Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:48

Bankların yarısı illik hesabatını açıqlamayıb


Əkrəm Həsənov
Əkrəm Həsənov

-

Banklar maliyyə ili bitdikdən, ən geci, 5 ayın içində illik maliyyə hesabatlarını açıqlayaraq mətbuatda dərc etməlidir. «Banklarda korporativ idarəetmə standartları» sözügedən hesabatın bankın internet saytında da yerləşdirilməsini şərtləndirir.

İNGİLİSCƏ DE Kİ, ANLAMASINLAR?

Bank məsələləri eksperti Əkrəm Həsənov AzadlıqRadiosuna açıqlamasında ölkədəki 37 bankdan yalnız 19-nun illik hesabatı açıqladığını bildirir: «Hesabatı açıqlamış 19 bankdan yalnız 10-u sənədi Azərbaycan dilində hazırlayıb. Qalan 8-i isə ingilis dilinə üstünlük verib. Müştərilərin mütləq əksəriyyəti ingilis dilini bilmədiyindən, bunu tam açıqlama da saymaq olmaz. «Banklarda korporativ idarəetmə standartları»nın 14-cü maddəsinin 10-cu bəndinə əsasən, hesabatın bankın internet səhifəsində yerləşdirildiyi tarix göstərilməlidir. Ancaq hesabatı açıqlamış heç bir bank bunu etməyib».

ETİBARLILIQ DƏRƏCƏSİNƏ GÖRƏ BANK ÇEŞİDLƏRİ

Ə.Həsənov hesabatlar üzrə bir sıra meyarlara dayanaraq, bankları 5 qrupa ayırıb:

Ən etibarsız banklar «1-ci qrup»a daxil edilib. Söhbət 15 bankdan gedir: Bank VTB (Azərbaycan), Nikoyl Bank, Unibank, Bank Respublika, ParaBank, Zaminbank, AGBank, AtaBank, Bank Standard, Naxçıvanbank, DekaBank, Dəmirbank, Bank BTB, NBC Bank və Expressbank. Bu banklar həm illik, həm də qanunvericiliyə zidd olaraq, rüblük hesabatları da açıqlamır.

Qismən etibarsız banklar «2-ci qrup»u formalaşdırıb. Bu qrupa 4 bank daxildir:

1. Bank Silk Way.

2. Rabitəbank.

3. Muğanbank

4. Turanbank.

Bu banklar illik hesabatlarını açıqlamasa da, rüblük hesabatlarını öz saytlarında yerləşdirirlər. Düzdür, bu da var ki, rüblük hesabat audit yoxlamasından keçmədiyindən mötəbər sayılmır.

Az etibarlı banklar «3-cü qrup»a daxil edilib. Bu banklar illik hesabatı açıqlasa da, ilin ilk 3 ayının hesabatını bildirməyib. Söhbət 7 bankdan gedir:

1. Accessbank: 148 milyon manat kapital, 2.6 milyon manat mənfəət. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – EY.

2. XalqBank: 209 milyon manat kapital, 1.3 milyon manat mənfəət. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – Crowe Horwath.

3. Bank of Baku: 58 milyon manat kapital, 37 milyon manat zərər. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – Deloitte.

4. Amrahbank: 44 milyon manat kapital (50 milyon manat olan kapital tələbi pozulub), 5.5 milyon manat zərər. Kənar auditor – GrantThornton (Dubay).

5. Günaybank: 59.5 milyon manat kapital, 3.5 milyon manat zərər. Kənar auditor – RSM (Azərbaycan).

6. KredoBank: 50.8 milyon manat kapital, 2.6 milyon manat zərər. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – RSM (Azərbaycan).

7. Bank Melli İran (Bakı filialı): 51 milyon manat kapital, 0.5 milyon manat mənfəət. Auditorun kimliyi hesabatdan aydın olmur.

Qismən etibarlı banklar «4-cü qrup»a daxildir. Söhbət illik hesabatını azgüvənli audit şirkətlərinə yoxlatdıran 3 bankdan gedir:

1. Azərbaycan Sənaye Bankı: 74.8 milyon manat kapital, 4.5 milyon mənfəət. Kənar auditor – GrantThornton (Dubay).

2. Bank Avrasiya: 56.9 milyon manat kapital, 1 milyon manat mənfəət. Kənar auditor – Baker Tilly Azərbaycan.

3. Pakistan Milli Bankı (Bakı filialı): 10 milyon manat (50 milyon manat kapital tələbinin pozulması dövlətlərarası razılaşmaya əsasən pozulur), 32 min manat mənfəət. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – RR-VAM.

Nisbətən etibarlı banklar «5-ci qrup»u şəkilləndirib. Bu qrupa 8 bank daxildir (ilk 2 bank bütün kəm-kəsirinə baxmayaraq, dövlətə məxsus olduğundan ilk 2 bank da bu qrupa daxil edilib):

1. Azərbaycan Beynəlxalq Bankı: 714 milyon manat kapital, 812 milyon manat zərər. Hesabatını ingilis dilində dərc edib. Kənar auditor – Deloitte.

2. Azərtürkbank: 45.9 milyon manat kapital, 3.1 milyon manat zərər. Kənar auditor – EY.

3. Paşabank: 432.4 milyon manat kapital, 14.3 milyon manat mənfəət. Hesabatını ingilis dilində dərc edib. Kənar auditor – EY.

4. Kapital Bank: 292 milyon manat kapital, 61.9 milyon manat mənfəət. Kənar auditor – EY.

5. YapiKrediBank: 67.9 milyon manat kapital, 38 min manat mənfəət. Hesabatını ingilis dilində dərc edib. Kənar auditor – EY.

6. ZiraatBank, 53.3 milyon manat kapital, 3.3 milyon manat mənfəət. Kənar auditor – pwc.

7. AFB Bank: 76.3 milyon manat kapital, 2 milyon manat mənfəət. Kənar auditor – Deloitte.

8. Caspian Development Bank: 58.4 milyon manat kapital, 8 milyon manat mənfəət. Kənar auditor – pwc.

«AÇIQLANMIŞ HESABATLARA DA TAM ETİBAR ETMƏK OLMAZ»

Ə.Həsənov hesabatların qüsurlu olduğunu deyir: «Bir daha vurğulamaq istəyirəm ki, savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Maliyyə göstəriciləri hər necə olsa da. Məsələn, beynəlxalq reytinq agentliklərinin bəyanatlarından məlumdur ki, banklarımız hesabatlarında problemli kreditlərin həcmini bir neçə dəfə azaldır, nəticədə daha az ehtiyat yaradır, kapitalı şişirdir və s. Bu baxımdan, ən azı, Azərbaycanda normal bank nəzarəti sistemi qurulanadək, açıqlanmış hesabatlara da tam etibar etmək olmaz. Əksər bankının öz hesabatını da gizlətdiyi ölkədə isə, ümumiyyətlə, hər hansı bank nəzarətindən söhbət gedə bilməz».

XS
SM
MD
LG