Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:07

KTMT Azərbaycana cazibədar görünürmü?


KTMT liderlərinin "ailə fotoşəkli"
KTMT liderlərinin "ailə fotoşəkli"

İyunun 24-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov bildirib ki, bu qurumun funksionallığı və tərkibi genişlənə bilər. Onun sözlərinə görə, hərbi-siyasi müttəfiqliyə ehtiyac xeyli artır. "Bu, təbiidir və tarix bunu təsdiqləyir. Üstəlik, KTMT çox əlverişli iştirak şərtləri təklif edir", - Tasmaqambetov qeyd edib.

KTMT-də aparıcı rolu Rusiya oynayır. Bura habelə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Halbuki, Ermənistan baş naziri Nikol Paşinyan son vaxtlar KTMT-nin fəaliyyətini tənqid edir və ölkəsinin təşkilatda iştirakının de-fakto dondurulduğunu açıqlayıb.

Bunun fonunda Azərbaycanın bu təşkilata üzvlüyünün mümkün olduğu barədə fikirlər də səslənir. Halbuki zaman-zaman Azərbaycan rəsmiləri buna ehtiyac olmadığını bildiriblər.

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

Deputat: "Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi aktual deyil"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a bildirib ki, hazırkı reallıqda Azərbaycan müstəqil şəkildə yeni bir təhlükəsizlik mərkəzi yarada biləcək gücə və imkanlara sahibdir: "Şübhəsiz ki, Azərbaycan özü yeni bir təhlükəsizlik çətiri formalaşdırmağa qadir mərkəzlərin birinə çevrilməkdədir. Şuşada keçirilən beynəlxalq konfransda da Azərbaycan prezidenti bu məsələyə toxunub dedi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə birlikdə beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin birinə çevrilə bilər. Güc mərkəzi isə sadəcə iqtisadi, siyasi, diplomatik güc deyil, həm də hərbi gücdür. Ona görə də Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi aktual deyil".

Deputatın fikrincə, gələcəkdə yeni dünya nizamında baş verən hadisələr sürətli inkişaf edərsə, iki ildən sonra tamamilə fərqli reallıqlar üzə çıxa bilər: "Bu, Şərqi Avropada gedən müharibənin nəticələrindən asılıdır. Elə vəziyyət yarana bilər ki, Türk Dövlətləri Təşkilatı bu proseslərdə özünə təhlükəsizlik çətiri yarada və yaxud da kollektiv təhlükəsizlik təşkilatı formalaşdıra bilər".

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Özü batan istəyir ki, yoldaşını da batırsın"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosuna xatırladır ki, bugünlərdə Almatıda KTMT-nin xarici işlər nazirlərinin görüşündə Rusiya xarici işlər naziri Sergey Lavrov bir təkliflə çıxış edib: "Rusiya Ukraynada müharibə aparır və bir çox ölkələrlə münasibətləri korlanıb deyə, o istəyir hərbi blokunu gücləndirsin. Təklif isə Avrasiyada yeni təhlükəsizlik arxitekturasıdır. Burada iki variant var: onlar ya KTMT-nin genişlənməsini nəzərdə tuturlar, ya da yeni hərbi blokdan söhbət gedir".

Ekspertin sözlərinə görə, bunun üzərində iş gedir: "Rusiya bunu istəyir. Rusiyanın hakimiyyət dairələri Azərbaycanın da Avrasiyanın və Mərkəzi Asiya ölkələrinin yeni təhlükəsizlik arxitekturasında yer almasını istəyir. Rusiya təklənib və, necə deyərlər, özü batan istəyir ki, yoldaşını da batırsın. Amma heç bir ölkə buna getməyəcək, çünki Rusiyaya görə Qərblə münasibətləri korlamaq istəmir".

E.Şahinoğlu hesab edir ki, KTMT-yə üzvlük Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir: "Rəsmi səviyyədə Azərbaycan bloklara qoşulmur. Ona görə biz Qoşulmama Hərəkatının üzvü olmuşuq ki, nə NATO, nə də KTMT-nin üzvü olaq. İnanmıram ki, KTMT-yə üzvlüklə bağlı təklif gələrsə, Azərbaycan hökuməti buna müsbət cavab versin".

XS
SM
MD
LG