Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:40

Abdulla Abdullayev hakimi ittiham edir


AMAY ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev
AMAY ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev

İş adamı Abdula Abdullayev və onun işçilərindən biri barələrində çıxarılmış uzunmüddətli azadlıqdan məhrumetmə cəzasını hüquqa üsyan adlandıraraq apelyasiya şikayəti veriblər.

"Bu hökm dövlətə xəyanətdir, hüquqa üsyandır," - bunu "AMAY" Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev oktyabrın 30-da Bakı Apellyasiya Məhkəməsində çıxış edərək, barəsində çıxarılmış məhkəmə hökmünə münasibət bildirərkən dedi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu cinayət işi üzrə ümumilikdə 6 nəfər (Abdulla Abdullayev və daha 5 işçisi Nadejda İlyasova, Vidadi Qurbanov, Heydər Rzayev, Mehman Məmmədxanlı və Elşən Novruzov) məhkum olunub. Onlardan yalnız ikisi - Abdulla Abdullayev və Elşən Novruzov hökmdən apellyasiya şikayəti verib.

Oktyabrın 30-da Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə ilkin baxış keçirildi. Abdulla Abdullayevin vəkili Osman Kazımov müvəkkilinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması, eləcə də "Texnikabank"ın Müşahidə Şurasının sədri Etibar Əliyevin əlavə şahid qismində dindirilməsi haqda vəsatət qaldırdı.

Buna da bax: Fəhlələr maaş tələbilə etiraz aksiyası keçirir

“SÖHBƏT HANSI BİZNESDƏN GEDİR?”

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qanunsuz və əsassız olduğunu deyən vəkilin sözlərinə görə, Abdulla Abdullayevə heç bir aidiyyəti olmayan müəssisələr ona məxsus olması ehtimalı ilə müsadirə edilib. Osman Kazımov həmin müəssisələrlə bağlı hərtərəfli araşdırma aparılmasını istədi:

"Söz yığını olaraq yazıblar ki, Abdulla Abdullayev Sahibkarlığa Kömək Milli Fondundan götürülmüş 144 milyon 211 min 344 manatın bir hissəsini İranda naməlum biznes fəaliyyətinə sərf edib. Söhbət İrandakı hansı biznesdən gedir? Ortada heç bir sübut yoxdur.

Və yaxud "Qaradağ Tikinti Materialları" ASC tamam kənar şəxsin mülkiyyətində olduğu halda, hökmə əsasən, müsadirə edilib. Belə əsaslandırılıb ki, guya, müəssisə faktiki Abdulla Abdullayevə məxsusdur. Bu, nə deməkdir? Eyni məntiqlə, Şirvan Apellyasiya Məhkəməsinin qərarını faktiki Bakı Apellyasiya Məhkəməsinin qərarı hesab etmək olar".

Abdulla Abdullayev özü də apellyasiya şikayətinə obyektiv araşdırma aparılmaqla baxılması barədə yazılı vəsatət təqdim etdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün sifarişlə çıxarıldığını və cəfəngiyyat olduğunu vurğulayan Abdullayevin sözlərinə görə, prokurorluğun yazdıqları nöqtə-vergülünə qədər hökmə köçürülüb.

"Bu hökm prokurorluğun çaldığı hava ilə oynamaqdır. Müstəntiqin yazdıqlarını köçürüb, adını da qoyublar "Azərbaycan Respublikası adından hökm". Belə hökm dövlətə xəyanətdir, hüquqa üsyandır", - deyə AMAY-ın sahibi bildirdi.

Buna da bax: Prezidentlər nə etsinlər? (Forumda sən də fikrini de)

VƏSATƏTLƏR TƏMİN OLUNMADI

Dövlət ittihamını müdafiə edən prokuror Ceyhun Budaqov isə apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasını istədi.

Bir neçə dəqiqəlik müşavirədən sonra hakimlər işin məhkəmə baxışına verilməsi, apellyasiya şikayətinə istintaq aparılmadan və əlavə sübutlar tədqiq olunmadan baxılması barədə qərarı elan etdi. Vəkil Osman Kazımovun vəsatətləri də təmin olunmadı.

İş üzrə məhkəmə iclası noyabrın 13-nə təyin olundu.

Abdulla Abdullayev 2014-cü il aprelin 4-də həbs olunub. 2015-ci il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökmə əsasən, iş adamı dələduzluq, mənimsəmə kimi ittihamlarla 13 il azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunanlardan Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib.

XS
SM
MD
LG