Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:02

Azərbaycanla Ermənistanın sülh danışıqları: 'Tramp iş başına keçdikdən sonra...'


İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən (5-6 dekabr) 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçirilmədi.

Azərbaycanda hakimiyyətə yaxınlığı ilə seçilən yerli saytların iddialarına görə, ABŞ dövlət katibi Antoni Blinken həmin iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.

"Səbəb kimi göstərilib ki, "ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür",- həmin saytlarda diplomatik mənbələrə istinadla bildirilir.

Hələlik, bu iddia ilə bağlı tərəflərin, o cümlədən ABŞ rəsmilərinin hər-hansı açıqlaması olmayıb.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh danışıqları üç ildən çox davam etsə də, hələlik, sülh müqaviləsi imzalanmayıb. Danışıqlar həm ABŞ-ın, həm Rusiyanın, həm də Avropa İttifaqının (Aİ) ayrı-ayrılıqda vasitəçiliyi ilə aparılıb. ABŞ da Aİ vasitəçiliyini dəstəkləyib. Üstəlik, əlavə olaraq son illər Azərbaycan və Ermənistan arasında da birbaşa təmaslar qurulub. Bu isə daha çox sərhəd məsələlərinə həsr edilib.

Bununla belə, tərəflər məsələdə müəyyən irəliləyişlərin olduğunu da qeyd edirlər. Elə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində çıxışında Azərbaycan xarici işlər naziri C.Bayramov bildirib ki, sülh müqaviləsinin bağlanması ilə bağlı əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistanın onun ölkəsinə qarşı ərazi iddialarını davam etdirməsi sülh prosesinə maneə törədir.

Ermənistan tərəfi isə belə fikirləri əsassız sayır. Üstəlik, bu ölkənin xarici işlər nazirinin sözlərinə görə, Azərbaycan və Ermənistan preambula, o cümlədən müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəliblər. Detallar isə açıqlanmır.

Asim Mollazadə
Asim Mollazadə

"Azərbaycan heç kimin vasitəçiliyini lazım görmür"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə mövzu ilə bağlı "Turan"a bildirib ki, Azərbaycan heç kimin vasitəçiliyini lazım görmür: "İkitərəfli kontakt var, lazım olan sənədlər vaxtında bir-birinə ötürülür. Biz öz sərhədimizdə görüşüb məsələləri yekunlaşdıra bilərik".

Deputatın sözlərinə görə, sadəcə Ermənistan tərəfindən buna səmimi istək olmalıdır: "Hər şey artıq bəllidir. Yəni, məsələnin həllində kimin nə barədə düşündüyü, kimin nəyə üstünlük verdiyi bəllidir. Məsələni həll etmək olar, sadəcə buna iradə lazımdır. Təəssüf ki, Ermənistan oradan bura, buradan ora qaçır".

A.Mollazadə vurğulayır ki, sülh sazişinin hələ də imzalanmamasının əsas səbəbi Ermənistanın öz konstitusiyasında dəyişiklik etməməsidir: "Onlar hələ də dəyişiklik edib Azərbaycana qarşı ərazi iddialarını götürmədilər".

Ermənistandan cavab

Yaxınlarda Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın ölkə konstitusiyasına dəyişiklik tələbinə cavab olaraq bunu rədd edib. Üstəlik, Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddialarının olduğunu vurğulayıb.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Rusiyanın mövqeyi ondan ibarət idi ki, proses dondurulur..."

Siyasi şərhçi Nəsimi Məmmədli AzadlıqRadiosuna bildirib ki, burada ATƏT-in Minsk Qrupu üzvlərinin danışıqlar prosesinə daxil olmaq istəkləri var, amma bu istəklər sülh yaratmaqdan daha çox tərəflər arasında ziddiyyətləri dərinləşdirir: "Ona görə də ən optimal variant vasitəçilərsiz aparılan danışıqlardır".

(Minsk Qrupuna Rusiya, ABŞ və Fransa həmsədrlik edib. Birinci və ikinci Qarabağ müharibəsi arasındakı 26 illik bir dövrdə sülh danışıqlarında vasitəçi olub)

N.Məmmədli Qarabağ məsələsində Qərbin vasitəçiliyini faydalı sayır: "Bu mərhələyə daha çox Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlar gətirib çatdırdı. Rusiyanın mövqeyi isə ondan ibarət idi ki, proses dondurulur, status məsələsi gələcəyə saxlanılır. Onlar burada uzun müddət ərzində sülhməramlılar adı altında mövcud olmaq niyyətində idi".

Onun sözlərinə görə, bəzi təhlilçilər Azərbaycan hökuməti ilə Bayden administrasiya arasında problemləri ritorik sayır: "Amma bu problemlər də faktiki olaraq elə dərin problemlər deyil. Əgər 44 günlük ikinci Qarabağ müharibəsi Tramp administrasiyası zamanı başlamışdısa, tamamilə Azərbaycanın suverenliyinin bərpası Bayden administrasiyası iş başında olduğu zaman yekunlaşdı. Biz deyə bilmərik ki, Bayden administrasiyası Azərbaycanın maraqlarına zidd olan hər hansı addım atıb".

Politoloq əlavə edir ki, ümumən götürüldükdə sülh prosesi ilə bağlı hər iki tərəf danışıqlarla bağlı problem olmadığını bildirib: "Sülhlə bağlı nikbin çağırışlar var. Yəqin ki, Tramp administrasiyası iş başına keçdikdən sonra bu məsələlər daha sürətli inkişaf edə biləcək".

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında zaman-zaman hərbi toqquşmalara səbəb olub. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb. Hazırda sülh danışıqları gedir.

XS
SM
MD
LG