Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:38

Taxıl idxal, arpa ixrac


'Azərbaycana ucuz un gətirə bilərəm, imkan vermirlər' – İşadamı
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00

'Azərbaycana ucuz un gətirə bilərəm, imkan vermirlər' – İşadamı

Dövlət Statistika Komitəsi (DSK) ötən il üçün ərzaq balansına dair göstəriciləri açıqlayıb. Bu balansda önəmli məhsul çeşidlərinin yetişdirilməsi, xaricdən gətirilməsi və istifadəsi ilə bağlı bilgilər əks olunur. Üstəlik, həmin göstəricilər ölkədə yerli istehsalın mühüm növ məhsullarla təminat səviyyəsini ölçməyə imkan verir.

Buğda təminatı nə yerdədir?

Ərzaq balansında ən çox gözlənilən rəqəmlər buğda ilə bağlı idi. Buğda təminatı ölkədə ən çox müzakirə edilən məsələlərin, bəlkə də, başında gəlir. Axı Azərbaycan ənənəvi olaraq öz taxıl ehtiyaclarını idxal hesabına qarşılayır. Ölkənin əsas taxıl təminatçısı isə Rusiyadır. Ancaq Rusiya Ukraynaya savaş açdığından sanksiyalara məruz qalıb və bu üzdən taxıl ixracını məhdudlaşdırıb. Ukrayna da dünyanın ən böyük taxıl istehsalçılarından biri olduğu üçün son aylarda taxıl bazarı ciddi böhran yaşayır. Bu böhran taxıl məhsullarının qiymətini kəskin bahalaşdırıb.

Bu bahalaşmanın təsirləri Azərbaycanda da ciddi şəkildə hiss edilib. Əks halda son bir il içində bir neçə dəfə ölkədə çörək və un qiymətlərinin artırılmasına dair qərar qəbul edilməzdi. Prezident İlham Əliyev də taxıl təminatı ilə bağlı açıqlamasında bildirmişdi ki, yaxın illərdə Azərbaycan bu məhsuldan asılılığını aradan qaldıra bilməyəcək.

DSK-nın açıqladığı rəqəmlərdən aydın olur ki, ötən il Azərbaycanda 1 milyon 837 min ton buğda yetişdirilib. Bu rəqəm 2020-ci illə müqayisədə 20 min tona və ya 1 faizə yaxın artım deməkdir. Ancaq ötənilki göstərici 2018 və 2019-cu illərdəki rəqəmlərdən 200 min tona yaxın geri qalır. Ötən il Azərbaycan 1 milyon 148 min ton buğda idxal edib. Bu o deməkdir ki, Azərbaycanın 2021-ci ildə özünü buğda ilə təminatı 61.5 faizdir. Əvvəlki iki ildə bu göstərici 57.1 faiz idi. Amma bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanın bütövlükdə buğda təminatında idxaldan asılılığı 40 faizə yaxın olsa da, sırf ərzaqlıq buğdada bu asılılıq daha kəskindir. Hökumət rəsmiləri bildirmişdi ki, Azərbaycanın öz istehsalı taxıla tələbatını cəmi 25 faiz ödəyir.

Cədvəl: 2016-2021-ci illərdə Azərbaycanda buğda istehsalı (tonla)

İl

İstehsal (tonla)

2021

1 milyon 837 min

2020

1 milyon 818 min

2019

2 milyon 114 min

2018

1 milyon 991 min

2017

1 milyon 769 min

2016

1 milyon 799 min

Azərbaycan buğdanı nəyə sərf edir?

Ərzaq balansında açıqlanan göstəricilər ölkədə buğdanın hansı istiqamətlərdə istifadə edildiyini də göstərir. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycan un istehsalı üçün toplam 2 milyon 4 min ton buğdadan yararlanıb. Bu, əvvəlki iki ildəki göstəricidən 400 min tona yaxın aşağı nəticədir. Ötən il Azərbaycanda istifadə olunan taxılın yarısından çoxu məhz un üçün sərf edilib. Ölkədə un istehsalında gərəkən buğdanın böyük hissəsi xaricdən gətirilir. Yerli buğda istehsalının daha çox paya sahib olduğu sahə isə heyvandarlıqdır. Buğdanın ən çox istifadə edildiyi ikinci sahə də elə heyvandarlıqdır. Ötən il Azərbaycanda 763 min ton buğda məhz heyvan və quş yemi kimi istifadə edilib. Daha 133 min ton buğda isə toxum kimi ayrılıb. 2021-ci ildə 4 min 154 ton buğda da ölkədə spirt və pivə istehsalına ayrılıb.

Diqqətçəkən daha bir dəyişiklik qarışıq yem istehsalına ayrılan buğda həcmindəki ciddi artımla bağlıdır. Öncəki illərdə Azərbaycanda qarışıq yem istehsalına illik ortalama 40 min ton buğda sərf edilirdi. Ötən il bu rəqəm birdən-birə 100 min ton artaraq 141 min tona çatıb. Əvəzində kraxmal istehsalına sərf edilən buğdanın həcmi azalıb. Daha öncəki illərdə bu məqsədlə hər il təxminən 430 ton buğda sərf edilirdi. Ötən il həmin rəqəm cəmi 84 ton olub. Ölkənin buğda təminatına təsir göstərən daha bir ciddi dəyişiklik itkilərin həcmindəki ciddi azalmadır. Əvvəlki illərdə hər il 200 min tondan çox buğda itkiyə gedirdisə, 2021-ci ildə bu rəqəm 59 tona enib. Əvəzində ilin sonuna qalıq buğda həcmi kəskin azalıb. 2020-ci ildən öncəki illərdə ölkədə ilsonu qalıq sayılan buğdanın həcmi 800 min tonu ötürdü. Həmin ildə bu rəqəm 567 min tona, 2021-ci ildə isə cəmi 326 min tona enmişdi.

Bəs digər taxıl məhsulları?

Ötən il arpa istehsalında artım qeydə alınıb və 2015-ci ildən bəri ilk dəfə arpa istehsalı bir milyon tonu ötüb və ölkə özünü arpayla tam yerli istehsal hesabına təmin edib. Azərbaycanın illik arpa idxalı cəmi 16 min ton olub. Ölkə ötən il hətta 36 min ton arpanı ixrac da edə bilib. Yetişdirilən arpa, əsasən, iki sahəyə yönəldilib. Onun 1 milyon 31 min tonu heyvandarlıqda yem kimi istifadə edilib, 58 min ton arpa isə pivə istehsalına yönəldilib.

Ötən il ölkədə 104 min ton qarğıdalı yetişdirilib. Qarğıdalı təminatında yerli istehsalın payı 90 faizi aşıb. Eyni zamanda, vələmir istehsalında da bu göstərici 90 faizə yaxın olub. Taxıl təminatı ilə bağlı rəqəmlərdən aydın olur ki, digər taxıl məhsullarının təminatında yerli istehsal qənaətbəxş olsa da, buğda təminatında idxaldan ciddi asılılıq davam edir.

XS
SM
MD
LG