Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:08

Nəzarət Palatasının lüğətində «bağlamaq» sözü yoxdur


«BankStandard»
«BankStandard»

-

«BankStandard»a dövlət yardımı göstəriləcək»

Belə təəssürat yaranır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) banklara nəzarətdəki sələfindən - Mərkəzi Bankdan (MB-dən) fərqli yol seçib. MB bankları qapadırdısa, MBNP sağlamlaşdırmaya üstünlük verir. Palata «likvidlik və kapital mövqeyi» zəifləyən «BankStandard»ın dərdinə çarə olmaq istəyir. Sözsüz, «Bank Standard»ın sektordakı yeri də bu qərarda önəmli rol oynayıb. Axı vətəndaş əmanətlərinin həcmi baxımından ölkənin 2-ci ən iri bankıdır. Amma bir sual da doğur: Bankların bağlanması dayandı, yoxsa sağlamlaşdırma qərarı yalnız «BankStandard»a keçərlidir?

Daha öncə MB-nin ardı-arda 6 bankı qapatması həmin sualı aktuallaşdırır. O vaxt nə banklar birləşdirildi, nə də baş bankir Elman Rüstəmovun «Azərbaycan iqtisadiyyatına 15-20 bank bəs edər» bəyanatı problemləri çözdü.

Rüfət Aslanlı
Rüfət Aslanlı

Palata Direktorlar Şurasının sədri Rüfət Aslanlı başqa mövqe tutub və deyib ki, Azərbaycanın hər hansı bankında müvəqqəti inzibatçılıq və ya lisenziyanın geri alınması məsələsinə baxılmayacaq.

Onun sözlərinə görə, Palata 37 bankın hər birinə nəzarət edir: «Palata stress-testlər aparır. Hazırda digər banklarda problem müşahidə edilmir».

«Növbəti gərginlik yarada bilərdi»

Samir Əliyev
Samir Əliyev

İqtisadiyyat eksperti Samir Əliyev də «BankStandard»ın uzun müddət ölkənin ilk beşliyinə daxil olduğunu deyir: «Depozitlərin həcminə görə, ölkənin 2-ci ən böyük bankıdır. Bank bağlansa, həmin vəsaiti qaytarmağa nə əmanət fondunun vəsaiti çatacaq, nə də bankın özünün. Bu isə bank sektorunda növbəti gərginlik yarada bilərdi. Əlbəttə, biz nəticə barədə danışırıq».

«Bankı sağlamlaşdırmaq... çox çətin olacaq»

S. Əliyevin fikrincə, problemin belə acınacaqlı duruma düşməsi həm bank rəhbərliyinin məsuliyyətsiz idarəçiliyindən, həm də hökumətin addımlarından qaynaqlanır: «Bankın risk menecmentini düzgün qurmaması və ardınca hökumətin banklara 2 dəfə devalvasiya «hədiyyəsi» ona gətirib çıxardı ki, kreditlərin ödənişində problemlər yarandı və bankın kapitalı pisləşdi. Əlbəttə, Palatanın bu addımının doğru və ya yanlışlığı haqqında müzakirə açmaq olar. Hər bir halda bu addımı düzgün sayıram. Bankı sağlamlaşdırmaq Palataya çox çətin olacaq».

«Vəziyyət pisləşsə...»

Ekspertin sözlərinə görə, hələlik, bankların bağlanma prosesinə moratorium qoyulduğu görünür: «Hələ ki, proses belə davam edəcək və Palata bankları qorumağa çalışacaq. Ancaq vəziyyət pisləşsə, bağlanmaq məsələsi yenidən gündəmə gələ bilər. Banklarda problem var və həll olunmamış qalır. O üzdən, hökumət dollar kreditləri ilə bağlı dəstək verməlidir. Əks halda, digər banklar da «Bank Standard»ın taleyini yaşaya bilər».

«Azərbaycan xalqının pulu hesabına…»

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank məsələləri eksperti Əkrəm Həsənov «Banklar haqqında» qanunun 57-ci maddəsini yada salır və əslində çökmüş və bu səbəbdən bağlanmalı olan bankın sağlamlaşdırılmasına təəccübləndiyini bildirir «Bəs niyə bağlanmır? Ona görə ki, sistem əhəmiyyətlidir. Yəni o qədər böyükdür ki, onun bağlanması, qanunun dili ilə desək, maliyyə sabitliyinin pozulmasına, ödəmələrdə sistem xarakterli böhrana, əmanətçilərin pul vəsaitlərinin kütləvi surətdə itirilməsinə və bank sisteminə etimada ciddi təhlükə doğura bilər. Buna görə də bank dövlət vəsaiti hesabına xilas edilir. Yəni Azərbaycan xalqının pulu hesabına».

«Bankın bu vəziyyətə düşməsinin günahkarları cəzasız qalmamalıdır»

Ekspert onu da əlavə edir ki, palatanın başqa yolu da yoxdur: «Bütövlükdə maliyyə sistemini xilas etmək üçün belə bir addım atılmalıdır. Başqa yol onsuz da yoxdur. Çünki əks halda fəsadları daha ağır olacaq. Lakin bankın bu vəziyyətə düşməsinin günahkarları da cəzasız qalmamalıdır. Həmin bankın sahibləri və rəhbərləri ən pis halda bankı talayıb, ən yaxşı halda isə bərbad şəkildə idarə edib. MB-nin rəhbərliyi isə ən pis halda onlarla əlbir olub, ən yaxşı halda isə bankı düzgün yoxlamamış və belə pis bankın iriləşməsinə şərait yaradıb. Onların əməllərinə görə isə indi bütün xalq xərcə düşür! Günahkarlar cəzalandırılmalıdır! Necə olur ki, kiçik borcunu ödəyə bilməyən vətəndaşın başına oyun açırlar, amma bu boyda bankı çökdürənlərə qarşı heç bir tədbir görülmür?! Nəticədə hökumət əhalinin borcları üzrə güzəşt üçün pul vermir, amma batmış bankı xilas etmək üçün vəsait ayırır».

«Hanı həmin qərar?»

Ə.Həsənov bildirir ki, «Banklar haqqında» qanuna əsasən bankın sağlamlaşdırılması haqda qərarı (tədbirlər planı ilə birgə - red.) Nazirlər Kabineti təsdiq etməlidir: «Hanı həmin qərar? Hanı tədbirlər planı? Niyə dərc olunmayıb? Bütün məsələlər ilk növbədə hüquqi müstəvidə həll olunmalıdır. Bir daha deyirəm, iqtisadi cəhətdən bu bankın sağlamlaşdırılması zəruridirsə, olsun! Lakin hər şeydən əvvəl hüquqi çərçivəni gözləmək lazımdır! Hüquqi nəticələr də olmalıdır. Özü də şəffaf».

«Sağlamlaşdırmaya ehtiyac olan tək bu bank deyil»

Rövşən Ağayev
Rövşən Ağayev

Ekspert Rövşən Ağayevin fikrincə, sağlamlaşdırmaya ehtiyacı olan tək bank bu deyil. Onun sözlərinə görə, vacib olan prosesin şəffaf olmasıdır:«Hökumət bank sektorunun sağlamlaşdırılması üçün parlamentdə və cəmiyyətdə müzakirə olunmaq şərti ilə strategiyasını açıqlamalıdır. Sağlamlaşdırmanın prinsip və meyarları, dəstəyin həcm və formaları və gözlənilən nəticələri sənəddə dəqiq əks etdirilməli və əsaslandırılmalıdır».

«İndi «balon partlaması»nı müşahidə edirik. Gələcəkdə isə…»

R.Ağayevin sözlərinə görə, indiki prosesdə cəmiyyət üçün bütün məqamlar açıq olmalıdır: «Bank xilas olmaq üçün dövlətdən yardım almaq istəyirsə, rəsmi sahiblərini açıqlamağa borcludur. Problemli kreditlərinin həcmi, risk menecmentində yol verilmiş yanlışlıqlar hesabat formasında ictimaiyyət üçün tam açıq olmalıdır. Dövlətdən dəstək alan bankların yaxın 5 ildə kredit strategiyası, risk menecmentinə yanaşması, bank xidmətlərinin inkişafı istiqamətində atacağı addımlar açıq müzakirələrdə ortaya qoyulmalıdır. Belə şəffaf mühit olmayacaqsa, bank sektorunu xilas etmək mümkün olmayacaq. İndi «balon partlaması»nı müşahidə edirik, 3-5 il sonra indi qaranlıq otaqlarda qoyulan bombalar partlayacaq».

XS
SM
MD
LG