Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:06

Azərbaycan Parlamenti niyə Tağıyev Qız Məktəbində açıldı?


Azərbaycan Parlamentinin açılışı-1918
Azərbaycan Parlamentinin açılışı-1918

Bakı. 7 dekabr 1918-ci il. Saat 13.30. Yüz il öncə Azərbaycan Cümhuriyyətinin parlamenti bu tarixdə, bu saatda açıldı. Üstəlik, çox mürəkkəb, çox çətin bir zamanda...

Bu yazıda dövrə qısaca göz atılacaq və cümhuriyyətin, eləcə də müsəlman Şərqində ilk parlamentin tarixi vərəqlənəcək.

Ötən yazıda «Bakı necə paytaxt oldu» sualı cavablanmışdı.

Paytaxt yad əllərdə

1918-ci il sentyabrın 15-də, Qafqaz İslam Ordusu Bakını azad edəndən iki gün sonra Bakı paytaxt oldu, cümhuriyyət hökuməti Bakıya köçdü.

Azərbaycan Cümhuriyyəti mayın 28-də elan edilsə də, paytaxt olacaq şəhər yad əllərdə idi...

Cümhuriyyət Tiflisdə quruldu, az sonra Gəncəni özünə müvəqqəti paytaxt seçdi.

İstiqlal Bəyannaməsi: «Azərbaycanın başında...»

1918-ci il mayın 28-də elan olunan Azərbaycan Cümhuriyyətinin «İstiqlal Bəyannaməsi»ndə yazılırdı: «Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur».

«Seymin müsəlman fraksiyasının sədri Rəsulzadə idi»

Tarixçi-alim Firdovsiyə Əhmədova AzadlıqRadiosuna dövrü belə anladır: «1917-ci ildə Rusiyada Romanovlar sülaləsi devriləndən, mütləqiyyət rejimi başa çatandan sonra bir Müəssislər, yəni Qurucular Məclisinin çağrılması məsələsi ortaya çıxmışdı. Oktyabr ayındakı (yeni stillə noyabrdakı - red.) bolşevik inqilabı həmin məsələni ertələtsə də, 1918-ci ilin yanvarında Müəssislər Məclisi açıldı. Azərbaycandan oraya qatılmaq üçün seçilən üzvlər həmin dövrün millət vəkilləri idi. Bolşeviklər Müəssislər Məclisini qovandan sonra Cənubi Qafqazdan olan deputatlar 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin yaradıldığını elan etdilər. Bu seymdə ən böyük fraksiya Müsavat Partiyasının üzvləri və bitərəflər idi. Həmin tərkibdə İttihad Partiyasının üzvləri, hümmətçilər də vardı. «Müsavat» fraksiyasının sədri Məhəmməd Əmin Rəsulzadə idi. O, Zaqafqaziya Seyminin müsəlman fraksiyasının da sədri sayılırdı. Bu baxımdan Rəsulzadənin Milli Şuranın sədri olması legitim idi».

Cümhuriyyət 100 il
Gözlə
Embed

No media source currently available

0:00 0:00:39 0:00

Milli Şura necə yarandı?

«Milli Şura necə yarandı» sualını tarixçi-alim belə cavablayır: «Zaqafqaziya Seymi Rusiyadakı hökuməti tanımır, ancaq özünü Rusiyadan müstəqil qurum da elan etmirdi. Cənubi Qafqazdakı proseslər, Osmanlı dövləti ilə Zaqafqaziya Seymi arasındakı münasibətlər nəticəsində 1918-ci il aprelin 22-də Zaqafqaziya Federativ Respublikası yaradıldı. Cənubi Qafqaz özünün müstəqilliyini elan etdi. Ancaq həm Osmanlı dövlətinin durumu, həm də Cənubi Qafqaz xalqları arasındakı gərginlik bu respublikanın ömrünü qısaltdı. Gürcüstanın 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən çıxması ilə bu Seym fəaliyyətini dayandırdı».

Milli Şura sədri Rəsulzadə...

«Mayın 27-də müsəlman fraksiyası da ayrıca Azərbaycan Milli Şurasının yaradıldığını açıqladı. 44 nəfərdən ibarət Milli Şura Batumda danışıqlar aparan M.Ə. Rəsulzadəni (özü olmadığı halda - red.) Milli Şuranın sədri seçdi. Azərbaycan parlamentinin açılmasınadək, fasilələrlə olsa da, bu Şuranın fəaliyyəti sürdü. Yaradılışından bir gün sonra – 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul etdi. Bu aktla müsəlman Şərqində bir sivil respublikanın qurulmasına qərar verildi. Düzdür, cümhuriyyət dövründə konstitusiya qəbul olunmamışdı, ancaq İstiqlal Bəyannaməsi, bir başqa adıyla, İstiqlaliyyət Aktı Konstitusiyayadək hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmaq baxımından aparıcı prinsipləri özündə təsbit etmiş bir sənəd idi».

«Milli Şuranın dövlətçilik naminə istefası»

F.Əhmədova: «Azərbaycan dövlətinin ərazisi, vətəndaşlarının cinsindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hüquq bərabərliyi, hökumətin qanunverici orqan qarşısında cavabdehliyi prinsipləri sənəddə öz əksini tapmışdı. Hökumət də icraçı orqan kimi müəyyənləşdirilmişdi. Fətəli Xan Xoyski cümhuriyyət dönəminin ilk üç kabinəsinin sədri seçilmişdi. Hökumət Tiflisdən Gəncəyə köçənədək Milli Şura fəaliyyətini davam etdirdi. İyunun 16-da – Gəncəyə köçəndə - Azərbaycan dövlətçiliyinin sınağa çəkildiyi bir durumda Rəsulzadə başda olmaqla, partiya marağını, şəxsi marağını qurban verərək, dövlətçilik maraqlarını üstün tutaraq Milli Şura istefaya getdi. Səlahiyyətlərini ötücü olaraq, təbii ki, Müəssislər Məclisinin çağrılmasınadək yeni təşkil olunan ikinci kabinəyə verdi. 1918-ci ildə (noyabrın 17-də - red.) Birinci Dünya müharibəsində qalib gəlmiş ingilis qüvvələri Bakıya daxil oldu. Azərbaycan Milli Şurası noyabrda öz fəaliyyətini yenidən bərpa etdi. Noyabrın 19-da Azərbaycan parlamentinin təsis olunması barədə qanun verildi. Parlamentin açılması ilə Milli Şuranın fəaliyyəti bitmiş sayıldı. Beləcə, dövlətçiliklə bağlı çox şərəfli bir mərhələyə imza atıldı».

İsmailiyyə
İsmailiyyə

7 dekabr, 1918-ci il, saat 13.30

Həmin il noyabrın 9-da cümhuriyyətin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəzləndi. Noyabrın 16-da M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Milli Şuranın Bakıda ilk toplantısı keçirildi və Azərbaycan xalqına müraciət qəbul edildi. Noyabrın 19-da Milli Şura Azərbaycan Parlamentinin yaradılması haqqında qanun çıxardı.

Parlament niyə Tağıyev Qız Məktəbində açıldı?

Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də saat 13.30-da («Azərbaycan» qəzeti parlamanın saat 13-də yox, 13.30-da açıldığını yazır - red.) Bakıda, Nikolayevsk küçəsində (indiki İstiqlaliyyət küçəsi - red.), o vaxtlar Tağıyev Qız Məktəbinin yerləşdiyi binada (indiki Əlyazmalar İnstitutunun binası - red.) açıldı. Qonşu «İsmailiyyə» binası 1918-ci il mart qırğınlarında dağıdılmışdı.

«Bakının ziynəti... İsmailiyyə»

Hələ noyabrda keçirilən Milli Şuranın toplantısındakı çıxışında Rəsulzadə deyirdi: «Bakının ziynəti, milli hiss və cərəyanların məcmui, milli təşkilatının mərkəzi «İsmailiyyə» idi. Arzu ediliyordu ki, Milli Parlamanımız haman möhtəşəm binada iclas qursun. Fəqət bu gün o möhtəşəm bina xərabə halına gəlib, iclasımız bələdiyyə salonunda açılıyor. Lakin ev yanar, amma millət, milli istiqlaliyyət fikri, milli ruh ölməz!».

«Bu gün sair günlərə bənzəməz!»

Açılışın ertəsi günü çıxan «Azərbaycan» qəzeti yazırdı: «Bu gün 7 qanuni-əvvəl (dekabr - red.): illərlə intizarını çəkdiyimiz tarixi bayram günü. Hələ səhər tezdən evdən çıxarkən şəhərdə başqa bir halət, başqa bir ruh görüyorsan; bu gün sair günlərə bənzəməz! Bu gün bazar-dükan bağlıdır; bu gün məktəblərdə çocuklar dərsdən azad edilmişlərdir; bu gün ümum müəssisələr bayram ediyorlar; Azərbaycanın tarixi bayramı: Birinci Məclisi-Məbusanın güşadı bayramı!».

Bakı, 7 dekabr 1918: «Hələ saat 9-dan...»

«Azərbaycan» qəzeti baş yazısının davamında Bakı əhalisinin sevincini belə ifadə edir: «Səhərdən şəhər küçələrində zirehli avtomobillər görülüyor; hələ saat 9-dan qabaq bütün dükanlarını bağlamış, bayram etmiş olan türk-islamlar parlaman binası... qabağında yüzlər, bəlkə minlərlə toplaşıb danışıyor... istiqbal və istiqlaldan, hürriyyət və istibdaddan bəhs, mübahisə ediyor. Cəmaətdə bir qaynaşma var».

Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk iclası. 1918
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk iclası. 1918

«Tamaşaçılar içində bir çox xanımlar dəxi vardır»

Qəzet o günün təsvirində maraqlı bir məqama da toxunur: «Nikolayevski küçədə iki zirehli avtomobil dayanmış, küçədə ingilis və Azərbaycan fəxri qarovulu durub, Bazarnı küçədən Persidskiyədək, Nikolayevskidən şəhadətnaməsi olmayanı buraxmıyorlar. Parlaman binasının qapısından salonadək qarovullar durub, küçədən salonadək xalılarla bəzənmişdir. Parlaman binasının üstündə və lojada Azərbaycan bayrağı vurulmuşdur. Tamaşaçılar üçün təyin edilmiş yerlər doludurlar. Tamaşaçılar içində bir çox xanımlar dəxi vardır. Ümumiyyətlə, ruh yüksəkliyi hökmfərmadır».

«Bir kərə yüksələn bayraq...»

«Azərbaycan» qəzetinin yazdığına görə, ilk iclası saat 13.30-da M.Ə.Rəsulzadə giriş sözü ilə açdı. Rəsulzadənin açılış nitqi dəfələrlə şiddətli alqışlarla qarşılandı. İndi dillər əzbəri olan o məşhur fikrini də Rəsulzadə həmin iclasda səsləndirdi: «Bir kərə yüksələn bayraq bir daha enməz!». Məhəmməd Əmin bəy dedi: «İstər ki, biz kəndimizin istiqlala layiq olduğumuzu isbat edəlim. Bu oldumu, sizi təmin edirəm ki, kimsə haqqımızı təslim etməmək cəsarətində bulunamaz. Hanki vicdandır ki, istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin».

«Ölkəmizin taleyinin öz əlimizdə olduğu bir vaxtda»

Qəzet diplomatik nümayəndələr lojalarında İran, Dağıstan və Gürcüstan nümayəndələrinin əyləşdiyini yazır. Bakıda yaşayan almanların, polyakların, yəhudilərin nümayəndələri parlamentin açılışını təbrik edirlər. Gürcüstan parlamentinin sədri Çxeidzenin təbrik məktubu oxunur. Fətəli Xan Xoyski çıxışına belə başlayır: «Bugünkü müqəddəs gündə, ölkəmizin taleyinin öz əlimizdə olduğu bir vaxtda hökumət adından hörmətli parlament üzvlərini salamlayıram!».

Azərbaycan Parlamentinin işçiləri. 1919
Azərbaycan Parlamentinin işçiləri. 1919

Əlimərdan bəy Topçubaşı - parlament sədri

İlk iclasda Ə.B.Topçubaşov parlamentin sədri seçildi (Əlimərdan bəy ilk iclasa qatılmamışdı. 1918-ci il avqustun 18-də Osmanlı dövləti və Avropayla diplomatik əlaqələr qurmaq üçün fövqəladə səlahiyyətli səfir kimi İstanbula göndərilmişdi -red.). Həsənbəy Ağayev isə sədrin birinci müavini oldu və 1920-ci il fevralın 2-dək Əlimərdan bəyin əvəzinə parlamentə rəhbərlik etdi. Mehdi bəy Hacıniski baş katib olmaqla Parlamentin 3 nəfərdən ibarət katibliyi seçildi.

Baş nazir - Xan Xoyski

İclasda Cümhuriyyət müvəqqəti hökumətinin sədri F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verdi və hökumətin istefasını qəbul etməyi parlamentdən xahiş etdi. Parlament hökumətin istefasını qəbul etdi və növbəti iclasda yeni hökumət formalaşdırmağı yenə də F.X.Xoyskiyə tapşırdı. Xan Xoyski ilk günlər səhhətiylə bağlı problemləri əsas gətirərək bu vəzifəni boynundan atmağa çalışsa da, Həsən bəy Ağayevin israrlı dəvətlərindən sonra («Azərbaycan» qəzeti belə yazır - red.) Xan Xoyski razılaşdı və dekabrın 26-da hökumət proqramı və hökumətin tərkibi barədə parlamentdə məruzə etdi.

Ruslar və ermənilər açılışa qatılmadılar

Yeni parlamenti 120 nəfərdən ibarət formalaşdırmaq qərara alındı. Ruslara 10, ermənilərə 21 yer verildi. Amma onlar parlamentin açılışına gəlmədilər (Bakı Rus Milli Şurası parlamentdə iştirak etməmək qərarı çıxarmışdı. Şuranın fikrincə, Azərbaycan öz müstəqilliyini elan etməklə «Vahid və bölünməz Rusiya» ideyasına xəyanət edib. Amma bir az sonra Bakıdakı «Rus-Slavyan Cəmiyyəti» M.Ə.Rəsulzadədən parlamentə daxil olmalarına razılıq verməyi xahiş etdi, iki ay sonra ermənilər parlamentdə iştirak etmək qərarına gəldilər - red.). Alman əhalisindən 1, Yəhudi Milli Şurasından 1, Gürcü Komitəsindən 1, Polyak Komitəsindən 1 nəfər nümayəndə göndərilməli idi. Azərbaycan Milli Şurasının noyabrın 19-da keçirilən iclasında, 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 türk-müsəlman nümayəndənin birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilməsi qərara alınmışdı. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi.

Parlamentdə ən güclü fraksiya

Parlamentdə ən güclü fraksiya- «Müsavat» fraksiyası idi (38 nəfər - red.). Rəsulzadə bu fraksiyaya başçılıq edirdi (Əmin bəy parlamentdə iki komissiyada – «Müəssislər Məclisini çağırmaq» və «Maliyyə büdcə» komissiyasında da təmsil olunurdu - red.). Mövcudluğunun 17 ayı ərzində cümhuriyyət parlamenti önəmli qərarlara imza atdı. Parlament iclasları həftədə iki dəfə - 1-ci və 4-cü günlər keçirilirdi.

Azərbaycan parlamentinin üzvləri. 1918
Azərbaycan parlamentinin üzvləri. 1918

Cümhuriyyət xatirələrdə: «Malları, mülkləri yox idi, təmiz və çalışqan idilər»

O zamanlar Xarici Kəşfiyyat İdarəsinin başçısı olmuş Nağı bəy Şeyxzamanlı mühacirətdə qələmə aldığı xatirələrində yazır: «Azərbaycan cümhuriyyətində prezident seçilməmişdi. Baş nazir eyni zamanda dövlət başçısı idi. Cümhuriyyətimiz çoxpartiyalı idi. Baş nazir parlament üzvlüyündən başqa hökumətin də üzvü ola bilərdi. İstər seçilmiş parlament vəkilləri, istər qurulmuş hökumət üzvləri təmiz və çalışqan şəxslər idilər. İdealist olan bu insanların malları, mülkləri yox idi və olmasını da düşünmürdülər. Hamısının qayəsi cümhuriyyəti yaşatmaq və xalqımızı mədəni millətlər səviyyəsinə qaldırmaq idi... Azərbaycan Cümhuriyyəti ancaq 23 ay yaşaya bildi. Bu müddət ərzində vergi almadıq. İxrac və idxal əməliyyatlarından rüsum tutmadan gömrük idarəsi qurduq. Cümhuriyyətin büdcəsi neft istehsalımızın hökumətə məxsus hissəsindən əldə edilən gəlirlə doldurulurdu».

İlk və son iclas

Cümhuriyyət Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub. Yetərsay üzündən bu iclaslardan 15-i baş tutmayıb. Qalan 130 iclasdan 2-si tarixi – 28 May və 15 sentyabr 1919-cu il, Azərbaycan İstiqlalının və Bakının qurtuluşunun birinci ildönümləri şərəfinə, 4-ü təntənəli - 12 mart 1919-cu il və 12 mart 1920-ci il, Oktyabr inqilabının 2-ci və 3-cü ildönümləri, 27 iyun 1919-cu il - Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci il Paris Sülh Konfransı iştirakçısı olan dövlətlərin Azərbaycanın müstəqilliyini de-fakto tanıması münasibətilə, 2 iclas fövqəladə vəziyyətlə bağlı keçirilib. Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və b. məsələlər müzakirə olunub.

Son - 145-ci iclas

1920-ci il aprelin 27-də elə həmin binada Azərbaycan Cümhuriyyəti özünün sonuncu -145-ci iclasını keçirib. Fövqəladə axşam iclası saat 20.45-də başlayıb, gecə saat 12-yə, bəzi qaynaqlara görə, saat 2-dək davam edib. İclasda Azərbaycanın müstəqilliyini qoruyacaq 7 şərt daxilində hökumət azərbaycanlı bolşeviklərə təhvil verilib. Ancaq bolşeviklər bu şərtlərə əməl etmədiyindən Azərbaycan Cümhuriyyətini aprelin 27-dən 28-nə keçən gecə rus-bolşevik ordusu işğal edib...

Əziz Alpoud - canlı şahid

Azərbaycan mühacirəti təmsilçilərindən olan Əziz Alpoud cümhuriyyət dönəmində Dövlət Dəmir Yolları İstintaq Hakimliyinin rəhbəri çalışıb. Ötən əsrin 60-cı illərində Türkiyədə qələmə aldığı «Həyatımın hekayətləri» kitabında Bakının bolşevik işğalını bütün ağrı-acısıyla təsvir edib. Əziz bəy 2011-ci ildə «Qanun» nəşriyyatında çap üzü görən kitabında 1920-ci ilin qara aprelindən sonrakı hadisələr haqqında belə yazır: «Məmləkəti işğal edən 11-ci Qırmızı Ordu əməlli-başlı oturuşmuşdu. Açıq-aşkar soyğunçuluq edilirdi. Öz ciblərini doldurduqdan sonra, indi də Rusiyaya daşıyıb aparmaq üçün bəhanə tapılmışdı. Ələ keçirilən sərvət - ev əşyaları, xalılar, zinət əşyaları, yəni əllərinə keçən, pula gedən hər nə varsa, hamısı qatarlara, gəmilərə yüklənir və çapovulçuluqlarını (quldurluqlarını - red.) gizlətmək üçün də üstünə şüarlar asılırdı: «Sovet Azərbaycanının Rusiyaya ərməğanı!». Aylarla davam edən bu yaltaqlıq və təbliğatın daim Moskvaya ünvanlanması o qədər yaxşı görünməz deyə, bəzən həm də şüarlarda dəyişiklik etmək lazım gəlirdi: «Azərbaycan xalqının yoldaş Leninə…», «Yoldaş Trotskiyə ... hədiyyəsidir» deyə...».

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Son söz

Ə.Alpout bolşevik işğalından sonra bir müddət Bakıda qalır, dostlarıyla gizli fəaliyyətə başlayır, sonda ələ keçir və Sibirə sürgün edilir. Ordan qaça bilir. Və velosipedlə uzun, məşəqqətli, macəralarla dolu bir həyat yaşayaraq İrana, Türkiyəyə keçir. Almaniyada təhsil alır. Azərbaycan mühacirətinin Türkiyədəki fəallarından olur. Vətən həsrətiylə alışıb-yanan Əziz bəy 1961-ci ildə «Həyatımın hekayətləri»ni yazır. Və girişdə qeyd edir: «İnşallah... illərdən bəri bir millət olaraq çəkdiyimiz zillət də sona yetmiş olar və Müstəqil Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı təkrar Millət Məclisinin binası üstündə dalğalanar. Onu Xəzərdən qopub gələn küləklər salamlayıb, oxşayar... Ölməyib görərəmsə, necə xoşbəxt olaram!..».

Ə.Alpout 1988-ci ildə Ankarada dünyadan köçdü və Cümhuriyyətin üçrəngli bayrağının yenidən öz yerində dalğalandığını görə bilmədi. Üç ili çatmadı...

«Xəzərdən qopub gələn küləklər...»

Ancaq Əziz bəy vaxtilə o bayrağın Millət Məclisi üzərində dalğalandığını çox görmüşdü. Hətta 1920-ci ilin qara aprelindən sonra hələ də bir neçə gün Parlament binası üzərində dalğalanan bayrağı endirib gizlicə saxlamaq, bolşevik pəncəsindən xilas etmək planı qurmuşdu. Parlaman binasına girsə də, tək olduğundan bu istəyinə çatmamışdı...

Amma bir istəyi gerçəkləşib Əziz bəyin:

İndi Bakıda Xəzərdən qopub gələn küləklər Cümhuriyyətin üçrəngli bayrağını salamlayıb, oxşayır...

XS
SM
MD
LG