Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:05

Azərbaycan olimpiadada Türkiyəni qabaqladı, Özbəkistandan geri qaldı


Cüdoçu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.
Cüdoçu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.

Paris 2024 Yay Olimpiya Oyunları da artıq tarixə çevrildi.

Azərbaycan medal sayına görə (2 qızıl, 2 gümüş və 3 bürünc) Xorvatiya ilə 30-31-ci yerləri bölüşdü. Bununla da olimpiadalarda iştirak tarixi ərzində ən yaxşı nəticəyə nail oldu.

Bu dəfə iyulun 26-da rəsmi aşılısı olan yarışlara 200-dən çox ölkədən 10 min 500 idmançı qatılmışdı. Azərbaycanı isə 15 idman növü üzrə 48 idmançı təmsil edirdi. Onlardan 22-si başqa ölkələrdən cəlb edilmişdi.

Dünən, avqustun 11-də başa çatan yarışlarda ən çox- 126 medalı ABŞ qazandı. Onlardan 40-ı qızıl oldu. Çin də 40 qızıl qazansa da, gümüş və bürünc medalların sayına görə ABŞ-dan geri qaldığından ikinci yerlə kifayətlənməli oldu. Medal sıralamasında üçüncü yerdə isə Yaponiya qərarlaşdı.

Azərbaycanın da üzv olduğu Müstəqil Dövlətlər Birliyindən ən çox medal qazanan ölkə isə (8 qızıl, 2 gümüş və 3 bürünc) Özbəkistan oldu. Siyahıda 13-cü pilləyə yüksəldi. Ukrayna 22-ci, Gürcüstan 24-cü, Qazaxıstan 43-cü, Ermənistan isə 66-cı yeri tutdu.

Azərbaycanda bir çox insanların da izlədiyi Türkiyə isə 3 gümüş, 5 bürünclə 64-cü yerdə qərarlaşdı.

Amma həmin ölkələrdə legioner idmançılar Azərbaycana nisbətən az olub.

Zelim Kotsoyev gürcüstanlı İlya Sulamanidzeyə qarşı.
Zelim Kotsoyev gürcüstanlı İlya Sulamanidzeyə qarşı.

"Medalların bir hissəsini legionerlər qazanıb"

İdman jurnalisti Coşqun Eldaroğlu isə bir sıra ölkələrlə müqayisədə Azərbaycan üçün olimpiada nəticələrini uğursuz hesab edir: "Komandanı 2 qızıl medal xilas edib, komandamızda medalların bir hissəsini legionerlər qazanıb".

Onun vurğulamasına görə, Azərbaycan bir elə idmançı hazırlamır, başqa ölkələrdən hazır legionerlər gətirir: "Onlar isə ölkəyə azarkeşlik etmir. Onlar deyirlər ki, ölkəmiz onlar üçün heç nə etməyib, onlar isə Azərbaycan bayrağını qaldırıblar".

Ekspertin fikrincə, legionerlər öz idman məktəblərini yaratmırlar: "Baxmayaraq ki, onların üzərinə belə bir vəzifə də qoyulur. Lakin böyük qonorarlar alırlar. Vəsaiti legionerlərə qonorar verməyə deyil, yerli idmanın inkişafına sərf etmək daha doğru olardı".

"Parisdəki nəticələrini müsbət hesab edirəm"

Milli Olimpiya Komitəsinin İdman İdarəsinin direktoru Həsənağa Rzayev isə "Turan"a açıqlamasında Azərbaycanın olimpiadadakı nəticələrini "uğurlu" adlandırıb. Lakin qeyd edib ki, bu nəticələr "daha yaxşı" ola bilərdi. O, Milli Cüdo Federasiyasının işini xüsusi vurğulayıb (2 qızıl)

"Paris Olimpiadasında "3+3" basketbol yarışlarında Azərbaycan idmançıları ilk dəfə olaraq çox yaxşı çıxış ediblər", - o, əlavə edib.

H.Rzayevin sözlərinə görə, hər bir federasiyada nəsillər və rəhbərlik dəyişir: "Buna görə ölkənin Parisdəki nəticələrini müsbət hesab edirəm".

O, legionerlər haqqında tənqidi fikirlə razı deyil.

Azərbaycana iki qızıl medalı cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq) gümüş medal, Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili isə bürünc medal qazanıblar.

Xatırlatma

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də, olimpiada yarışlarına müstəqil şəkildə 1996-ci ildə qatılıb. Onda cəmi bir-gümüş medal qazanılmışdı.

Azərbaycan 1992-ci ildə yarışlara MDB bayrağı ilə qatılıb. 32 il əvvəl Azərbaycan idmançıları həmin yarışlarda 2 qızıl, 1 bürüncə medal əldə etmişdilər.

Bundan əvvəl koronovirus pandemiyasına görə bir il gecikmə ilə 2021-ci ildə Yaponiyada keçirilən XXII Yay Olimpiadasında isə Azərbaycan 7 medal qazanmışdı (3 gümüş və 4 bürünc).

XS
SM
MD
LG