Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:36

Fransa və Azərbaycan arasında gərginlik davam edir


Fransa-Azərbaycan münasibətləri haracan gərginləşə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Fransa-Azərbaycan münasibətləri haracan gərginləşə bilər?

Bu gün, noyabrın 20-də Fransanın Bakıdakı səfiri Ann Buayon Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in açıqlamasına görə, səfirə BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyini hədəf almasına etiraz bildirilib: "BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən,...qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb".

Hələlik, bu açıqlamaya Fransanın Azərbaycandakı səfirliyinin münasibəti bəlli deyil.

Avropa Parlamentində oktyabrın 24-də Azərbaycanda insan hüquqları və digər məsələlərlə bağlı qətnamə qəbul edilib. Qətnamədə bir sıra tənqidi məqamlarla yanaşı, Azərbaycanla əməkdaşlığa yenidən baxılması ilə bağlı çağırışlar da yer almışdı.

+++

Azərbaycanın Fransadakı səfiri noyabrın 19-da bu ölkənin xarici siyasət idarəsinə çağırılıb.

"Azərbaycanın düşmənçilik hərəkətlərinə son qoyulmalıdır", - Fransa XİN-in açıqlamasında vurğulanır.

"Yanlış addımdır"

"Fransalı nazirin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gəlməyəcəyi ilə bağlı verdiyi qərar yanlışdır". Bunu noyabrın 15-də jurnalistlərin suallarını cavablandıran Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır: "Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması yanlış addımdır".

C.Bayramov vurğulayıb ki, Azərbaycan heç vaxt iqlim mövzusunu Fransa ilə olan digər məsələlərə qarışdırmır və COP29 öncəki tədbirlərin hamısına Fransa nümayəndələri dəvət olunublar.

Anyes Panye-Rünaşe
Anyes Panye-Rünaşe
14 noyabr

Fransalı nazir Əliyevin çıxışından sonra COP29-a gəlmir

Fransanın ətraf mühit naziri Anyes Panye-Rünaşe Bakıda keçirilən COP29 qlobal iqlim dəyişikliyi konfransına qatılmaqdan imtina edib. O, çərşənbə günü deyib ki, qərarına Azərbaycan prezidentinin "qəbuledilməz" hücumları səbəb olub.

Əliyev noyabrın 13-də COP29-dakı çıxışında Fransanı Yeni Kaledoniya daxil, dənizaşırı ərazilərdə cinayətlər və insan haqları pozuntularında ittiham edib. Bu il həmin ərazidə səsvermə islahatına etirazlarda 13 nəfər öldürülüb.

"Prezident Əliyevin Bakıda COP29 açılarkən Fransa və Avropa əleyhinə sözləri qəbuledilməzdir", – Panye-Rünaşe Fransa senatına deyib. O, gələn həftə Bakıya gəlməyəcəyini bildirib.

Nazirin dediyinə görə, ölkə prezidenti və baş naziri onun Bakıda konfransa şəxsən getməməsini dəstəkləyir, ancaq "Fransanın danışıqlar komandası mənim məsafədən dəstəyimlə... planeti və əhalimizi qorumaq yönündə səylərini əsirgəməyəcək".

Fransa prezidenti Emmanel Makron da COP29-a qatılmayacaq.

Nazirin sözlərinə görə, Azərbaycan lideri iqlim dəyişikliyi ilə mübarizədən "utancverici" şəxsi gündəmi üçün istifadə edir.

İlham Əliyev COP29-da
İlham Əliyev COP29-da

Yeni Kaledoniya ittihamları

Əliyev çıxışında deyib ki, "prezident (Emmanuel) Makron rejimi Yeni Kaledoniyada Kanak xalqının legitim etirazlarında 13 nəfəri qətlə yetirib, 169 nəfəri yaralayıb".

Avstraliyadan şimal-şərqdə yerləşən Yeni Kaledoniyada zorakılıq mayın ortasında başlayıb. Yerli Kanak xalqı Parisin səsvermə islahatları planının onların müstəqillik şanslarını məhv edəcəyindən narahat olaraq etiraz ediblər.

Fransa 270 min nəfərin yaşadığı əraziyə minlərlə əsgər və polis göndərib. Sözügedən islahat planı reallaşmayıb, belə ki, Makron iyunda yeni parlament seçkisi elan edib.

Əliyev dünənki çıxışında Fransanı Aralıq dənizindəki Korsika adasını, eləcə də bir sıra adaları "müstəmləkə boyunduruğu altında" saxlamaqda ittiham edib.

Bir müddətdir Parisin Yerevanla isti münasibətləri, ona hərbi dəstəyi onun Bakı ilə əlaqələrində gərginliyi dərinləşdirib. Bakı Fransanın dənizaşırı ərazilərinin müstəqillik hərəkatının tədbirinə ev sahibliyi edib. Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib.

Niderlandın ittihamlara cavabı

Əliyev çıxışında onu da deyib ki, "bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub". O, Fransanın nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurası Parlament Assambleyası tərəfindən pislənilməməsini "siyasi riyakarlıq" adlandırıb.

Aİ-nin iqlim məsələləri üzrə başçısı Vopke Hukstra X platformasında Fransanı "dünyada iqlim hərəkətləri üzrə aparıcı səslərdən biri" adlandırıb.

Prezident Əliyev Fransa ilə yanaşı, Niderlandı da neokolonializmdə suçlayıb.

Niderland Xarici İşlər Nazirliyi X hesabında ittihamları, "repressiya barədə əsassız baxışları" qətiyyətlə rədd edib.

Noyabrın 11-dən 22-dək Bakıda BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Tədbir ərəfəsində bəzi beynəlxalq qurumlar Azərbaycanda insan haqlarına, siyasi məhbus məsələsinə diqqət çəkərək bu tədbiri boykot çağırışlar səsləndiriblər. Rəsmilər isə çağırışların faydasız olduğunu, tədbirə 70 mindən artıq xarici və yerli nümayəndənin, 80 ölkə liderinin qatıldığını deyiblər.

XS
SM
MD
LG