Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:06

'Azercell' abunəçini necə aldadır: 4G deyib 3G belə vermir


3G, 4G, və 5G İnternet sürətləri.
3G, 4G, və 5G İnternet sürətləri.

"Əcnəbi 5G-dən danışır, biz hələ 4G nədir bilməyiriz..."

Çinin ZTE korporasiyası dünyada ilk dəfə mobil şəbəkənin beşinci nəslini – 5G-ni dəstəkləyən smartfonların istehsalına başlayıb. Gigabit Phone adlanan smartfon 1 giqabit saniyə (1024 meqabit saniyə) yükləmə sürətiylə 5G mobil əlaqəni dəstəkləyə bilir. Yüksək sürət hesabına istifadəçilər ilk dəfə olaraq HD video-nu belə dəstəkləyən sürətlə “bulud hövzələri”nə (ingiliscə – onedrive) çıxış əldə edə biləcəklər. Amma Azərbaycanda hələ abunəçilər 4G-dən normal istifadə də bilmirlər.

Buna da bax:​ 'Azərbaycanda internet qiymətləri Avropadakından dəfələrlə bahadır'

“Azərbaycanda guya ən yaxşı sürət, ən yaxşı xidmət olan Azercell-in 4G şəbəkəsinə qoşuldum. Təbii ki, mənim 4G ilə bağlı illüziyalarım yox idi, amma heç olmasa, normal internet verilsəydi, papağımı göyə atardım”. Bakı sakini Rafiq Məmmədli bu il fevralın 1-də “Azercell Telekom”un 4G şəbəkəsinə qoşulandan sonra başına gələnləri AzadlıqRadiosu ilə bölüşür. Onun sözlərinə görə, bu bir ayda başa düşüb ki, Azərbaycanda nəinki əsl 4G, heç əsl 3G də yoxdur!

“Əvvəlcə giriş sürəti təxminən 10 meqabit saniyə idi. 4G şəbəkəsində isə normal sürət 100 Mbps ətrafında olmalıdır, 3G-də isə normal sürət 20 meqabit saniyədir. Mənim aldığım aparat isə 10-u göstərirdi! Bunun üçün aylıq 30 manat, aparata isə 120 manat ödəmişəm. Çıxış yolumun olmadığını görüb bununla barışdım. İki həftə sonra isə sürət 1-ə, 2-ə düşdü”.

Buna da bax:​ Mobil telefon operatorları tənbəlləşib

“Azercell”dən abunəçini şoka salan cavab: “Biz qarantiya vermirik”

Bundan sonra o, “Azercell Telekom”a şikayət edib. Bu zaman verilən cavab abunəçini şoka salıb: “Biz heç nəyə qarantiya vermirik”.

Rafiq Məmmədli bu dəfə İqtisadi İnkişaf nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətinə şikayətlənib və yazıb: “Azercell-in təklif etdiyi 4G şəbəkəsi, vəd edilən yüksək sürət yoxdur. Bu, başdan-ayağa fiksiyadır. Azercell-in provayder kimi təklif etdiyi İnternetdə heç 3G sürət də yoxdur”. Bundan sonra “Azercell”dən zəng vurdular ki, sizin probleminizi həll etmək istəyirik. Ertəsi gün komissiya yaradıldı və araşdırma başladı. Bir əməkdaş göndərdilər. Məni şok edən o oldu ki, əməkdaş mənə “Sizdə 4G şəbəkəsi var, amma sıfır səviyyəsindədir” dedi. Məsləhət gördü ki, 4G cihazda 4G-ni ləğv edib, 3G-yə keçim. Halbuki yaşadığım Nərimanov rayonu ərazisində 4G şəbəkəsi “mövcuddur”. İndi 3G işlədirəm. “Azercell”də isə araşdırma gedir”.

Eyni cavab verildi: “Hər hansı öhdəlik götürülməyib!”

AzadlıqRadiosu bununla bağlı “Azercell Telekom” MMC-yə yazılı müraciət edib. Bir neçə gün sonra qurumdan bildiriblər ki, abunəçinin şikayətiylə bağlı yoxlamalar aparılıb, həmin ərazidə ”3G şəbəkəsi ilə əlaqədar hər hansı çətinlik aşkar edilməyib”. Diqqət edin: 4G ilə bağlı yox, 3G ilə bağlı problem olmadığı vurğulanır. Halbuki abunəçi 4 G şəbəkəsinə qoşulub! Yeri gəlmişkən, “Azercell”-də 3G cihazların qiyməti 50, 4G cihazları 120 manatdır. Məktubun sonrası isə daha maraqlıdır:

“Diqqətinizə çatdırırıq ki, abunəçilər qarşısında “Azercell Telekom” MMC tərəfindən hər hansı öhdəlik götürülməmişdir ki, onun əldə etdiyi mobil telefon nömrəsi istənilən ərazidə və təbii şəraitdə, o cümlədən hər hansı ünvan və ya konkret ünvanın hansısa bir hissəsində aramsız və keyfiyyətli rabitə ilə təmin ediləcək”.

Buna da bax:​ 'İşlətmədiyim data-kartlara görə borcla yüklənmişəm'

Qurum bildirir ki, əksinə, abunə müqaviləsinin şərtlərinə əsasən (3.1-ci maddə), telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsi ilə gerçəkləşdirilir deyə, hər hansı kənar maneə mənbələrinin, o cümlədən binaların, bitkilərdin, relyefin müdaxiləsinə və arzuedilməz təsirlərinə məruz qala bilər. Məktubda qeyd olunur ki, “abunəçinin cihazından da asılı olan hallar nəzərə alınmaqla, hər bir vaxt və hər yerdə (xüsusən də, maneələrin yerləşdiyi ərazilərdə) keyfiyyətli və aramsız rabitəyə təminat verilmir”. “Azercell Telekom”dan deyirlər ki, qurum təqdim etdiyi telekommunikasiya xidmətləri çərçivəsində 4G/3G/EDGE/GPRS texnologiyaları vasitəsi ilə internetə giriş imkanı verir:

“Müvafiq avadanlıqların texniki xüsusiyyətlərini nəzərə alaraq 4G əhatə dairəsi olan ərazilərdə 100 Mb/s-ə (4G modem cihazlarında: 100 Mb/s-dək yükləmə sürəti və 50 Mb/s-dək ötürmə sürəti) qədər İnternet sürəti təmin edilir. İnternetdən istifadə zamanı sürət – əhatə dairəsinin, istifadə olunan cihazın 4G/3G/EDGE/GPRS kimi texnologiyalarını dəstəkləməyindən, cihazın texniki xüsusiyyətlərindən və konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda eyni zamanda paralel aparılan yükləmələrin sayından asılı olaraq dəyişə bilər. “Azercell Telekom” MMC tərəfindən hazırda 4G xidmətləri Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində təmin edilir”.

Buna da bax:​ 'Rouminqsiz Avropa'ya baxanda Azərbaycandakı tariflər

Abunəçi Rafiq Məmmədli isə 4G şəbəkəsinə qoşulanda ona yaşadığı ərazidə problem olmadığı deyilib: “Həmin ərazidə 4G çalışır artıq”. (Qurumla abunəçinin yazışmasının surətini də əlavə edirik). O zaman niyə bu gün abunəçi ödədiyi tarifin müqabilində yüksək internetə qoşula bilmir? Sual açıq qalır...

Azercell Chat-screenshot, 24.01.2017.10:54:23 (böyütmək üçün tıklayın).
Azercell Chat-screenshot, 24.01.2017.10:54:23 (böyütmək üçün tıklayın).

“Bu cür yanaşma düzgün deyil”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz belə söyləyir. O, Azərbaycandakı mobil operatorların “keyfiyyətsiz xidmətdən yayınmaq” məqsədilə qanunvericilikdəki boşluqdan istifadə etdiklərini bildirir. “Fors-major situasiya yoxdursa, həmin müştəri zirzəmidə yaşamırsa, əhatə dairəsindədirsə, o, internetlə tam təmin edilməlidir. Operatorun belə cavab verməsi qanunun pozulmasıdır. Bununla bağlı o, məhkəməyə müraciət edə bilər”.

Osman Gündüz hökumətə təklif verdiklərini, qanunvericilikdə dəqiqləşdirmələr aparılmasının vacib olduğunu deyir:

“Bir çox ölkələrdə bununla bağlı qanuna dəyişiklik edilib. Orda müqavilədə nəzərdə tutulan sürətin minimal həddi göstərilib. Məsələn, 10 meqabitlik müqavilə bağlanıbsa, dərhal ikinci bənddə qeyd olunur ki, provayder minimal 8 meqabiti verməyə borcludur. Bizdə nə qanunvericilikdə bu var, nə də abunəçiylə bağlanan müqavilədə. Buna görə də bəzən operatorlar, provayderlər min bəhanə gətirirlər ki, bu da yolverilməzdir”.

Buna da bax:​ Mobil nömrə satışında yenilik

O ki qaldı konkret Azərbaycanda 4G-nin keyfiyyətinə, Osman Gündüz bu sahədə ciddi problemlər olduğunu, Azərbaycanın qonşu ölkələr arasında bu xidmətə görə ən axırıncı yerdə qərarlaşdığını bildirir. Mütəxəssisin sözlərinə görə, 4G Bakının mərkəzində cəmi bir neçə yerdə keyfiyyətli xidmət göstərə bilir. O, Belarusda, Qazaxıstanda 4G şəbəkəsinin bu ilin sonuna kimi bütün ölkə boyu qurulub başa çatdırılacağını da deyir. Osman Gündüz hesab edir ki, Azərbaycanın qonşularında, məsələn, Gürcüstanda 4G infrastrukturu buradan daha yaxşı inkişaf edib.

Xoşun gəlmir, xoş getdin?

Mütəxəssis həmçinin 4G qiymətinin baha olduğunu da bildirir. Onun qənaətincə, internetin keyfiyyəti ilə qiymətlər arasında böyük fərq var: “Bizdə aylıq ödənilən məbləğlə qonşu ölkələrdə, məsələn, Qazaxıstanda, Ukraynada, Gürcüstanda bir neçə dəfə yüksək sürət əldə etmək mümkündür”.

“Azercell Telekom” isə “ən bahalı mobil rabitənin Azərbaycanda olması ilə bağlı mülahizəni” yanlış hesab edir. Amma eyni zamanda bildirir ki, qurum “ən ucuz telekommunikasiya xidmətləri göstəriləcəyi öhdəliyi götürməyib”. “Azercell Telekom” “məhz keyfiyyətli xidmətə fokuslandığını” deyir, üstəlik də, tarifləri müəyyənləşdirərkən “bazar araşdırmalarını, o cümlədən öz mülahizələri əsasında sərbəst olaraq formalaşdırdığını” da xüsusi vurğulayır.

Buna da bax: 'Azercell'in əsas təsisçisi Azərbaycandan gedir?

Qurumdan deyilir ki, abunəçi istifadə etdiyi tarif paketinin şərtlərini “əlverişsiz hesab edirsə, müvafiq paketə abunəlikdən imtina edə” və ya digər tarif paketlərindən yararlana bilər.

Bu yerdə azərbaycanlıların bir atalar sözü yada düşür: “Xoşun gəlmir, xoş getdin...”

Rafiq Məmmədli isə araşdırmanın başa çatmasını gözləyir ki, öz sözüylə desək, “nəhayət 4G İnternetin nə olduğunu bilsin”.

XS
SM
MD
LG