Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:38

'AXC qurucularının məzarları Azərbaycana gətirilsin'


Nəsiman Yaqublu
Nəsiman Yaqublu

"Biz Azərbaycanı «Eurovision» ilə, İslam Oyunları ilə, «Formula», nə bilim, nə oyunları ilə tanıtmaqdan bir qədər uzaqlaşıb, dünyaya demokratik dövlətimizin tarixini tanıtmalıyıq". Tədqiqatçı-alim Nəsiman Yaqublu Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı prezident İlham Əliyevə təkliflər göndərib.

Dövlət başçısı isə bir neçə gün öncə cümhuriyyətin gələn ilki yubileyinin qeyd edilməsiylə bağlı sərəncam imzalamışdı. Alimi bu məsələyə yenidən qayıtmağa, belə bir müraciəti ünvanlamağa nə vadar edib?

N.Yaqublu AzadlıqRadiosunun bu sualını belə cavablandırır:

– Həmin təklifləri göndərməkdə məqsədim odur ki, həqiqətən də, gələn il Azərbaycanın dövlətçilik tarixində çox mühüm hadisə baş verir, demokratik dövlət quruculuğunun yüzilliyidir. Mən də istəyirəm ki, bu yüzillik, öyrəşdiyimiz kimi, əl çalıb dağılışıb getmək yubileylərindən olmasın. İstəyirəm ki, bu tarixdə dərin iz qoysun və bundan təkcə Azərbaycan xalqı yox, həm də bizi sevən, bizə böyük marağı olan digər xalqlar da bəhrələnsinlər. Bütün müsəlman və türk dünyasında ilk dəfə olaraq demokratik prinsiplərə, milli kültürə əsaslanan və cümhuriyyət formalı dövləti biz qurmuşuq. Yəni bu, təkcə bizim uğurumuz kimi səslənməməlidir, bu, həm də bütün türk dünyasında, müsəlman dünyasında qazanılan uğur kimi səslənməlidir. Ona görə də, mən bu təklifləri hazırlayıb cənab prezidentə göndərdim. Orda da qeyd etdim ki, bu yubileyi təkcə biz qeyd etmirik. Bunu həm də Gürcüstan Respublikası, Ermənistan Respublikası, Şərqi Avropada Polşa Respublikası qeyd edəcək. Yəni elə edək ki, onlardan geri qalmayaq. Məndə olan məlumata görə, bir az sonra xüsusən gürcülər bu yubileylə bağlı ciddi hazırlıqlara başlayacaqlar. Biz də elə edək ki, bayaq dediyim kimi, bu, əl çalıb dağılışmaq tədbirlərindən olmasın.

– Siz hökumətin daha çox nəyə diqqət etməsini istəyirsiniz?

– Dediyim budur ki, gəlin, yubileyə indidən hazırlaşaq və əməli iş görək. Məsələn, birincisi, AXC qurucularının məzarları Azərbaycana gətirilsin. Gələn il yüzillik yubiley günlərində aparıb bir dəstə gül qoymağa bir məzar tapmayacağıq. Nə Rəsulzadənin məzarı burdadır, nə Topçubaşovun, nə Həsən bəy Ağayevin, nə Fətəli bəy Xoyskinin, nə də digərlərinin. Bəs gələn il onları xatırlamaq, yad etmək üçün həmin gül dəstəsini aparıb hara qoyacağıq? Heç olmasa, onların məzarlarını bütün ömürləri boyu azadlığı uğrunda mübarizə apardıqları, indi artıq azadlıq əldə etmiş olan Azərbaycana gətirək ki, onların ruhu sakitləşsin. İkinci təklifim budur ki, bunların xarici ölkələrdəki irsi toplanıb Azərbaycana gətirilsin. Onların çoxu 1920-ci ildən sonra mühacirətə getdiklərindən irsləri də xarici ölkələrdədir. Bir də gələn il Azərbaycanda yalnız AXC-nin yox, həm də bütün dövlət təsisatlarının yüzilliyidir. Məsələn, Azərbaycanda ilk qanunverici orqan olan parlamentin, Nazirlər Şurasının, Milli Ordunun, ədliyyə sisteminin yaradılmasının, üçrəngli bayrağın qəbulunun, eyni zamanda, paytaxt Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının yüzilliyidir. Görürsünüzmü, nə qədər yüzilliklər tamam olur və biz bunları qeyd etməliyik. Nəhayət, onların irsinin nəşri, araşdırılması, yayılması gərəkdir. Bu adamlarla bağlı, AXC haqda bədii-sənədli filmlər çəkilməlidir və orta məktəblərdə uşaqlara göstərilməlidir. Eləcə də dərsliklər məsələsinə diqqət göstərilməlidir. Dərsliklərə cümhuriyyət haqqında daha sanballı və ətraflı məlumatlar daxil edilməlidir. Ümid edirəm, bu təkliflər nəzərə alınarsa, AXC-nin yüzilliyi daha yüksək səviyyədə qeyd ediləcək. Biz Azərbaycanı «Eurovision» ilə, İslam Oyunları ilə, «Formula», nə bilim, nə oyunları ilə tanıtmaqdan bir qədər uzaqlaşıb, hərdən də dünyaya demokratik dövlətimizin tarixini tanıtmalıyıq. Bu, çox vacibdir. Gələn il də bir şansdır. Biz bundan bəhrələnməliyik.

– Nəsiman bəy, dediniz ki, qonşu Gürcüstanla Ermənistan da respublika quruluşunun yüzilliyini təntənəli şəkildə qeyd etməyə hazırlaşırlar. Azərbaycan da artıq 25 ildən çoxdur müstəqilliyini bərpa edib. Amma mütəxəssislərin, elə sizin dediyinizdən belə anlaşılır ki, Azərbaycan qonşuları kimi həmin dövrü yetərincə araşdırmayıb, Xalq Cümhuriyyətini yaradanları yetərincə təbliğ etməyib, nəinki dünyaya, heç öz xalqına tanıdılmayıblar. Niyə Azərbaycan bu işdə qonşularından dala qalır, Sizcə?

– Vallah, keçmişi xatırlamağı sevmirəm. Çünki həyat tərzim gələcəyə ölçülüb. Mən də gələcək üçün görülməli işləri dedim. Keçmişdə nə işlər görülüb.... Keçmişdə Şirməmməd Hüseynovun da gördüyü işlər var, Rəsulzadənin işlərini, əsərlərini hazırlayıb, mən özüm Rəsulzadənin ensiklopediyalarını üç dildə hazırlayıb çap etdirmişəm. Xalq Cümhuriyyəti haqda yüksək səviyyədə olmasa da (biz bunu qəbul etmirik), bir ensiklopediya hazırlanıb, onu təkmilləşdirib yenidən çap etmək mümkündür. Keçmişə qayıtmaq istəmirəm. İstəyirəm ki, bu tədbirlər bundan sonra yüksək səviyyədə keçirilsin və cəmiyyətimizə dəyərli yubiley töhfələri verək.

– Amma Sizin təkliflərin qəbul edilib-edilməyəcəyi həm də keçmişdən gələn münasibətə bağlıdır.

– Nə bilim, mən gələcəyə daha çox ümidlə baxıram. Bu təkliflər qəbul edilərsə, daha çox işlər görülə bilər.

– AXC qurucularının məzarlarının Azərbaycana gətirilməsini təklif edirsiniz. Bu məsələ illərdir müzakirə olunur. Bir qrup Sizin kimi, başda Rəsulzadə olmaqla, həmin qəbirlərin köçürülməsini təklif edirsə, digər bir qrup hesab edir ki, tarixə müdaxilə etmək gərək deyil, AXC qurucularının üzü Türkiyə, Gürcüstandan tutmuş, Avropaya kimi səpələnmiş məzarları, olduğu kimi, yad ellərdə qalmalıdır. Bu cür düşünənlərə haqq vermək olarmı?

– Mən təkliflərimdə də demişəm ki, birinci növbədə, məzarlar Azərbaycana gətirilməlidir. Gətirməklə bağlı fikir ayrılıqları və ya problemlər ortaya çıxırsa, heç olmasa, onların məzarları dövlətin qayğısına götürülsün. Bir çoxlarının məzarları diqqətdən kənarda qalır, uçulub-dağılıb. Gətirilmirsə belə, dövlətin diqqətində olsun. Məsələn, Gürcüstanda Həsən bəy Ağayevlə Fətəli xan Xoyskinin məzarları var. Mən gedib oranı ziyarət etmişəm. Düz dağın təpəsində yerləşir, yaşlı adam ora gedib çıxa da bilmir. Bəlkə o qəbirləri bir az aşağı endirək? Orda Botanika bağı var, bəlkə onun girəcəyində dəfn edək? Hamı da gedib ziyarət edə bilər. Yəni, mən bütün qəbirləri ziyarət etdiyimdən çoxlu problemlər bilirəm. Məsələn, bəzi yerlərdə yer haqqı ödənmədikdə həmin məzarları oradan çıxarıb uzaqlaşdırırlar. Bəlkə dövlət birdəfəlik o yeri alsın, onun haqqını ödəsin ki, onların məzarlarına toxunub ruhlarını incitməsinlər?

– Söhbət Avropadakı məzarlardan gedir?

– Avropadakı, bəli. Bir çox yerlərdə problemlər var.

– O məzarlara görə yer haqqını kim ödəyir?

– Vallah bilmirəm. Bu sualı səfirliklərə verin. Mən bu qədər danışa bilərəm. Hesab edirəm yetərincə danışdım da.

Nəsiman Yaqublu: 'Gələn il yüzillik yubiley günlərində aparıb bir dəstə gül qoymağa bir məzar tapmayacağıq'
Gözlə

No media source currently available

0:00 0:07:18 0:00

XS
SM
MD
LG