Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:00

Astara sakini: '21 yaşım var, məktəb üzü görməmişəm'


Ağadadaş Eyvazov
Ağadadaş Eyvazov

Astara rayonunun Unuz kəndində cəmi bir neçə ailənin yaşadığı bildirilir. Unuz kəndi dağlıq ərazidə, rayon mərkəzindən 27 kilometr uzaqda, İranla sərhəddə yerləşir...

"Dörd qardaşım və iki bacım da məktəbə getmirlər"

Bu kənddə yaşayan ailələrdən biri də Eyvazovlardır. Onlar da ildə bir neçə dəfə rayonun İstisu kəndində olan qohumlarına baş çəkdiklərini söyləyirlər. Onlardan Ağadadaş Eyvazov kənddə məktəb, işıq, yol olmadığını bildirir: "Unuzda dörd ailə yaşayır. Bu ailələrdə 10 uşaq var. Onlar məktəb görməyiblər. Mənim 21 yaşım var, məktəb üzü görməmişəm. Dörd qardaşım və iki bacım da məktəbə getmirlər. Ailədən kiçiyin yeddi yaşı var. Unuz dağlar arasında yerləşir. İstisu kəndindən ora atla yeddi-səkkiz saata, piyada bir günə çatmaq olur. Yol yoxdur, cığır var".

A.Eyvazov həm də Qarabağ müharibəsinin veteranıdır: "İki medalla təltif olunmuşam. İşsizəm. Təhsilim olmadığına görə iş tapa bilmirəm. Məşğulluq idarəsinə müraciət etmişəm, get-gələ salıblar...".

O, qardaş və bacılarının təhsildən kənarda qalmasından narahat olduğunu və bununla bağlı müvafiq orqanlara müraciət edildiyini söyləyir: "Hələ ki, nəticə yoxdur".

Amid Eyvazov
Amid Eyvazov

"Məktəb məni götürmür"

Onun 11-yaşlı kiçik qardaşı Amid Eyvazov da təhsil almaq arzusunda olduğunu bildirir: "Kənddən, dağdan aşağı düşmüşük. Görürəm ki, mən yaşda olanlar məktəbə gedirlər. Amma məktəb məni götürmür. Deyirlər ki, yaşın keçib. Unuz kəndində məktəb yoxdur".

Eyvazovların yaxın qohumu Sahib İmaməliyev də deyir ki, problemlərlə bağlı Astara Rayon Təhsil Şöbəsində və Züngüləş kənd orta məktəbində olub: "Dedilər, Amidin 11 yaşı var, yaşı keçib, onun məktəbə qəbul olunması üçün Təhsil Nazirliyi qərar verməlidir. İkinci dəfə getdim, bu dəfə yeddiyaşlı uşağı aparmışam. Rayon təhsil şöbəsindən Züngüləş kənd məktəbinin direktoruna zəng edib deyiblər ki, uşağı məktəbə götür. Mənə də dedilər ki, sənədləri toplayıb məktəbə təqdim edərsən. Direktor sənədləri götürsə də, sonralar qaytardı. Səbəbini izah etmədi".

Sahib İmaməliyev
Sahib İmaməliyev

"Bu qışda Amid də xəstələndi"

O, Unuz kəndində vəziyyətin dözülməz olduğunu söyləyir. Onun vurğulamasına görə, bu kənddə qışda xəstələnən olanda onu vaxtında xəstəxanaya çatdırmaq olmur: "Bu qışda Amid də xəstələndi. Sərhədçilərdən xahiş etdik, sərhəddaxili yolla onu mərkəzə çatdırdıq, ölümdən qurtardıq".

S.İmaməliyevin deməsinə görə, başqa bir ərazidə ev tikmək istəyib. Vurğulamasına görə, ərazi Hirkan Milli Parkına daxil olduğundan icazə verilməyib: "Unuzdakılar Allahın ümidinə qalıblar. Heç kim də onlarla maraqlanmır".

Unuzun keçmişi

Onun sözlərinə görə, keçən əsrin ortalarında Unuz və ətraf kəndlərdə min nəfərə yaxın əhali yaşayıb. S.İmaməliyev əlavə edib ki, Unuzda məktəb, kolxoz olub: "SSRİ rəhbəri Stalinin ölümü ərəfəsində Unuz daxil olmaqla dörd kəndin əhalisi oradan çıxarılıb. Azərbaycan müstəqillik qazanandan sonra kənddə dönməyə icazə verdilər. İlk dövrlərdə ata-baba yurduna köçən ailələrin sayı çox olub. Orada şərait olmadığına görə ailələrin çoxu geri dönüblər. Dörd ailə kənddə qalıb. Onlardan biri də Eyvazovlar ailəsidir".

Unuz dağlar arasında yerləşir
Unuz dağlar arasında yerləşir

"Seçkilərdə iştirak etmirlər"

S.İmaməliyevin deməsinə görə, Unuz kənd sakinləri seçkilərdə də iştirak etmirlər: "Seçkilərdə iştirak etmirlər. Ölkədə nə baş verir, xəbərləri olmur. Yol yox, telefon yox. Savadımız olmadığına görə haqqımızı tapdalayırlar. Orduya aparmaq üçün isə dağa gedib onu tapıb gətirdilər. Amma təhsil almaq barədə onları heç kim xəbərdar etməyib".

Rəsmi qurumların cavabları...

Astara Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov rəsmi Unuz adlı inzibati ərazinin olmadığını bildirir. Onun vurğulamasına görə, o yer heç bir ərazi nümayəndəliyinə daxil deyil, Milli Parkın ərazisində yerləşir: "Ailə başçısı Nəzərəli Şüvi, həyat yoldaşı isə Səncərədi kəndinin qeydiyyatındadır. Hər iki kənd aşağıda, rayon mərkəzinə yaxın ərazidə yerləşir. Yalan söhbətdir, səsvermədə iştirak edirlər. Məktəbə gec müraciət ediblər. İndi qeydiyyat onlayn qayda ilə həyata keçirilir. Biz də maraqlıyıq ki, heç kim təhsildən kənarda qalmasın. Unuzda üç təsərrüfat var. Yay müddətində ora gedirlər, qışda qayıdırlar".

Onun vurğulamasına görə, Unuza yol çəkmək, hələlik, qeyri mümkündür.

Unuz kəndinə gedən yol
Unuz kəndinə gedən yol

"Problemlər növbəti dərs ilində həllini tapacaq"

Astara Təhsil Şöbəsindən isə bildiriblər ki, problemlər növbəti dərs ilində həllini tapacaq: "Xəbərimiz var. Məktəbə cəlb edilməyən səkkiz yaşdan yuxarı uşaqlar üçün fərdi sinif açılmalıdır. Bu da nazirliyin səlahiyyətindədir. Şagirdlərin siyahısına düşmək üçün adlar sistemə düşməlidir. Biz kömək etməyə hazırıq. Növbəti dərs ilində qaydaya düşəcək. Əsas odur ki, Unuz kəndindən olan uşaqlar vaxtında məktəbə gələ bilsinlər".

Züngüləş kənd məktəbindən isə deyirlər ki, onlar qeydiyyata düşmək üçün yanvarda müraciət ediblər: "Yanvar ayında mümkün deyil. Növbəti dərs ilində müraciət etsinlər, sistemə düşməkdə kömək edək".

XS
SM
MD
LG