Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:23

Bu gün 'Aşura'dır [Fotolar]


Bu gün, oktyabrın 12-si «Aşura» mərasimi qeyd edilir.

Hələ İslamda müqəddəs ay sayılan Məhərrəmlik ayı girməmiş Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva vermişdi.

Fətvada qeyd edilirdi ki, hicri-qəməri təqvimi ilə 1437-cı il başa çatır. Bu, miladi təqvimi ilə 2016-cı il oktyabrın 3-nə təsadüf edilir. «Aşura günü» isə oktyabrın 12-də qeyd olunmalıdır.

Fətvada «Aşura»nın Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn, Əhli-Beyt (ailə üzvləri) və tərəfdarlarının haqq uğrunda həlak olduğu gün kimi əks edilir.

Fətvada Aşura günü qurşağadək soyunub, zəncir vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq şəriətə uyğun sayılmır. Dindarların özlərinə və digərlərinə xəsarət yetirməməsi tövsiyə olunur. Bunun əvəzində ehtiyacı olanlara qan verilməsi aksiyalarının təşkili zəruri sayılır. Səhiyyə Nazirliyi də açıqlayıb ki, bu gün qanvermə aksiyaları keçiriləcək.

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

XS
SM
MD
LG