı raketlərindən istifadə icazəsi verib, lakin bu barədə rəsmən bəyan edilməyəcək.

Britaniya rəsmiləri qəzetin məqaləsini şərh edərkən deyiblər ki, Londonun bu məsələdəki mövqeyi hələ dəyişməyib. Başqa sözlərlə Britaniya uzaqmənzilli raketlərdən istifadə üzərindəki məhdudiyyətləri qaldırmayıb.

ABŞ Rusiyanın onun raketləri ilə vurulmasını istəmir

Bayden və Starmer arasında görüşdən yazan ABŞ və Britaniya mediası qeyd edir ki, Ağ Evdə keçirilən danışıqlarda Ukraynaya uzaqmənzilli raketlərdən istifadə icazəsinin elan edilməsi ağlabatan görünmür.

Bununla yanaşı The New York Times və Bloomberg mənbələrə istinadla yazırlar ki, Birləşmiş Ştatlar Ukraynaya uzaqmənzilli raketlərdən istifadə icazəsinin verilməsinə yaxındır, lakın o bu zaman ABŞ-ın ATACMS raketlərindən deyil Britaniya və Fransanın Storm Shadow və SCALP raketlərindən istifadəyə üstünlük verir.

Ukrayna hakimiyyəti və bir sıra NATO üzvləri Qərbi Kiyevin uzaqvuran silahlarla Rusiyaya zərbələr endirməsinə qoyulmuş məhdudiyyətlərin qaldırılmasına çağırıblar.

Onlar bu qənaətdədirlər ki, Rusiyanın hücum potensialından məhrum edilməsi sülhün əldə olunmasını yaxınlaşdıra bilər.

Kiyev israr edir ki, uzaqmənzilli raketlərlə zərbələr yalnız Rusiyanın hərbi aerodromlarına, silah-sursat anbarlarına və komanda mərkəzilərinə endiriləcək.

ATACMS raketlərinin vurma radiusu 300, Storm Shadow raketlərinin vurma radiusu isə 550 kilometrdir. Bu raketlərlə ilhaq olunmuş Krıma zərbələr endirilməsinə məhdudiyyət qoyulmayıb.

XS
SM
MD
LG