Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:49

Avropa Məhkəməsinin kəsdiyi cərimələr aylardır ödənmir. 'İntiqam məqsədlidir'


Avropa İnsan Hüquqları Məhkəməsinin iclası (Foto arxiv)
Avropa İnsan Hüquqları Məhkəməsinin iclası (Foto arxiv)

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarları üzrə azərbaycanlı ərizəçilərə pul təzminatlarının ödənməsi aylardır yubanır. Bunu AzadlıqRadiosuna ərizəçilər və onların vəkilləri deyirlər. Tənqidçilər bunu Azərbaycanın Avropa Şurası ilə münasibətlərindəki gərginlik fonunda daha çox siyasi qərar sayırlar.

Bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin AŞPA-da mandatı təsdiqlənməyib, Bakının qurum qarşısında insan hüquqları və digər öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Azərbaycan da iradları qəbul etməyərək qurumla əməkdaşlığını dayandırdığını açıqlayıb.

"Azərbaycan hökuməti öz şərlənmiş vətəndaşına təzminatı verməməklə sanki Avropada onu tənqid edən qurumlardan, dairələrdən qisas alır", - bunu AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Azərbaycan hökumətindən aylardır təzminat ala bilməyən İlham Hüseynov deyir.

Gözü yolda, qulağı səsdə

Avropa Şurasının hesabatlarına əsasən, Azərbaycan AİHM qərarlarını ən pis icra edən ölkələr arasındadır, hətta ən son hesabatında bu sıraya başçılıq edirdi. AİHM Azərbaycanla bağlı indiyə qədər ümumilikdə 497 qərar qəbul edib. 2013-ü ildən bu yana hökumət AİHM-in 156 qərarını icra edib, 320-sinin icrası hələ də qalmaqdadır. Yəni, indiyədək elan edilmiş qərarların yalnız 36 faizi icra edilib, 64 faizi icra edilməsini gözləyir. Avropa İnsan Hüquqları Konvensiyanın 44-cü maddəsinə əsasən, qərarın qəbulundan sonrakı üç ay ərzində ərizəçiyə təzminatı hökumət ödəməlidir.

Tofiq Məmmədov
Tofiq Məmmədov

Lakin onlarla ərizəçi gözünü yola, qulağını telefona zilləyib ki, aylardır verilməyən təzminatından bir soraq gələ. Onlardan biri də AXCP üzvü Tofiq Məmmədovdur. O, AzadlıqRadiosuna deyir ki, yanvarda çıxan qərar ilə bağlı təzminatının ödənilməməsi onun maddi vəziyyətinə də təsirsiz ötüşmür: "10 aydır ki, pulum verilmir. Hər dəfə də Prezident Aparatına zəng edəndə "bu ay icra olunacaq, gələn ay veriləcək" deyərək yola verirlər məni, kompensasiyanı ödəmək istəmirlər sanki. Bir həftə əvvəl danışanda da ödənişin nə vaxt veriləcəyindən bixəbər olduqlarını dedilər. Kəndə getməliydim, gedə bilmirəm, heç yerdə də işləmirəm, ümidim o təzminata idi. Niyə gecikməsi ilə bağlı da səbəb demirlər, sadəcə "gözlə" deyirlər".

AİHM T.Məmmədovun həbsini qanunsuz sayıb, hökumət də ona 2 min 600 avro ödəməlidir. Onun sözlərinə görə, əvvəllər aldığı təzminatlarda belə gecikmələr olmayıb: "Ötən il hərəsi 1000 avro olmaqla iki dəfə hökumət mənə AİHM-in çıxardığı qərara əsasən təzminat ödədi. Bu ödənişlərdə xüsusi gecikmə olmadı, bu dəfə isə aylardır verilmir və səbəbi də göstərilmir".

İlham Hüseynov
İlham Hüseynov

"Gecikmələr qisas məqsədlidir"

AXCP-nin digər fəalı İ.Hüseynovun şikayəti ilə bağlı AİHM bu il fevralın 8-də qərar qəbul edib. Qərara görə, Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə hüququna dair 6-cı və sərbəst toplaşmaq azadlığını özündə ehtiva edən 11-ci maddələrini pozub. Hökumət ona 60 günlük həbsi ilə bağlı 2 min 350 avro ödəməlidir. Qərarın qəbulundan artıq səkkiz aya yaxın vaxt keçir, amma İ.Hüseynov hələ də təzminatını ala bilmədiyindən gileylənir: "Azərbaycanın nümayəndə heyətinin AŞPA-dan uzaqlaşdırılmasının, ölkədəki insan haqlarının vəziyyəti ilə bağlı Avropadan gələn tənqidlərin, pisləşən münasibətlərin əvəzini hökumət öz vətəndaşına haqqı olan təzminatı ödəməməklə çıxır. Halbuki bu, kobud qanun pozuntusudur, onsuz da Avropadan tamamilə üz döndərsə də Azərbaycan, bu təzminatlar yenə də ödənməlidir. Geriyə qüvvəsi yoxdur, sadəcə intiqam məqsədli gecikir, çünki böyük məbləğdə təzminatlar deyil ki, maliyyə nizamını pozsun. Sadəcə bazarlıq edirlər bizlərin üzərindən".

İ.Hüseynovun 2014-cü ildə başqa bir şikayəti ilə bağlı 2017-ci ildə qərar çıxıb və o zaman məbləğin bir hissəsi üç ay ərzində, qalan məbləğ iki ilə ödənibmiş. O bildirir ki, hazırda onunla eyni vaxtda barəsində qərar çıxan digər ərizəçilərin də ödənişi edilməyib: "Vəkillərin vasitəsi ilə gecikmənin səbəbi ilə maraqlanırıq, hökumət orqanları tərəfindən ödəniş ilə bağlı pulun ayrılmadığı deyilir. Məlum məsələdir, ödəyən kim olur-olsun, tapşırıq ən yuxarıdan gəlmədikcə ödənilməyəcək".

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

Təzminatın gecikmə ehtimalları

AzadlıqRadiosuna danışan hər iki ərizəçinin vəkili, eləcə də təzminatını ala bilməyən bir çox ərizəçinin hüquqlarını müdafiə edən Əsabəli Mustafayev deyir ki, bu il axırıncı dəfə iyulda ödənişlər edilib, o da qismən: "Tutaq ki, 3 min avro ödənilməli idi, min-min 500 avro ödədilər. Vəkillərə də qismən ödənildi. Bu ilə qədər, yəni Avropa Şurası ilə hökumətin münasibətlərində problem yaranana qədər pullar vaxtında, tam halda ödənilirdi. Məbləğdən asılı olmayaraq. Biz gecikmə səbəbini dəqiq bilmirik, ancaq ehtimallar var. Bəziləri ehtimal edir ki, hökumət Avropa Şurasına yumruq göstərir. Bununla da ilk addımı AŞ-dən gözləyir. İkinci ehtimal isə neft gəlirlərinin aşağı düşməsi ilə, eləcə də Formula-1 yarışları, COP29 kimi iri tədbirlərlə bağlı xərclərin artmasından dolayı büdcədən pul ayrıla bilməməsidir".

Ə.Mustafayev təkcə siyasi mənsubiyyəti olan ərizəçilərin deyil, qeyri-siyasilərin də təzminatlarının ödənməsində yubanmaların olduğunu deyir.

Digər vəkil Fariz Namazlı da işini apardığı vətəndaşların fevraldan eyni problemlə üz-üzə olduğunu bildirir: "İcra olunmayan qərarların sayını deyə bilməyəcəm, amma çoxu icra edilməyib. Qərarların kompensasiya ödənişi ilə bağlı icrası Prezident Administrasiyası tərəfindən həyata keçirilir. Lakin onlar gecikmələrin nədən asılı olması barədə heç bir izah vermirlər".

AzadlıqRadiosu bu məsələ ilə bağlı PA ilə əlaqə saxlamağa çalışsa da, suallarına cavab ala bilməyib.

Hökumətə sərf etmir

Ə.Mustafayevin dediyinə görə, hökumətin təzminat gecikməsində marağı olmamalıdır: "Çünki hökumət gecikmənin faizini ödəməli olur, görünən odur ki, çox ciddi məsələlər var və buna görə də gecikir".

Fariz Namazlı
Fariz Namazlı

Vəkil F.Namazlı deyir ki, əgər kompensasiya ödənilməsində gecikmə varsa, bu halda vətəndaş Avropa Şurasının Nazirlər Komitəsinə müraciət edə bilər. Namazlı bildirir ki, Nazirlər Komitəsi keçirdiyi iclaslarda həmin məsələləri gündəliyə sala bilər və hökumət qarşısında müəyyən şərtlər qoya bilər: "Avropa Məhkəməsinin qərarı icraya yönəldikdən sonra kompensasiya ödənilənə qədər ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği və onun da üzərinə daha 3 faiz əlavə olunmalıdır".

Müstəqil iqtisadçılar əvvəlki illərdə də gecikmələr olanda bunun iqtisadi məsələ olmadığı qənaətində idi. Ekspertlərin fikrincə, bu məbləğlər beynəlxalq tədbirlərə xərclənən vəsaitlərdən kifayət qədər aşağıdır.

Avropa Şurasının Nazirlər Komitəsi (AŞNK) sentyabrın 20-də AİHM-nin Azərbaycana qarşı bəzi qərarlarının necə icra edilməsinə baxıb. "Sarqsyan Azərbaycana qarşı" işi üzrə 2017-ci ildə çıxarılmış qərarla bağlı Azərbaycan hakimiyyətini birbaşa Sarqsyanın qohumuna kompensasiyanın ödənməsini həyata keçirməyə çağırıb. Bu işə bu ilin dekabrında komitənin iclasında yenidən baxılacaq.

Azər Qasımlı
Azər Qasımlı

Siyasi addım

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə təzminat yubanmasının nə iqtisadi, nə maliyyə problemi olduğunu düşünür. Onun fikrincə, bu, sadəcə siyasi bir addımdır. A.Qasımlı təzminat gecikməsini də Azərbaycan-Avropa münasibətləri gərginləşməsi fonunda bir addım kimi dəyərləndirir: "AİHM hökuməti aşağı məbləğlərdə cərimələyib, bu da dövlət büdcəsinin çox kiçik hissəsini əhatə edir. Ona görə də məsələ iqtisadi deyil, qətiyyən. Bu gecikmələrin artması bu gün siyasidir. Mandat dondurulması uzunmüddətli olsa, Azərbaycan İnsan Haqları Konvensiyasından da çıxa bilər, bu isə o deməkdir ki, AİHM yurisdiksiyasından çıxır. Çıxdıqdan sonra isə qərarların icrasına ehtiyac qalmayacaq".

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt Azərbaycan insan hüquqları və bir sıra başqa məsələlərlə bağlı qurum qarşısında öhdəlik götürüb. Ölkə hələ də AŞPA-nın monitorinqi altındadır.

Azərbaycan nə fevralda növbədənkənar prezident seçkisi, nə də sentyabrın 1-də növbədənkənar parlament seçkilərinə AŞPA-dan müşahidəçiləri dəvət edib. Üstəlik, AŞPA-da Azərbaycan əleyhinə səs verən deputatları persona-non-qrata elan edib. Prezident İlham Əliyev deyib ki, yalnız Azərbaycan nümayəndə heyətinin mandatı bərpa olunacağı halda, bu qadağa da götürülə bilər. AŞPA prezidenti Teodoros Rusopulos isə sözügedən qərarın Azərbaycanın Avropa Şurasındakı mövqeyini çətinləşdirdiyini deyib.

İkitərəfli münasibətlərdə gərginlikdən öncə isə Azərbaycanın Avropa Şurasının təsisatları ilə işgüzar əlaqələrin genişləndirilməsinə xüsusi önəm verirdi. Bunu ötən ilin oktyabrında Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Strasburqda Avropa Məhkəməsinin prezidenti Siofra O'Liri ilə görüşdə deyib.

Azərbaycan bir çox ölkədən aşağıdadır

Hazırda AİHM qərarlarını ən pis icra edən ölkə Avropa Şurasından xaric edilmiş Rusiyadır ki, qərarların 68 faizini icra etməyib. Azərbaycanda isə bu göstərici 64 faizdir. Bu barədə hüquqşünas Xalid Ağalı özünün Facebook hesabında yazıb. O qeyd edib ki, Albaniya AİHM qərarlarının 51, Gürcüstan 45, Malta 43, Ukrayna 37, Ermənistan 34 faizini icra etməyib. AİHM-in Türkiyə ilə bağlı qərarlarının cəmi 10 faizinin icrası problemlidir. Andorra və Lixtenşteyn AİHM-in bütün qərarlarını icra edib. İsveç, Sloveniya ilə bağlı qərarların 1, Avstriya, İslandiya və Böyük Britaniya ilə bağlı qərarların isə 2 faizinin icrası problemlidir.

XS
SM
MD
LG