Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:47

Ekspert Azərbaycanda avtomobillərin bahalaşacağını düşünür


'Sovet maşınları'ndan niyə yaxa qurtarmaq olmur?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

'Sovet maşınları'ndan niyə yaxa qurtarmaq olmur? (2017)

Fevralın 1-dən avtomobil sahibləri texniki baxış zamanı dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödəməli olacaqlar. "İstehsalat və məişət tullantıları haqqında" Qanuna əsasən, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə, 10 il keçdikdə isə ildə bir dəfə texniki baxışdan keçməlidir.

Nazirlər Kabinetinin qərarına əsasən, hər dəfə texniki baxış zamanı istismar müddəti 4-10 il olan avtomobillərə 10, 11-21 illiyə 20, 31 illiyə 30, 31 ildən yuxarılar üçün də 40 manat utilizasiya haqqı ödəniləcək.

Qanunun digər tələbinə əsasən, fevralın 1-dən Azərbaycana gətirilən və istehsal tarixi dörd ili ötən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı əlavə utilizasiya haqqı alınacaq.

Avtomobil istismara yararsız vəziyyətə çatdıqda o, utilizasiyaya veriləcək. Buna görə sahibinə yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq. Əgər şəxs yerli avtomobil almağı nəzərdə tutmursa, o, müəyyən edilmiş güzəşt məbləğindən daha az həcmdə birdəfəlik ödəniş alacaq.

Güzəştlər 1500 manatdan başlayıb 3000 manata qədər ola bilər. Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləği müvafiq güzəştin 70 faizi həcmində müəyyən edilir.

V.Əhmədov
V.Əhmədov

"Əlavə yük olmayacaq"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun "Turan"a deməsinə görə, burada əsas məqsəd ondan ibarətdir ki, köhnə avtomobillər utilizasiya edilir və onun əvəzinə hökumət müəyyən məbləğdə kompensasiya ödəyir: "Avtomobilin sahibi gedib özünə yeni maşın ala bilər".

Tariflərə gəlincə, V.Əhmədov qeyd edib ki, utilizasiya haqqı o qədər də böyük deyil və vətəndaşlar üçün əlavə yük olmayacaq: "Hər kəs istəyir ki, maşını yeniləsin. Hökumət də bu məsələdə yardımçı olmaq istəyir. Digər tərəfdən də, şəhərin vəziyyətini anlamaq lazımdır, şəhər çox yüklüdür. Hökumət köhnə maşınları sıradan çıxarmaqda israrlıdır və bu, düzgün qərardır".

E.Muradlı
E.Muradlı

"Avtomobillərin qiymətinə təsir göstərəcək"

Azərbaycana idxal olunan avtomobillərdən istehsal ilinə görə 400-700 manat məbləğində utilizasiya haqqı alınacaq. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, həmin məsələ avtomobillərin qiymətinə təsir göstərəcək.

Ekspertin sözlərinə görə, köhnə avtomobillərin utilizasiyası zamanı güzəşt məsələsində fərdi yanaşma olmalıdır: "Elə adamlar var ki, utilizasiya məsələsini eşidib üç-dörd dənə köhnə maşını alıb bundan pul qazanmaq istəyir. Elə adamlar isə var ki, tək bir köhnə maşını var və dolanışıq yeri ondan çıxır".

N.Cəfərli
N.Cəfərli

"Xaricdə özlərinə nə sərf edirsə, həmən..."

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökumətinin bir qəribə yanaşması var: "Xaricdə özlərinə nə sərf edirsə, həmən bu praktikanı ölkədə tez tətbiq edirlər, əhaliyə nə sərf edirsə, onu isə daha gec tətbiq edirlər və ya, ümumiyyətlə, tətbiq etmirlər. Utilizasiya da başqa ölkələrdə var və məntiqlə maşın nə qədər ətraf mühitə ziyan vurursa, o qədər çox ondan vergi alırlar. Bu da təşviq edir ki, insanlar daha müasir maşınları alsınlar. Amma Azərbaycanda bu təşviq aşağıdır".

Ekspert qeyd edib ki, avtomobil nə qədər köhnədirsə, o qədər də rüsumun məbləği artacaq: "Bu da əlavə problem ortaya çıxaracaq, çünki köhnə maşını daha aztəminatlı, yeni avtomobili ala bilməyənlər sürürlər. Onlar yeni qanunla daha çox məbləğ ödəyəcəklər. Bu isə onların cibinə uyğun olacaqmı? Bundan başqa, bizdə kənd təsərrüfatı ilə məşğul olanlar həmin maşınlardan daha çox iş görmək üçün istifadə edirlər. Bu qərar onların biznesinə də təsir edəcək".

Ölkə parlamenti ötən il "İstehsalat və məişət tullantıları haqqında" Qanuna dəyişiklikləri qəbul edib. Utilizasiyası ilə bağlı yeni qaydalar da orada əks olunub.

XS
SM
MD
LG