Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:23

Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]


KapitalBank
KapitalBank

Azərbaycanda hansı bankın kimə məxsus olduğunu bilməyən az adam tapılar.

Elə bankların özləri də «arxalarında duran» şəxslərin adlarını son illər səsləndirməkdən çəkinmirlər. Məsələn, «Paşa Bank», «Kapital Bank» və «Xalq Bank» ASC-lərin hesabatlarında onların prezident İlham Əliyevin qızlarına məxsus olduqları açıq-aydın yazılır. Amma kölgədə gözlənməyə cəhd edənlər də var.

Mərkəzi Bank, ardınca Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2016-cı ildə 11 bankın lisenziyasını ləğv etdikdən sonra Azərbaycanda 32 bank qalıb. Amma onların bir çoxu qanunvericiliklə və beynəlxalq standartlarla müəyyən olunmuş açıqlama tələblərinə əməl etmir. MBNP isə kənardan baxaraq susur.

Buna da bax:​ Bakıda ən yaxşı otellərin bəziləri Əliyevlərindir

Qanun da var, qayda da «Qiymətli kağızlar bazarı haqqında» Qanuna, MBNP-nin tərtib etdiyi «Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması qaydaları»na əsasən, qiymətli kağız buraxmış şirkətlər, o cümlədən banklar illik, tələb olunduqda isə yarımillik hesabatlarını ictimaiyyətə təqdim etməlidirlər. Həmin hesabat formasında digər zəruri məlumatlarla yanaşı, emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayının əks etdirilməsi tələb olunur.

Tələblər bununla bitmir. Hesabatda şirkətin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər, onların hər birinə məxsus olan səhmlərin sayı və nizamnamə kapitalında payı da göstərilməlidir. Burada yerli və əcnəbi vətəndaş olmasından asılı olmayaraq, səhmdar haqqında əsas fərdi məlumatları (soyadı, adı, atasının adı), şirkətlərin isə adı, olduğu yer və VÖEN-i təqdim olunur.

Buna da bax:​ Prezident ailəsinin biznesi…

MBNP-nin gözündən yayınanlar

Prosedur qaydalarına görə, hesabat açıqlanmazdan öncə MBNP onu yoxlayır. Sənəddə nöqsanlar aşkar edildikdə, həmin nöqsanların aradan qaldırılması barədə emitentin elektron poçt ünvanına tələbnamə göndərilir və nə qədər ki bu nöqsanlar aradan qaldırılmayıb, hesabat Məlumatların Elektron Açıqlanması Sistemində (MEAS) açıqlanmır.

Məsələ burasındadır ki, qanunvericiliyin məhz şirkətin payçıları haqqında məlumatın açıqlanması tələbini bəzi banklar pozur. MEAS-ın, Bakı Fond Birjasının resurslarının, eləcə də korporativ saytların təhlili göstərir ki, bunlar «Naxçıvanbank», «Bank Silk Vey», «TuranBank», «Express Bank» və «Bank BTB» ASC-lərdir. Qanunun tələbini pozmaqla tərtib olunmuş hesabatlar isə MBNP-nin «gözündən yayınmaqla» ictimaiyyətə açıqlanır.

Buna da bax:​ «Silk Way» bankı indi kimə məxsusdur?

«Bank Silk Vey» ASC-yə gələn naməlum səhmdar Onun illik emitent hesabatında səhmdarlarının 3 fiziki şəxs olduğunu qeyd etsə də, onların adını heç bir səbəb göstərmədən gizli saxlayır. Bankın illik maliyyə hesabatında isə göstərilir ki, 2015-ci ilin sentyabrında səhmdar «Silk Way Aviaşirkəti» MMC payını bütövlüklə üç fiziki şəxslərə satıb. Öncəki rəsmi açıqlamalarda bankın səhmdarları arasında Arzu İlham qızı ƏliyevaZərifə Kamil qızı Həmzəyeva («Gazelli Group» şirkətinin təsisçisi və prezidenti, «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı) vardı. Banka gələn yeni səhmdarın adı ictimaiyyətdən gizlədilir.

Naxçıvandakı bank kimin ola bilər?

«Naxçıvanbank» ASC-nin saytında 4 fiziki şəxsin onun səhmdarı olduğunu yazılır. Adlar açıqlanmır. Bankın illik maliyyə hesabatında səhmdarlar haqda heç bir xatırlatma yoxdur. Hərçənd, bank hesabatını Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun tərtib etdiyini vurğulayır. Bu hesabatın tələblərinə görə isə şirkətin əsas səhmdarlarının adları və payları, eləcə də ona son nəzarət edən tərəfin adı açıqlanmalıdır.

Buna da bax: “Qeyri-peşəkarlıq və korrupsiya Azərbaycan bank sisteminin atributlarıdır”

Bank 2008-ci ildə yaradılıb. Onun təsisçiləri arasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə üzvü də var.

Ramiz Mehdiyevə yaxın bank

«Bank BTB» ASC-nin səhmdarları haqda informasiya siyasəti başqalarından fərqlənir. O, emitent hesabatında səhmdarların adlarını gizli saxlasa da, 3 səhmdarının hər birinin paylarını (75; 19; 6 faiz) göstərir. 2015-ci il üzrə audit olunmuş maliyyə hesabatında da səhmdarlar haqda məlumat yoxdur.

Açıq mənbələrdə bankın səhmdarlarının adları və onlara məxsus olan paylar haqda BFB-nin informasiya resursunda tanış olmaq olar. Burada qeyd olunur ki, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. Media yazır ki, N. Mehdiyeva Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu məlumat indiyədək təkzib olunmayıb.

Buna da bax:​ «Bank Standard» dövlət himayəsinə götürülsə də, suallar qaldı...

TuranBank gizlilik pərdəsinə bürünüb

«TuranBank» ASC sonuncu dəfə səhmdarlarını ictimaiyyətə 2007-ci ildə təqdim edib. İndi Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Konfederasiyasının prezidenti Məmməd Musayevin bankı kimi tanınan bu qurum (bankın Müşahidə Şurasının sədri onun oğlu Fuad Musayevdir) o zaman bəyan edirdi ki, səhmlərinin 25,98 faizi 4 şirkətə («Ako-YM» Ltd., «Fidan» firması, «Turac-A.F.» firması və «Fidan» MMC), qalan səhmlər adları sənəddə çəkilən ayrı-ayrı fiziki şəxslərə məxsusdur. Vergilər Nazirliyinin məlumat bazasının təhlili göstərir ki, bu şirkətlərdən ikisinə eyni şəxs – Yaşar Qara oğlu Qurbanov rəhbərlik edir.

TuranBank-ın səhmdarları haqda məlumat 2015-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alınmış emissiya prospektində də göstərməyib. Hərçənd, qanunvericiliyin tələbinə görə, emissiya prospektində 10 faiz və daha çox səhmə sahib olan şəxslərin adlarının göstərilməsi mütləqdir.

Buna da bax:​ Azərbaycanın birinci ailəsinin Londondakı şəxsi mülklərinin siyahısı

Əvvəl deyirdilər «Nazim Sadıqovun bankıdır»

«TuranBank» ASC-nin rəhbərliyi neçə illərdir ki, səhmdarların adlarını audit olunmuş maliyyə hesabatlarında da göstərmir. 2011-ci və daha əvvəlki illər üzrə maliyyə hesabatlarında yazılırdı ki, bankın 26 səhmdarından heç birinin kapitaldakı payı 10 faizdən yüksək deyil. Bununla belə, həmin dövrün sənədlərində İdarə Heyətinin sədri Nazim Sadıqov (hazırda bankın Müşahidə Şurasının üzvü) son nəzarətedici tərəf kimi göstərilirdi.

Növbəti illərdə bankın rəhbərliyi bu açıqlamanı yenidən nəzərdən keçirərək, belə qənaətə gəlib ki, əslində banka nəzarət edən şəxs N. Sadıqov deyilmiş. Bankın ən son hesabatlarında da vurğulanır ki, «bir nəfərin öz mülahizələri və şəxsi mənfəəti üçün bank qrupunun əməliyyatlarına birbaşa təsir edəcək son nəzarətçi tərəfi» yoxdur.

2015-ci ildən qüvvədə olan yeni açıqlama tələblərinə görə, qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər hesabatlarında kapitalındakı 5 faiz və daha çox səhmə sahib olan şəxslərin adlarını açıqlamalıdır.«TuranBank» bildirir ki, onun səhmdarlarının 8-nin hər birinin nizamnamə kapitalında payı 5 faizdən çoxdur. Nə korporativ saytında, nə də yarımillik hesabatında bank onların adlarını açıqlayır.

Buna da bax: Əmanətçilər bankları məhkəməyə verir

Bank açıqlama siyasətində «Kommersiya sirri haqqında» qanununun" 4.1.2-ci bəndinə əsaslanır. Bu maddənin tələbinə görə, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar kommersiya sirri hesab olunur. Bankın səhmdarları ilə bağlı məlumat yalnız «TuranBank» ASC ilə qarşı tərəf arasında «Konfidensiallıq razılaşması» imzalandıqdan sonra açıqlana bilər.

«Expressbank» ASC-yə kim nəzarət edir?

Yuxarıda adı çəkilən qanuna istinad etməklə səhmdarlarının adlarını emitent hesabatında göstərməyən banklardan biri də «Expressbank» ASC-dir. Amma ədalət naminə qeyd olunmalıdır ki, bank səhmdarlarının adlarını illik maliyyə hesabatında təqdim edir. Bununla belə, beynəlxalq standartlara uyğun audit olunmuş bu hesabatda banka son nəzarət edən şəxsin adı yoxdur. Yerli media «Expressbank» ASC-yə hakim Əliyevlər ailəsinin nəzarət etdiyini yazır.

Amma bir çox mənbələr bu bankı dövlətə məxsus «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyevin bankı kimi də təqdim edir. Yeri gəlmişkən, bankın son illik hesabatında «ADOR» MMC-nin (42 faiz) səhmdarlar arasından getdiyi göstərilir. Bakıda, prezident İlham Əliyevin həyat yoldaşı və qızlarının qeydiyyatda olduğu ünvanda qeydiyyatdan keçən bu şirkətin «Paşa Bank» ASC-də 30 faizlik payı var.

Buna da bax:​ 'Paşa Holding'in Türkiyədəki yeni oteli

Ekspert: «Qanunun bu tələbi milli rüsvayçılıqdır»

Banklar məlumatları açıqlamamalarını 2012-ci ilin yayından qüvvədə olan «Kommersiya sirri haqqında» Qanunun tələbi ilə izah edirlər.

Bəs bu qanuna istinad etməkdə banklar haqlıdırmı? Hüquqşünas Əkrəm Həsənov «yox» deyir. O, «Kommersiya sirri haqqında» Qanunun məlum tələbini «milli rüsvayçılıq» kimi dəyərləndirir:

«Ofşorları saymasaq, heç bir sivil ölkədə belə bir şey yoxdur. Çünki, hüquqi şəxs fiktiv subyektdir. Fiktiv olduğu üçün də onun bütün iştirakçılarının adı bəlli olmalıdır. Bu qaydanın mülki dövriyyəyə zərər vurması bir kənara, bizi dünyada rüsvay edir».

Lakin hüquqşünas vurğulayır ki, qanun qanundur və ona əməl etmək lazımdır. Bununla belə, o deyir ki, bu tələbdən istisnalar da var və bəziləri bundan yayınmağa cəhd edirlər.

Buna da bax: Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

Açıqlanmalıdır, vəssalam!

«İstisnalardan biri «Qiymətli kağızlar bazarı haqqında» Qanun və buna müvafiq hazırlanan qaydalardır. «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 10.3-cü maddəsində deyilir ki, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Bu halda sahə normativ hüquqi aktı məhz "Qiymətli kağızlar bazarı haqqında" Qanundur, o da tətbiq edilməlidir. Yəni, səhmdarlar haqqında məlumat tələb olunduğu halda açıqlanmalıdır».

Ekspert: «Qanunu pozan bankların məsuliyyətini auditorlar da paylaşırlar»

Ekspertlər səhmdarlarının və əsas nəzarət edən tərəfin adını illik maliyyə hesabatında əks etdirilməyən banklara müstəqil auditor rəyi verən şirkətlərin məsuliyyət daşıdığına da diqqət çəkirlər.

Buna da bax:​ 'Dedi, Leyla Əliyevanın bankıdır, bilmirsən?'

Beynəlxalq audit şirkətlərindən birində çalışmış mənbə AzadlıqRadiosu-na deyir ki, MHBS şirkətin nəzarət payı kimdədisə, o tərəfi açıqlamağı tələb edir. Əks halda, auditor rəyi şərti verilməlidir bu haqda rəydə xüsusi qeyd əksini tapmalıdır.

«Standartın 138-ci maddəsində qeyd olunub ki, maliyyə hеsаbаtlаrı ilə birgə dərc edilmiş informasiyada müvafiq məlumatlar öz əksini tapmadıqda, müəssisə tərəfindən əlavə olaraq bilаvаsitə və son nəticədə tabe olduğu əsas müəssisələrin adları аçıqlаnmаlıdır».

Auditor izah edir ki, burada «əsas müəssisə» dedikləri «parent»-dan söhbət gedir. İngiliscədən “valideyn” kimi tərcümə edilən “Parent” - nəzarət edən tərəfə deyilir.

AzadlıqRadiosu-nun qanunvericiliyin açıqlama tələblərinə əməl olunması ilə bağlı görülən tədbirlərlə bağlı sorğusunu MBNP cavabsız qoyub.

XS
SM
MD
LG